«Şəhidlərimizə
ağlamaq deyil, öygü yağdırmaq lazımdır»
«21 ildir
müşahidə edirəm ki, yanvarın 19-20-si hava eynən
90-cı ilin həmin günlərinin havasıdır»
Azərbaycan xalqının tarixinə
“Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20
Yanvar hadisələrindən 21 il keçir. Keçmiş
sovet dövlətinin hərb maşınının həmin
gün Azərbaycan xalqına qarşı həyata
keçirdiyi vəhşi terror aktı insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən
biri kimi bəşər tarixində qara səhifə olaraq
qalacaq. Milli azadlığı, ölkəsinin ərazi
bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə günahsız
insanın qətlə yetirilməsi və yaralanması
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar
mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi.
1990-cı il yanvarın 19-da Mixail
Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan
SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında Fərman imzaladı. Lakin SSRİ
DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan
televiziyasının enerji blokunu partlatdı, respublikada
televiziya verilişləri dayandırıldı. Gecə isə
qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə
divan tutmağa başladı. Qorbaçovun fərmanı
qüvvəyə minənədək - yanvarın 20-də saat
00.00-dək artıq 9 nəfər
öldürülmüşdü. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə
yalnız yanvarın 20-də səhər saat 7.00-da respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt
öldürülənlərin sayı 100 nəfərə
çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana
ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına
bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət
elan olunmayacaq. Bax, əli yüzlərlə insanın
qanına batmış, Mixail Qorbaçov başda olmaqla, o
vaxtkı Sovet imperiyası rəhbərliyinin rəzil
siması bu idi.
Tanklar və PDM-lər Bakı
küçələrində qarşılarına
çıxan hər şeyi əzir, hərbçilər hər
yanı amansız atəşə tuturdular. İnsanlar nəinki
küçələrdə, hətta avtobusda gedərkən,
öz mənzillərində oturduqları yerdə güllələrə
tuş gəlirdilər. Yaralıları aparmağa gələn
“təcili yardım” maşınlarını və tibb
işçilərini də atəşə tuturdular. Bir
neçə gün ərzində 137 nəfər
öldürüldü, 700-dək yaralandı, 800-dən
çox adam qanunsuz həbs edildi.
Üstündən 21 il keçməsinə
baxmayaraq, hadisənin izləri hələ də insanların
zehnində qalmaqdadır. Hər il 20 yanvar faciəsi
xatırlanarkən, televiziya və radiolarda, idarə və
müəssisələrdə təşkil olunan tədbirlərdə
bu faciəyə həsr olunmuş şeirlər, hüznlü
musiqilərlə qanlı tariximiz xatırlanır.
Ötən 21 il ərzində bu faciə
ilə bağlı onlarla kitab, yüzlərlə şeir
yazılıb. Hər il təkrar-təkrar bu faciə
xatırlanır. 21 il sonra bu faciələrə
yazıçı baxışını, ziyalı
mövqeyini öyrənmək üçün qələm
adamlarına müraciət etdik.
“20 Yanvar” faciəsinə
yazıçı münasibətini öyrənməyə, ədəbiyyatımızda
bu mövzunun yerinin və izinin
yazıçılarımızı qane edib-etməməsini
araşdırmağa çalışdıq. İlk olaraq xalq
yazıçısı Əkrəm Əylisliyə müraciət
etdik. Yorğunluğundan və xəstəliyindən şikayətlənən
xalq yazıçısı bu mövzu ilə bağlı
danışmaqdan imtina etdi.
Yazıçı Seyran Səxavət:
«20 Yanvar» faciəsi ilə bağlı ədəbiyyatımızda
yetərincə nümunələr yaradılıb.
Yazıçılarımız bu mövzuda kifayət qədər
yazıblar və məncə, bundan sonra da yazacaqlar.
Bütün yazılan və yazılacaq əsərlər ona
xidmət edir ki, xalqımızın başına bir daha belə
faciələr gəlməsin, xalqımız ayıq-sayıq
olsun. Ədəbiyyatımızda «20 Yanvar» faciəsinə
toxunan yaradıcı insanların münasibəti məni qane
edir. Bu mövzuyla bağlı çəkilən televiziya
tamaşaları, verilişlər və sənədli filmlər
də yaxşıdır».
Xanəmir Telmanoğlu: “Həmişə
bu tarixi günü xatırlayanda, özümü
yaxşı hiss eləmirəm. Görün, o gecə nə qədər
məsum insan əliyalın tankların, hərbi
texnikaların üzərinə getdi.
Bir də bu möhtəşəm
günü elə təqdim edirlər ki, insanı qaramat
basır. Yaxşı olar ki, «20 Yanvar»ı xoş ovqat bəxş
edən bir ayinlərlə keçirərdik. Ədəbiyyatımızda
«20 Yanvar»la bağlı xeyli əsərlər yazılıb.
