«Baş
örtüyü ilə bağlı problem yoxdur»
Mübariz
Qurbanlı: «İranın Azərbaycanın daxili işlərinə
qarışmağa nə siyasi, nə də mənəvi
haqqı var»
Yeni Azərbaycan Partiyasının
(YAP) icra katibinin müavini, millət vəkili Mübariz
Qurbanlı partiyanın saytına müsahibə verib.
Müsahibəni diqqətinizə çatdırırıq.
-
Son vaxtlar İranın bəzi dini xadimləri
çıxışlarında baş örtüyü məsələsini
bəhanə edərək, Azərbaycandakı ictimai-siyasi vəziyyətlə
əlaqədar düzgün olmayan məlumatlar
yaymaqdadırlar. Sizin
bu məsələyə münasibətiniz necədir?
- Hər kəsə bəlli olduğu
kimi, ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan Azərbaycanın xarici siyasət strategiyasında balans
prinsipi mühüm yer tutur. Azərbaycan dövləti bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
xarici siyasətimizdəki bu prinsipə istinad edərək,
bütün ölkələrlə (təcavüzkar Ermənistan
istisna olmaqla), o cümlədən İran İslam
Respublikası ilə mehriban qonşuluq siyasətini həyata
keçirir. Azərbaycan və İran qonşu ölkələrdir.
Azərbaycanla İran arasında münasibətləri tənzimləyən
çoxsaylı sənədlər imzalanıb. Bununla
yanaşı, Azərbaycan Respublikasının xarici siyasətində
dinc yanaşı yaşamaq və daxili işlərə
qarışmamaq prinsipi də əsas yerlərdən birini
tutur.
Məlumdur ki, İran İslam
Respublikası öz daxili siyasətində müxtəlif
addımlar atır, qanunlar qəbul edir. Azərbaycan
Respublikası isə İranın həyata keçirdiyi daxili
siyasətə müdaxilə etməyib, qonşu dövlətin
daxili işlərinə qarışmayıb və İran
xalqının seçiminə hörmətlə
yanaşıb. Ola bilsin ki, Azərbaycanda bəzi insanlar,
ayrı-ayrı mətbu orqanlar, eyni zamanda, siyasətşünaslar
İranın daxilində həyata keçirilən bu və ya
digər siyasi xətti bəyənməsin, onunla
razılaşmasın və bununla bağlı öz fikirlərini
ifadə etsinlər. Amma bunlar heç də həmişə
Azərbaycan dövlətinin rəsmi mövqeyi olmayıb.
Heç bir zaman Azərbaycan hakimiyyətinin nümayəndələri,
dövlətin idarəçiliyində təmsil olunan şəxslər
çıxışlarında Azərbaycan-İran münasibətlərinə
xələl gətirə biləcək fikirlərə yer verməyiblər.
Amma təəssüflər olsun ki, son vaxtlar İranın din
xadimləri çıxışlarında İran-Azərbaycan
münasibətlərinə xələl gətirən fikirlər
səsləndirirlər. Bəllidir ki, İranın bəzi
dini nümayəndələri çıxışlarında
baş örtüyü məsələsinə istinad edərək,
Azərbaycanın daxili siyasətini tənqid etməyə cəhd
göstəriblər. Onlar həm İranın, həm də
dünya ictimaiyyətinin diqqətinə belə bir fikir
çatdırmağa çalışırlar ki, guya Azərbaycanda
dövlət səviyyəsində qadınların baş
örtüyündən istifadə etməsinə qadağalar
qoyulur, bununla əlaqədar olaraq, hökumət hansısa
addımlar atır. Əlbəttə ki, bu, yolverilməz
haldır və Azərbaycan-İran münasibətlərinə,
dövlətlərimizin əməkdaşlıq ruhuna uyğun
deyil.
- Bəs, Azərbaycanda əsl
vəziyyət
necədir?
- Əslində, vəziyyət
İranın bəzi din xadimlərinin, eyni zamanda, İran
parlamentinin bir sıra deputatlarının söylədiyi, təsvir
etdiyi kimi deyil. Azərbaycanda heç vaxt baş
örtüyündən istifadə hansısa qanunla və ya qərarla
qadağan edilməyib. Azərbaycan əhalisinin əksəriyyəti
müsəlman olan ölkədir. Ölkəmizdə İslam
dininə böyük hörmət və ehtiramla
yanaşılır. Eyni zamanda, Azərbaycan dünyəvi
dövlətdir və burada din dövlətdən
ayrıdır. Ölkəmizdə «Dini etiqad
azadlığı haqqında» Qanun da fəaliyyətdədir və
dövlət də millli-mənəvi dəyərlərimizin
qorunması istiqamətində böyük işlər
görür. Qeyd edim ki, bu istiqamətdə ulu öndər Heydər
Əliyev tərəfindən səmərəli addımlar
atılıb. Ümummilli lider Heydər Əliyev dövlət
quruculuğunu həyata keçirərkən, Azərbaycan
Respublikasının Konstitusiyasının müəllifi kimi,
Ali Qanunumuzda vicdan azadlığı məsələsinin də
yer almasında əhəmiyyətli rol oynayıb. Bu gün isə
cənab Prezident İlham Əliyev dini etiqad
azadlığının həyata keçirilməsi istiqamətində
dövlət səviyyəli tədbirlərin keçirilməsinə
şərait yaradır. Bəllidir ki, Azərbaycanda Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bir sıra məscidlər bərpa olunub, inşa edilib.
