BŞTİ nazir qarşısında hesabat verdi

 

Nailə Rzaquliyeva: «Ötən il 5867 müəllim ixtisasartırma kurslarına göndərilib»

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil naziri qarşısında hesabat verib. Bu barədə məlumatı «Mərkəz» qəzetinə Təhsil Nazirliyinin mətbuat xidməti verib. Məlumata görə, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva rəhbərlik etdiyi qurumun strukturu, fəaliyyət istiqamətləri barədə danışıb, təhsildə idarəetmənin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən, müəllim, məktəb və şagirdlərin sayı barədə statistik göstəricilərdən bəhs edib. N.Rzaquliyeva bildirib ki, müəllimlər müsabiqə yolu ilə işə götürülərkən məktəbdə həmin ixtisas üzrə işləyən müəllimlərin orta dərs yükünün ən azı 18 saat olması ciddi tələb kimi qarşıya qoyulub. İdarə müdiri BŞTİ-nin tabeliyindəki məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil məktəblərində tədrisin vəziyyəti, aparılan təmir-tikinti işləri barədə göstəriciləri nəzərə çatdırıb.

Həmçinin, Bakıdakı ümumtəhsil məktəblərinin V-XI siniflərində təhsil alan 21 şagirdə bir kompyuter nisbətinin təmin edildiyini söyləyib.

Nailə Rzaquliyeva bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 264-ü genişzolaqlı internet şəbəkəsinə, bütün məktəblər lokal şəbəkəyə, bir sıra tədris ocaqları isə “Elektron məktəblayihəsinə qoşulub. Audiovizual dərs vəsaitlərinin tətbiqi yönündə görülən işlərə toxunan N.Rzaquliyeva paytaxtın əksər məktəblərində biologiya, fizika, Azərbaycan tarixi kimya fənlərinin artıq elektron dərsliklər əsasında tədris edildiyini nəzərə çatdırıb. Ötən illərlə müqayisədə 2010-2011-ci dərs ilində ali məktəblərə qəbul imtahanlarında Bakı məktəblərini bitirənlərin 44,83 faizinin tələbə adı qazandığını önə çəkən idarə müdiri xarici ölkələrin ali məktəblərinə xüsusitəyinatlı ali məktəblərə qəbul olunanlarla birlikdə bu göstəricinin 48 faizə yüksəldiyini deyib.

Hesabat ilində müxtəlif bilik yarışları, konkret mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat müsabiqələri, baxış-sərgilər və idman turnirlərinin keçirildiyini söyləyən Nailə Rzaquliyeva qazanılan uğurları nəzərə çatdırıb. O qeyd edib ki, ötən il 5867 müəllim ixtisasartırma kurslarına, 2014 müəllim müxtəlif tematik kurslara, I-III siniflərdə dərs deyəcək 1681 müəllim isə kurikulum kurslarına cəlb olunub.

Daha sonra metodik xidmətin yaxşılaşdırılması sahəsində görülmüş işlər, müəllimlərin dərs yükü barədə məlumat verən N.Rzaquliyeva vahid məktəbli formasına keçilməsi üçün atılan addımlardan bəhs edib. O, idarəyə daxil olan ərizə və müraciətlər, vətəndaşların qəbulu ilə bağlı göstəriciləri sadalayıb, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün irəli sürülmüş müvafiq təklifləri nəzərə çatdırıb.

Sonda təhsil naziri Misir Mərdanov hər iki hesabatda səslənən fikirlərə münasibət bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2011.- 19 yanvar.- S. 8.