Bu əsərlər qeyri-ədəbi sənət nümunələrindən
başqa bir şey deyil. Belə əsərlərlə nə
milli ruhu dirçəltmək olar, nə də gələcək
nəsillərə doğru-düzgün milli təfəkkür
tərzi ötürmək mümkündür.
İlkin olaraq orta məktəb dərsliklərində
ədəbi nümunələrə əl gəzdirmək
lazım olduğu qənaətindəyəm.
Övladlarımız belə mövzular sarıdan
düzgün ədəbi-bədii mətn tərbiyəsi
almadığı düşüncəsindəyəm. Dərsliklərimizdə
bir az da sanki naəlac bir anlayışın hakimliyini
görürəm. Hansı ki, bu günü
azadlığımız, milli varlığımızın
bütövlüyü uğrunda, Azərbaycanın müstəqiliyi,
imperiya məngənəsindən qurtulması uğrunda
mübarizə kimi dəyərləndirmək, müqəddəs
dəyərlər uğrunda canını əsirgəməyənlərə
ağlamaq deyil, öygü yağdırmaq lazımdır”.
Yazar Zahir Əzəmət: “Məncə,
«20 Yanvar» faciəsi bir neçə uğurlu şeir istisna
olmaqla, Azərbaycan ədəbiyyatında hələ ki,
öz bədii həllini yetərincə tapa bilməyib.
Görünür, hadisələrin, ağrıların hələ
çox isti olması onun ciddi romanlara, nəsrə gəlməsini
gələcək üçün ertələyir.
Amma əvvəl-axır belə
uğurlu romanların yazılacağına əminəm.
Çünki «20 Yanvar» faciəsi insanlıq, qəhrəmanlıq
və şəxsi talelər baxımından çox fərqli,
ədəbiyyata gələ biləcək bir mövzudur. Buraya
bir xalqın imperiyaya qarşı mübarizəsini, regional və
ideoloji faktorları da əlavə etmək olar. Bu faciə təkcə
ədəbiyyat üçün deyil, kino, teatr
üçün də hər zaman aktual mövzu olmaq
şansını saxlayır. Sadəcə, ədəbiyyatımızın,
kinematoqrafiyamızın hazırkı təcrübəsi belə
mövzuları dünya səviyyəsində həll etməyə
yetərli deyil. Son illərdə Qarabağ mövzusunda
yazılan əsərlərə, çəkilən filmlərə
baxdıqda da bu qəanətimizin doğru olduğuna baxmaq yetərlidir.
Bu kimi mövzuları bəzən biz quru pafosla yükləyirik,
çünki mövzunun miqyasını yetərincə dərk
etmir, onu yaxşıca araşdırmır, işimizi bəlağətli,
pafoslu cümlələr qurmaqla bitmiş hesab edirik. Amma ən
azından dünya təcrübəsindən bəhrələnmək
lazımdır. Məsələn, Amerika, Fransa, Rusiya və
yaxın Türkiyənin uyğun təcrübəsini öyrənməyimiz
gərəkdir. Amma bir gün bizdə belə əsərlərin
yaranacağına inanıram”.
Yazar Elnaz Eyvazlı: “Bu barədə
eşitdiklərimdən deyil, şəxsi fikirlərimdən
çıxış edə bilərəm. Çünki o günləri
yaxşı xatırlayıram, insanların nə qədər
qorxu və həyəcan içində yaşadıqları
günlər heç vaxt yaddaşımdan silinməz. 21 ildir
müşahidə edirəm ki, yanvarın 19-20-si hava eynən
90-cı ilin həmin günlərinin havasıdır. Sanki
havadan o zaman olduğu kimi qan qoxusu gəlir. O ki qaldı, ədəbiyyatımızda
bu faciənin yerinə, məncə, bu faciəni bədii
şəkildə özündə əks etdirən artıq
tarixi deyə biləcəyimiz bir əsər yoxdur ki, oxuduqda
yalnız informasiya xarakteri daşımasın, həm də
insanların hisslərinə, vətənpərvərlik və
intiqam hisslərinə müdaxilə edə bilsin. Bilmirəm,
bəlkə də var, mən rast gəlməmişəm. Amma
bu illər ərzində oxuduqlarımız və efirlərdən
izlədiklərimiz artıq öz təsir əhəmiyyətini
itirir. Eyni zamanda, yeniyetmə və gənclərlə işləyən
bir pedaqoq kimi deyə bilərəm ki, gələcək nəsillərin
bu mövzuya münasibətləri artıq məni narahat edir.
Qorxuram ki, bütün faciələrimiz, o cümlədən
«20 Yanvar» faciəsinin ildönümləri onlar
üçün faciə günü kimi deyil, iş
günü olmadığı üçün maraqlı və
sevindirici olsun”.
Cəlil
Cavanşir
Mərkəz.- 2011.-20 yanvar.- S. 8.