Dramatik
rolların mahir ifaçısı…
Hamlet Xanızadənin
xatirə gecəsi keçiriləcək. Merkez.az xəbər verir ki, sentyabrın 30-da Akademik Milli Dram Teatrında milli teatr sənətinin görkəmli
simalarından olan əməkdar artist, Dövlət Mükafatı laureatı Hamlet Xanızadənin anadan
olmasının 70 illiyinə həsr olunmuş
xatirə gecəsi keçiriləcək. Dramatik rolların ölməz
ifaçısı Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz
açıb. Uşaqlığı Bakıda keçib,
orta təhsilini də məhz burada alıb. Ailəsi Hamlet
Xanızadənin aktyor olmasını istəməyib.
Amma balaca Hamletin qəlbində baş
qaldıran sənət həvəsi hər şeyə üstün gəlib. Hamlet
uşaqlıqdan teatra, kinoya
meylli olub. 50-ci illərin
sonlarında İncəsənət Universitetinə daxil olub.
Professional teatr fəaliyyətinə 1961-ci ildə
başlayıb. Həmin ildə Akademik
Dram Teatrında aktyor vəzifəsində fəaliyyətə
başlayıb. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı
aktyor kimi təqdim edib. Tədris teatrında, daha sonra isə Akademik Dram Teatrında yaratdığı rollar tamaşaçıların ürəyinə
yol tapıb. Milli teatr sənətimizin
ən böyük simaları ilə – Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli,
İsmayıl Osmanlı,
Hökumə Qurbanova,
İsmayıl Dağıstanlı
kimi korifeylərlə
tərəf-müqabil olub.
Hamlet Xanızadə Cəlil
Məmmədquluzadənin «Ölülər»,
«Dəli yığıncağı»
Nəriman Həsənzadənin
«Atabəyləri», Nazim
Hikmətin «Şöhrət
və unudulan adam», Hüseyn Cavidin «İblis», «Xəyyam», «Topal Teymur», Səməd Vurğunun «Vaqif», Uilyam Şekspirin «Antoni və Kleopatra», Fridrix Şillerin «Məkr və məhəbbət» əsərləri əsasında
hazırlanan tamaşalarda
müxtəlif obrazları
böyük sənətkar
məharəti ilə
yaradıb.
Hamlet Xanızadənin kinoda da parlaq
obrazları az
deyil. Bunlara misal olaraq, «Yeddi oğul istərəm» (Gizir), «O qızı tapın», «Axırıncı aşırım»
(Talıbov), «Arxadan vurulan zərbə” (İmaş), «Babək» (Xəlifə Mötəsim),
«Qətl günü»
(Sədi Əfəndi),
“Yaramaz” (zavod direktoru) filmlərində yaratdığı obrazları
göstərmək olar.
Hamlet Xanızadə 1990-cı il fevralın 22-də dünyasını dəyişib.
Cəvahir Səlimqızı
Mərkəz.- 2011.- 27 sentyabr.- S. 11.