Yəni bu günə qədər Azərbaycanda insanların
dini etiqad azadlığı tam şəkildə təmin
edilib və bundan sonra da ediləcək. Bu mənada söyləyim
ki, Azərbaycanda baş örtüyündən istifadəyə
qadağa qoyulmayıb və bununla bağlı dövlət,
hökumət səviyyəsində hansısa qadağanı
ifadə edən fikirlər səslənməyib. Ona görə
də İranda bəzi dairələrin yalnış fikirlər
səsləndirməsi, xüsusilə də, baş
örtüyü məsələsi ətrafında
spekulyasiyalara yol verməsi tam əsassızdır və
yersizdir. Əlbəttə ki, olmayan və ya yol verilməyən
bir məsələyə görə, Azərbaycanı
qınamaq cəfəngiyyatdan başqa bir şey deyil.
Azərbaycanda baş örtüyü
ilə bağlı problem yoxdur. Bu problemi kimlərsə
süni şəkildə qabartmağa çalışır.
Görünür ki, bəzi dairələr məxsusi şəkildə
mövcud olmayan bir məsələdən istifadə edərək,
Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa cəhd
göstərir. Təbii ki, bütün bunlar yolverilməzdir.
Azərbaycan tam müstəqil dövlətdir və müstəqil
siyasət yürüdür. Azərbaycan dünyəvi dəyərləri
öz siyasi həyatına tətbiq edərkən, eyni zamanda,
dini inancla bağlı hansısa fəaliyyəti həyata
keçirərkən, bunu kimlərinsə xoşuna gəlmək
üçün etmir. Bu Azərbaycanın seçdiyi yola
uyğun olaraq atılan addımlardır və kimlərinsə
fikirləri dövlətimizi öz mövqeyindən döndərə
bilməz.
Digər tərəfdən bildirim ki,
bu gün Azərbaycanın daxili siyasətilə bağlı
atdığı addımlar haqqında İranda səhv fikirlərin
səsləndirilməsi dövlətlərimiz
arasındakı münasibətlərin və əməkdaşlığın
ruhuna, mehriban qonşuluq siyasətinin prinsiplərinə, imzalanmış
sənədlərin tələblərinə uyğun deyil. Yəni
İranın hansısa bir formada Azərbaycanın daxili
işlərinə qarışmağa nə siyasi, nə də
mənəvi haqqı var. Nəinki İranın, digər
başqa dövlətlərin də buna haqqı yoxdur. Azərbaycanda
bütün işlər qanunlar çərçivəsində
həyata keçirilir. Azərbaycanın bu seçimi
xalqımızın iradəsini, cəmiyyətimizin istəyini
ifadə edir. Xaricdən kimlərinsə Azərbaycanın qəbul
etdiyi qərarlara, ölkəmizdə həyata keçirilən
siyasətə irad tutması qətiyyətlə rədd
edilir.
- Azərbaycanda orta təhsil
məktəblərində
vahid formaya keçidlə
bağlı yekun
qərar oldu.
Bəzi xarici dairələr bu məsələ ilə də
bağlı həqiqətəuyğun olmayan fikirlər səsləndirirlər.
Buna münasibətinizi bilmək istərdik…
- Bir daha qeyd edirəm ki, Konstitusiyada
da göstərildiyi kimi, Azərbaycan hüquqi, dünyəvi,
demokratik və unitar dövlətdir. Dünyəvilik prinsipinə
uyğun olaraq, Azərbaycanda təhsil sistemi də dünyəvi
xarakter daşıyır. Azərbaycanın orta və ali təhsil
ocaqlarında ictimai-humanitar elmlərlə yanaşı, dini
dünyagörüşü haqqında da kifayət qədər
məlumatlar, biliklər verilir. Azərbaycan dünyəvi
dövlət olduğuna görə, təhsil prosesində də
bu özünü açıq şəkildə göstərməlidir.
Bununla əlaqədar olaraq, Azərbaycanın təhsil
ocaqlarının fəaliyyəti dünyəvilik prinsipinə
uyğun şəkildə qurulur.
Təhsil Nazirliyinin xəttilə
ölkəmizin təhsil ocaqlarında vahid məktəbli
formasına keçidlə bağlı fikirlər səslənib
və təhsil müəssisələri də buna müvafiq
olaraq, vahid məktəbli formasına keçid haqqında qərar
qəbul ediblər. Bu vahid forma isə həmin məktəblərdə
təhsil alanlara aiddir. Təhsilin hansı formada həyata
keçirilməsini və nə cür formanın tətbiqini
hər bir dövlət özü müəyyən edir. Bu
gün dünyanın müxtəlif ölkələrində
vahid məktəbli forması tətbiq olunub. Sual olunur: bu
günə qədər hansısa azərbaycanlı bir siyasətçi
İrandakı məktəblilərin formaları ilə
bağlı hansısa xoşagəlməz fikir söyləyibmi?
Əlbəttə ki, yox. Bu, İranın daxili işidir,
qarşısına qoyduğu perspektiv məqsədlərdən
asılı olaraq, onun seçimidir. Bu mənada, İranda Azərbaycan
məktəblərində vahid formaya keçidin baş
örtüyü məsələsilə əlaqələndirilməsi
də tamamilə qəbuledilməzdir.
Səxavət HƏMİD
Mərkəz.- 2011.- 18 yanvar.- S.5.