«20 Yanvar» anıldı

 

«20 Yanvar - Qanla yazılan tarix və susan dünya ictimaiyyəti» mövzusunda elmi-praktik konfrans keçirildi

 

Beynəlxalq Diaspor Mərkəzinin (BDM), Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, 20 Yanvar cəmiyyətinin və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə dünən 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunan «20 Yanvar - Qanla yazılan tarix və susan dünya ictimaiyyəti» mövzusunda elmi-praktik konfrans keçirildi. Bakı Avrasiya Universitetinin konfrans salonunda keçirilən tədbiri açan universitetin prorektoru, yazıçı-publisist Firuz Mustafa öncə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. 20 Yanvar hadisələri ilə bağlı vaxtilə tutduğu gündəliyin ötən il ölkədə çıxan gündəlik qəzetlərin birində «20 Yanvar. Əvvəl və sonra» adlı 20-dək silsilə publisistik yazı şəklində çap edildiyini bildirən F.Mustafa 20 Yanvar hadisələrinin Azərbaycanın daxil olduğu imperiyanın mahiyyətini bir günün içərisində açdığını vurğuladı. Onun sözlərinə görə, eyni zamanda, həmin hadisələr zamanı Azərbaycan xalqının da mahiyyəti açıldı: «1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının imperiya daxilində yaşamasının qeyri-mümkün olduğunu göstərdi. Üstündən iki onillikdən çox vaxt keçdikdən sonra biz 20 Yanvar hadisələrinin qaçılmaz bir proses olduğunu daha yaxşı dərk edirik». Baş verən hadisələrin həmin vaxt beynəlxalq aləmdə əks-səda vermədiyini təəssüflə qeyd edən F.Mustafa Bakıdan öncə Baltikyanı ölkələrdə və Gürcüstanda baş verən analoji hadisələrin dünya çapında daha geniş rezonans doğurduğunu bildirdi.

20 Yanvar cəmiyyətinin sədri Sultan Əzimzadə 20 Yanvar hadisəsinə aparan yola nəzər saldı. O qeyd etdi ki, bu hadisə SSRİ rəhbərliyinin sadəcə bir günün içərisində Bakıya qoşun yeritməsi deyildi: «Bu hadisə Sovet imperiyasının Azərbaycan xalqına qarşı zaman-zaman tutduğu subyektiv mövqenin nəticəsi kimi ortaya çıxmışdı. Bu proses 1988-ci ildə Topxana meşələrinin qırılması ilə başladı. Sonra Qərbi Azərbaycandan 250 mindən artıq soydaşımız köçkün düşdü. Ermənistan Ali Soveti tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul olundu. Bu hadisələrə SSRİ rəhbərliyi səviyyəsində heç bir reaksiya verilmədi. Əksinə, ermənilərin mövqeyi müdafiə olunurdu. Bütün bunlar xalqın etirazına səbəb oldu. Bir faktı da qeyd edim ki, indiyədək dünya tarixində eyni vaxtda 2 milyon nəfər insanın öz etirazını bildirməsi üçün toplaşdığı bir proses olmamışdı. Bu etirazı məhz Azərbaycan xalqı edə bildi. Məhz 20 yanvarda tökülən qanlardan sonra Azərbaycan xalqı öz müstəqilliyini qazandı».

Politoloq cümşüd Nuriyev bildirdi ki, 20 Yanvar hadisəsi təkcə faciə deyil, Azərbaycan xalqının qələbəsi günü kimi qeyd olunmalıdır: «Xalq həmin hadisələr vaxtı artıq ideoloji cəhətdən hazır idi. 1988-ci il hadisələrindən, xüsusən dekabrın 5-də «Azadlıq» meydanında baş verən hadisələrdən sonra xalqda inamsızlıq yaranmışdı. Lakin Azərbaycan cəmiyyətində hələ də müəyyən qüvvələr var idi ki, Moskvaya inanırdı və hələ də, necə deyərlər, şimala istiqamətlənirdilər. 20 Yanvar hadisəsi isə Azərbaycanın istiqamətini birmənalı şəkildə müstəqilliyə doğru yönəltdi». c.Nuriyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin yanvarın 22-də Moskvada ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat konfransı keçirilərək verildiyini vurğuladı.

