Göyçək
Fatma
(nağıl)
Respublika Uşaq
Təşkilatı, Azərbaycan
Yazıçılar Birliyi
Uşaq Ədəbiyyatı
şöbəsi və
“Mərkəz” qəzetinin
təşəbbüsü
ilə hər
həftənin
cümə günü
qəzetimizdə uşaq
ədəbiyyatı
ilə bağlı
səhifə veriləcək. Uşaq
ədəbiyyatının keçmişi, bu günü və
sabahı, onun problemləri, müasir dövrdə onun vəziyyəti,
nəşri və yayımı, yeni çıxan kitablar,
uşaq mətbuatının indiki durumu, uşaq şeirinin
dili və müasirliyi, dərsliklərimiz haqqında
maraqlı yazılar səhifədə yer alacaq. Səhifədə
həmçinin, balaca oxucularımız nağıllar,
şeirlər, tapmaca və yanıltmaclar, müsahibələr
və müsabiqələr, eyni zamanda dünya uşaq
şeirindən maraqlı nümunələr oxuyacaqlar.
İnanırıq ki, kiçik yaşlı oxucularımız
səhifədə özlərini və öz şeirlərini
görə biləcəklər.
Biri var idi,
biri yox idi,
Allahın bəndəsi
çox idi, bir
kişiynən
bir arvad var
idi. Günlərin birində iş belə gətirdi
ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin
arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu
qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək,
odur ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir
qızı oldu, amma bu yaman kifir qız idi. Bu arvad gələn
gündən yetim Fatmanı gözü götürmədi.
Öz qızının adını da Fatma qoydu. Amma bu
qızıyla ögey qızı arasında asiman tafoutu var
idi. Yetim Fatma gözəl, göyçək bir qız, çirkin
Fatma isə qara, keçəl idi. Analıq yetim Fatma ilə
oğlana gün verib, işıq vermirdi. Onları gah suya, gah
oduna göndərirdi. Evdə qarabaş kimi işlədirdi.
Günlərin
birində arvad iki ayağını bir başmağa dirəyib
ərinə dedi:
-
Kişi, əgər bu uşaqları aparıb azdırmasan, səndə
oturmayacağam. Mənim bu uşaqlardan zəhləm gedir,
onlara daha mən baxa bilmirəm.
Kişi
nə qədər yalvar-yapış elədi ki, ay arvad,
insafın olsun, mən bu bir parça tifilləri hara
azdırım, yazıqdırlar, gedərlər, meşədə
qurd-quş yiyər. Arvadın hırı tutmuşdu, elə
nırx deyib durdu ki, əgər azdırmasan gününü
qara edəcəyəm. Kişi çox götür-qoy elədi,
gördü ki, ayrı əlacı yoxdur. Fatmaynan oğlunu
götürüb getdi meşəyə. Uşaqlarını
aldadıb dedi:
-
Balalarım, siz moruq, çiyələk
yığa-yığa gedin dərənin dibinə, mən də
bu biri tərəfdən bir az odun qırım,
axşamüstü gəlib sizi də götürərəm,
gedərik.
Uşaqlar
atalarının sözünə inandılar. Moruq, çiyələk
yığa-yığa lap meşənin sıx yerinə
çatdılar.
Sizə
kimdən deyim, kişidən. Kişi uşaqları aldadıb
bu tərəfdən ağlaya-ağlaya, kor-peşiman
qayıtdı evə. Axşam oldu. Qaranlıq
düşdü, meşədə göz-gözü
görmürdü. Ayı, canavar, pələng, şir meşəyə
bir nərilti, gurultu, inilti salmışdılar ki, vəhmədən
adamın bağrı çatlayırdı. Uşaqlar ha
gözlədilər, dədələri gəlib
çıxmadı. Axırda əlacsız qalıb bir
ağacın başına çıxıb orada gecələdilər.
Sabah tezdən durub başladılar bir cığırnan getməyə.
