«Şahmar Ələkbərov
dedi ki, qaçın,
girin bizim evə»
«17-20
yaşlarında cavan bir
oğlan yumruqları ilə tankı
döyəcləyir və söyürdü»
Azərbaycan xalqı
qan yaddaşımıza
əbədi həkk olunan
«20 Yanvar» hüzn gününü qeyd edir. Düz 20 il bundan əvvəl
rus əsgərləri
doğma vətənimizə soxularaq əliyalın camaatı qanına qəltan elədi. Şəhid
verdik. Amma bununla bərabər, müstəqilliyimizi
qazandıq. Bizi o faciədən 20 illik zaman kəsiyi ayırsa da, yanvar ayının
19-dan 20-nə keçən gecə «qanlı Yanvar»
kimi əbədi olaraq hafizəmizdə iz saldı.
Həmin gecənin şahidləridən
biri də tanınmış aktyor və rejissor Elxan Qasımovdur. Acı təəssüratlarını
ilk dəfə olaraq «Mərkəz»lə paylaşan
Elxan müəllimin
dediyinə görə, yanvarın 19-da gecə saat
12-də çalışdığı
Cəfər cabbarlı adına Kinostudiyadan
iş yerinin
yaxınlığında yerləşən evinə
qayıdırmış: «Biz kinostudiyanın işçiləri
peşəmizlə bağlı gecəyarısına qədər
işdə olurduq, həmin
gecə də işdən gec
çıxdım. Hava çox sakit
idi, bunu fırtınaqabağı sakitlik
adlandırmaq olardı. Yuxarıya sarı getdim,
keçmiş «İskra»
zavodunun yanında barrikada qurulmuşdu, Nemət Pənahlı
işıqforun yanında maşının üstünə
çıxıb, nümayişçiləri sakitləşdirir
və onları inandırmağa çalışırdı.
Deyirdi ki, «getməyin,
dağılmayın, onlar sizə toxunmayacaqlar» və
s. Mən yolun ortasıyla gedib yaşadığım binanın
həyətinə girdim və
7-ci mərtəbədə yerləşən mənzilimə
qalxdım. Fikrim balkona
çıxıb, hadisələri seyr etmək idi. Onu da deyim
ki, həyətdə hər kəs çaşqın vəziyyətdə
qalmışdı. Evə daxil olan kimi balkona
çıxdım, nəsə narahat idim. Bir-iki saatdan
sonra atışma səsi
gəldi, biranlığa tanklar hücum çəkdi. Aləm dəydi
bir-birinə. Vay-şivən səsi gecənin sakitliyini
pozdu. Baş verənlər
bizə yuxu kimi gəlirdi,
hələ də faciə törədiləcəyinə
inanmırdıq. Tez aşağı
endim, oğlum rəhmətlik Samirlə bir oğlan uşağının vuruldğunu
gördük. Gördüyü
mənzərədən sarsıntı keçirən Samirin rəngi ağappaq ağardı və huşsuz
vəziyyətdə divara
söykəndi. Tez onu
yuxarı çıxardım və hadisələri
balkondan izləməyə
başladım. Məndən bir mərtəbə yuxarıda
yaşayan kinostudiyanın
işçisi-operator İsrafil
Ağayev öz
kamerası ilə baş verənləri
çəkirdi. Tanklardakı əsgərlər qabaqlarına
çıxanı güllələyirdilər.
Aşağıdan yuxarı-balkonlara da atəşlər açılırdı.
Başımı əyməsəydim, güllələrdən
biri mənə dəyəcəkdi.
Yadımdadır ki, küçədə
sürücülər təcili yardım
maşınlarının qapılarını açıq qoyaraq ora-bura sürürdülər ki,
camaatı içinə
doldursunlar. Həmin təcili yardımlardan biri bizim həyətə
də girmişdi. canını
qurtarmaq istəyən insanlar
küçələrdən həyətlərə doluşurdular.
Çox adam qorxusundan qapısını
belə açmırdı.
Qapılarını bərk-bərk bağlayıb, heç kimi içəri buraxmırdılar, elə
bilirdilər rus əsgərləri
tankdan enib, onların evinə hücum çəkəcək. Allah rəhmət eləsin, bizimlə eyni binada 2-ci mərtəbədə
yaşayan böyük
aktyorumuz Şahmar Ələkbərov balkonda
özünü öldürürdü
ki, «ayə, tez olun, qaçın, girin bizim evə». Güllələr onun başı üstündə yağış kimi yağırdı, amma
onu heç nə qorxutmurdu. Görünür, onu
yalnız insanların xilası düşündürürmüş.
Pənah gətirənlərin
hamısına evində sığınacaq verdi,
amma bir dəfə də
olsun o, heç yanda bu barədə
danışıb, özünü öymədi».
Həmsöhbətimiz deyir
ki, kinostudiyada-dublyaj
şöbəsində işləyən Faiq
Babayev heç nə
olmamış kimi tankların
ortasında gəzsə də, sağ qalıb: «O da yadımdadır ki, 17-20
yaşlarında cavan bir
oğlan yumruqları ilə tankı
döyəcləyir və söyürdü.
Heç bilmədik, o
cavan oğlanı
öldürdülər, ya yox. Onu da
deyim ki, söyüş səsi küçəni başına götürmüşdü. Hamı
rusca əsgərlərə
söyüşlər yağdırırdı; «Əclaflar», «Siz insan deyilsiniz»
və s. Bir məqamı da
qeyd edim ki, rus əsgərləri
yanğınsöndürənlərin paltarından
geyinmişdilər, qulaqlarının yanından
yanğınsöndürənlər kimi rezinlər sallanırdı, çoxu
da buna görə, əsgərləri
uzunsaçlı kimi təsvir
edirdilər.
Ayın 20-i səhər küçəyə
çıxdıq, gördük hər yer qana
boyanıb. Üstündə də qərənfillər. Həmin
gün mən də daxil olmaqla
kinostudiyanın bir qrup işçisi Abşeron mehmanxanasının
eyvanından baş verən olayları kameraya çəkirdik. Mehmanxananın
giriş-çıxışında da rus əsgərləri
dayanmışdı, girib-çıxanları
yoxlayırdı. Orda çalışan
xadimə qadınlar bizim
çəkdiyimiz kasetləri
zibil qutularında gizlədib,
bayıra çıxarır, lazımi ünvanlara
çatdırırdılar. O qadınlar çox-çox
kişidən qeyrətli
çıxdılar. Elə kişilər vardı,
kamerasını istədik, bizə vermədi ki,
ruslar alıb
sındırar. Həmişə arzulamışam ki, mehmanxanada çalışan xadimə xanımlardan birini görəm və əllərindən öpəm.
Cəvahir Səlimqızı
Mərkəz.- 2011.- 20 yanvar.- S. 15.