Professor Vaqif Arzumanlı 20 Yanvar hadisəsinə dünyanın əksər ölkələri tərəfindən hüquqi və siyasi qiymət verilmədiyini önə çəkdi. V.Arzumanlı faciə ilə bağlı indiyədək açılmamış sirlərin qaldığını, hadisənin baiskarlarının Azərbaycan xalqından üzr istəməyə məcbur edilmədiklərini əlavə etdi: «Amma gürcülər Tiflisdə baş verənlərə, litvalılar Vilnüs hadisələrinə görə Qorbaçovu üzr istəməyə məcbur edə biliblər. Çünki biz özümüz hələ də bu məsələdə yekdil mövqeyə gələ bilməmişik». Çıxışçı həmçinin baş vermiş hadisəni xalqın uzun illər apardığı mübarizənin vulkan şəklində püskürməsinə bənzətdi.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1988-ci ilin Sumqayıt hadisələrinin, 20 Yanvar faciəsinin, Xocalı qətliamının bir-birinə bağlı olduğunu vurğuladı: «Biz bu hadisələrə kompleks yanaşmalıyıq. Sovet imperiyasının və erməni lobbisinin bu hadisələri törətməkdə məqsədi Azərbaycan xalqının istiqlal arzusuna öncədən zərbə vurmaq və bizim vəhşi obrazımızı yaratmaq idi. Çünki həmin vaxt buna çox böyük ehtiyac var idi. 1988-ci il dekabrın 7-də Ermənistanda baş verən zəlzələni də Kremllə Ermənistan rəhbərliyi birgə planlaşdırmışdılar. Məqsəd «məzlum erməni xalqı» obrazını bir qədər də gücləndirmək, dünyanın digər ölkələrində yığdıqları silah-sursatın və digər növ ehtiyatların Ermənistana daşınması idi». R.Zeyni də baş verən hadisəyə indiyədək dünya ölkələrinin parlamentlərinin münasibət bildirməməsini qeyd edərək bu sahədə təbliğat işlərinin gücləndirilməsinin vacib olduğunu vurğuladı: «Üstündən 21 il keçdikdən sonra belə bu hadisəyə hüquqi-siyasi qiymət verilməməsi bizi ruhdan salmamalıdır. Ahısxa türklərinin deportasiyasından 65 il sonra nail olduqları nəticə bizə bizim üçün bir örnək də ola bilər». R. Zeyni BDM-in, 20 Yanvar cəmiyyətinin və Milli QHT Forumunun bazasında məlum hadisələri araşdıran işçi qrupu yaradılmasını təklif etdi.

BDM sədri İsmayıl Ağayev 21 il öncə baş vermiş hadisələrin xalqımızın qan yaddaşı olduğunu və müstəqilliyimizin əldə olunmasında həmin günlərin müstəsna yer tutduğunu bildirdi. Onün sözlərinə görə, bu hadisələrin araşdırılması vacibdir: «Çox təəssüf ki, Avropada bu hadisələrlə bağlı məlumatsızlıq hökm sürür. Biz ötən il çexiyalı alimləri Bakıya dəvət edib onlara bu barədə məlumatlar verdik. Onlar bir alim, ziyalı kimi özlərini qınayaraq dedilər ki, «20 il əvvəl Azərbaycanda qətliamlar baş verərkən biz pivə içməklə məşğul olmuşuq». İ. Ağayev hazırda 20 Yanvar hadisələrinin ildönümünün xaricdə yaşayan soydaşlarımız tərəfindən geniş qeyd edildiyini, BDM-in xarici ölkə təmsilçiliklərinin də bu kimi bir sıra tədbirlər təşkil etdiklərini vurğuladı. BDM rəhbəri 20 Yanvar faciəsi zamanı şəhid olan İlham və Fərizənin xatirəsinin əbədiləşdirilməsi üçün onların vaxtilə yaşadıqları Alatava qəsəbəsinə adlarının verilməsi təklifi ilə müvafiq qurumlara müraciət ünvanlanmasını təklif etdi. İ. Ağayev hadisə zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin üzvlərinin sosial hüquqlarının təminatı üçün müraciət ünvanlanmasını da vacib saydığını dilə gətirdi.

Daha sonra 20 Yanvar hadisələrinin iştirakçıları - Arif Məhərrəmov, Əsəd Əsədzadə 21 il öncə baş vermiş hadisənin mahiyyətinə görə bəşər tarixində törədilmiş vəhşilik, vandalizm kimi insanlığa qarşı ağır cinayətlərdən biri olduğunu vurğuladılar.

Konfransın yekununda iştirakçılar adından 20 Yanvar hadisələrinin 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edildi. Bəyanatda təəssüflə bildirilir ki, dünya ictimaiyyəti, Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu dəhşətli hərbi cinayət aktına biganəlik nümayiş etdirməkdədir: «Bu gün ABŞ və Qərbin digər aparıcı dövlətləri zaman-zaman qondarma erməni «soyqırımı»na münasibət bildirir, müxtəlif ölkələrin parlamentləri qondarma «soyqırım»la əlaqədar qərarlar qəbul edirlər. Lakin nədənsə sovet ordusunun Azərbaycan xalqına qarşı 20 yanvar 1990-cı ildə törətdiyi hərbi cinayət və daha sonra Rusiyanın bilavasitə iştirakı ilə ermənilərin 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətləri dünyanın aparıcı dövlətlərinin diqqətindən kənarda qalmaqdadır. Bütün bunları qeyd edərək, konfrans iştirakçıları adından dünyanın aparıcı birliklərindən, beynəlxalq təşkilatlarından 1990-cı ilin 20 yanvarında sovet rəhbərliyi tərəfindən həyata keçirilən hərbi təcavüzə hüquqi-siyasi qiymət verilməsini, bu vandalizm aktının təşkilatçılarının cəzalandırılmasını tələb edirik».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2011.-18 yanvar.- S.4.