Az getdilər, üz getdilər, dərə-təpə düz
getdilər, gəlib bir bulağın başına
çatdılar. Fatmanın qardaşı yaman
susamışdı. Özünü tez verdi bulağın
başına, istədi sudan doyunca içə. Fatma qoymaq istəmədi,
elə bil ürəyinə dammışdı ki, bu suda bir
şey var. Fatma nə qədər elədi ki, qardaşı
sudan içməsin, olmadı. Oğlan ağzını
bulağın gözünə diriyib sudan doyunca içdi. O
saat dönüb oldu qara bir inək, Fatma üz-gözünü
cırıb şivən saldı ki, ay qardaş, sənə
demədimmi içmə, indi mən neyniyim, başıma
haranın daşını töküm.
Qardaşı
dedi:
-
Bacı, daha iş-işdən keçib, mənimki də beləymiş,
gəl gedək. Amma bu sirri nə
badə bir adama deyəsən ha!
Fatma inəyi də qabağına salıb
ayaq ləpiriynən o qədər getdi ki, meşədən
çıxdı. Bir dağın başına
çıxıb gördü ki, evləri uzaqdan
görünür. Düz gəldi evlərinə. Arvad
gördü ki, qız gəldi, amma yanında da bir qara inək.
Əvvəlcə üz-gözünü turşutdu,
qaş-qabağını tökdü, istədi qızı
qovlasın. Sonra fikirləşdi ki, oğlan yoxdur, yəqin
ölüb-itib, meşədə qalıb. Qız da ki, bir
yaxşı inəynən gəlib. İnəyi sağıb
yeyərik. Bir azdan sonra qızı yenə azdırarıq, o
da itib cəhənnəmə vasil olar.
Analıq hər gün Fatmanın əlinə
bir az yun verib inəyi otarmağa göndərərdi. Fatma
axşama kimi inəyi otarır, analığı verdiyi yunu da
didib əyirərdi. Bir gün yenə inəyi
otardığı yerdə bərk yel əsdi, yel Fatmanın
yumağını götürüb apardı. Fatma, "a yel
baba, yumağımı aparma", - deyə-deyə
yüyürürdü. Yel baba yumağı aparıb bir evin
bacasından içəri saldı. Fatma gəlib bu evin
qapısını döydü. İçəridən bədheybət
bir qarı çıxıb dedi:
- A bala, nə var, nə istəyirsən?
Fatma dedi:
- Qarı nənə, yel baba
yumağımı sənin bacandan içəri saldı, gəlmişəm
ki, onu verəsən.
Qarı dedi:
- A qızım, gəl mənim
başıma bax, sonra yumağını verim.
Fatma razı oldu, içəri girib
gördü qarının evi zir-zibillə doludur. Odur ki, dedi:
- Qarı nənə, süpürgəni
ver, evini süpürüm.
Qarı süpürgəni verdi. Fatma evi
süpürüb tər-təmiz elədi. Sonra da
başladı qarının başına baxmağa,
gördü ki, bunun başı doludu ilan-çayanla, baxdı
ki, qarının başında bitlər var tısbağa
boyda, birələr var qurbağa boyda.
Qarı dedi:
- A qızım, de görüm sənin
ananın başı qəşəngdi, yoxsa mənim? Mənim
birələrim qəşəngdi, yoxsa onun.
Fatma dedi:
- Ay nənə, əlbəttə, sənin
başın qəşəngdi. Sənin bit, birələrin də
lap sərçə, bülbül kimi şeylərdi.
Bu sözlər qarının xoşuna gəldi,
odur ki, dedi:
- Bala, buradan gedəndə qabağına 3
bulaq çıxacaq, birinin suyu dümağ - süd kimi, o
birininki qapqara - şəvə kimi, birinin də suyu
qıpqırmızı - lalə kimi. Ağ suda soyunub
çimərsən, qara sudan da saçına, qaşına,
kirpiyinə çəkərsən. Qırmızı sudan da
yanaqlarına, dodaqlarına çəkərsən. Sonra gedib
qara inəyin bir buynuzundan yağ, birindən də bal əməcəksən.
Fatma qarının yanından
çıxıb gəldi, yolda günçıxan tərəfdə
qabağına bir bulaq çıxdı, suyu dümağ -
süd kimi, girib suda çimdi. Bir az gedib günbatan tərəfdə
də bir bulağa rast oldu. Bu bulağın suyu da qapqara idi.
Fatma bu suyla başını yuyub, bir az da qaşına,
kipriyinə çəkdi. Qırmızı sudan da bir az
yanaqlarına, dodaqlarına çəkdi. Fatmanın gözəlliyi
bir idi, indi oldu min. Fatma elə bir gözəl qız oldu ki,
heç misli-bərabəri olmadı. Aya dedi, sən
çıxma, mən çıxacağam, günə dedi, sən
çıxma, mən çıxacağam. Yanaqlar
qıpqırmızı alma kimi, dodaqları qaymaq, dişləri
inci, gözü maral gözü. Nə deyim, bir baxan deyərdi
bir də baxaydım.
Fatma düz gəlib çıxdı qara
inəyin yanına, onun başını, gözünü
sığallayıb başladı buynuzlarını əmməyə,
gördü ki, doğrudan da, inəyin bir buynuzundan yağ,
birindən də bal gəlir. Fatma hər gün inəyin
buynuzlarını əmib elə kökəldi ki, lap
balığa döndü. Fatmanın analığının
bu işə həm paxıllığı tutdu, həm də
mat qaldı ki, görən, Fatma neyləyir ki, belə kökəlib,
qəşəngləşir. Odur ki, sabahdan öz keçəl
qızını da qoşdu Fatmanın yanına ki, o da
naxıra gedib qəşəngləşsin.
İş belə gətirdi ki, yenə bərk
bir yel qopdu, bu dəfə də yel keçəl Fatmanın
yununu götürüb apardı. Yun gedib həmin
qarının bacasından içəri düşdü.
Keçəl Fatma yunun dalınca qaça-qaça gedib
qarının evinə çıxdı. Qapını
döyüb yununu istədi. Qarı qızı içəri
çağırıb dedi:
- A qızım, gəl başımı
bitlə, sonra yununu verim.
Qız qarının başına baxıb
gördü ki, bit-birəylə doludur. "Tfu" eləyib
geri çəkildi. Qarı dedi:
- A qızım, mənim başım təmizdi,
yoxsa sənin ananın?
Qız dedi:
- Allah vurmuşdu səni, başın ilan
qurbağayla doludur, əlbəttə, anamın başı
yaxşıdır.
Qarı bir altdan yuxarı baxıb dedi:
- A qızım, sən ki, belə dedin, ala
yununu verirəm, amma burdan gedəndə qabağına
üç bulaq çıxacaq. Birinin suyu qara, birinin suyu
ağ, o birininki də qırmızı. Sən əvvəlcə
qara suya girib çimərsən, sonra ağ suynan
başını yuyub, bir az da qaşına, kipriyinə,
qırmızı sudan da alnına sürtərsən. Sonra da
qara inəyin döşlərini əmərsən.
Qız qarının yanından
çıxıb yolda qara suyla çimdi, ağ sudan
qaşına, kipriyinə çəkdi, qırmızı
sudan da alnına sürtdü. Əvvəldən də bir
şey olmayan keçəl Fatma dönüb oldu qara qul: hər
yeri oldu qapqara - kösəy kimi. Bircə dişləri,
gözləri ağarırdı. Keçəl Fatmanın
heç nədən xəbəri yox idi. Gəlib inəyin əmcəyini
ağzına salıb başladı sormağa, gördü ki,
ağzına irin gəlir, tez başladı inəyin o biri məməsini
əmməyə, gördü ki, bundan da qan gəlir. Durub
kor-peşiman evlərinə gəldi. Anası qızına
baxan kimi əllərini iki dizinə vurub dedi:
- Bıy, başına güllər, ay
qız sənə nə oldu ki, bu günə
düşdün?
Qız başına gələni
anasına söylədi. Daha iş-işdən
keçmişdi. O gündən keçəl Fatmanı
anası evdən heç yerə buraxmadı. Amma göyçək
Fatma hər gün inəyi aparıb otarır, özü də
günü-gündən qəşəngləşirdi.
Qəşəm
Nəcəfzadə
Mərkəz.-
2011.- 7 yanvar.- S. 10.