«20 Yanvar» faciəsindən 21 il ötdü
Bu
gün Azərbaycan tarixinin və xalqının ən faciəli
və şərəfli günlərindən biridir. Məhz
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə
can üstə olan mənfur sovet rejimi son gücünü
toplayaraq günahsız, əliyalın əhali üzərinə
hücuma keçdi. Öz ordusu bildiyi, daim «Qızıl Ordu»
deyib öydüyü, əslində isə qana susamış
imperiya xislətli Kreml 70 il gəzdirdiyi maskasını sifətindən
çıxararaq kim olduğunu Azərbaycan xalqına, eləcə
də bütün dünyaya nümayiş etdirdi.
İndi
o gündən düz 21 il ötür. Düz 21 ildir ki, hər
ilin bu günündə xalq axın-axın Şəhidlər
Xiyabanına gedərək, həmin gün şəhid olan 131
qeyrətli Vətən övladının xatirəsini yad
edir. Bəs, ötən 21 il ərzində bu faciəyə
verilən hüquqi-siyasi qiyməti qənaətbəxş
saymaq olarmı?
Ana
Vətən Partiyasının sədri, millət vəkili Fəzail
Ağamalı bildirdi ki, «20 Yanvar» faciəsinin dövlət səviyyəsində
tanınması, ona hüquqi-siyasi qiymətin verilməsi, eyni
zamanda, bu faciənin beynəlxalq aləmdə
tanıdılması ilə bağlı atılan addımlar,
heç şübhəsiz, ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Onun sözlərinə
görə, Heydər Əliyevin hakimiyyətə gəlişinədək
«20 Yanvar» faciəsi ilə bağlı yetərincə ciddi
hüquqi və siyasi müzakirələr aparılmayıb. Eyni
zamanda, faciənin günahkarları haqqında konkret fikir
söylənilməyib və rəsmi mövqe nümayiş
etdirilməyib: «Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra «20 Yanvar» faciəsinin törədilməsinin səbəblərini
və nəticələrini özündə ifadə edən
xüsusi sənəd qəbul edildi. Ölkə prezidentinin rəhbərliyi
altında «20 Yanvar» faciəsinə, sözün həqiqi mənasında,
siyasi-hüquqi qiymət verildi».
F.Ağamalı
məhz bundan sonra Azərbaycanın xaricdəki səfirliklərinin,
eyni zamanda, xaricdəki diasporunun beynəlxalq aləmdə bu
faciəni anmağa başladığını
vurğuladı: «Artıq «20 Yanvar»la bağlı Azərbaycan
dövlətinin və xalqının, ayrı-ayrı siyasətçilərinin,
ziyalılarının ardıcıl olaraq atmış
olduqları addımlar bu faciə haqqında beynəlxalq aləmdə
müəyyən səviyyədə məlumat bazası
yaradıb».
Faciənin
günahkarlarının hələ də tapılıb cinayət
məsuliyyətinə cəlb edilməməsinə toxunan
F.Ağamalı bunun da gerçəkləşəcəyinə,
zamanının yetişəcəyinə əmin olduğunu
vuruğladı. Bunun üçün nə etmək lazım
olduğuna dair sualımızı cavablandıran millət vəkili
dövlət olaraq bir qədər də gözləməyimizi
vacib saydığını dilə gətirdi: «Bunun
üçün Dağlıq Qarabağ probleminin həllinə
nail olmalıyıq. Hələlik bu baxımdan problemimiz var və
konkret addımlar atmaqda çətinlik çəkirik. Lakin
bu, Azərbaycan xalqının və dövlətinin iradəsidir.
Mən əminəm ki, zamanında bu iş də həyata
keçiriləcək».
Politoloq
cümşüd Nuriyev də «20 Yanvar» hadisələrinə
ilk siyasi qiymətin 1990-cı ilin yanvarın 22-də Moskvada
ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat
konfransı keçirilərək verildiyini vurğuladı. O
qeyd etdi ki, bundan sonra ilk dəfə «20 Yanvar» hadisəsini
siyasi şəkildə Türkiyədə Məsud Yılmaz,
daha sonra isə Tansu Çillər gündəmə gətirdi:
«20 Yanvar» hadisələrinin tarixini araşdıranda
görürük ki, biz heç də tək
olmamışıq və Gürcüstan, Baltikyanı
respublikalar da Azərbaycanın haqq səsinə səs verdi». 1994-cü
ildə Milli Məclisdə «20 Yanvar» hadisələrinə
hüquqi-siyasi qiymət verilərkən parlamentin üzvü
olduğunu xatırladan C.Nuriyev həmin sənəddən «20
Yanvar» faciəsinin birbaşa iştirakçısı
olmuş Sovet dövlət xadimi Yevgeni Primakovun adının təsadüfən
çıxarılmadığını vurğuladı: «Məsələ
ondadır ki, həmin vaxt Azərbaycan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına qoşulmuşdu. Eyni
zamanda, may ayında atəşkəs haqqında saziş
imzalanmalı idi. Rusiya buna həddən artıq güclü
şəkildə mane olurdu. Azərbaycan ərazi
bütövlüyünü bərpa edə bilməsi
üçün, yəni xüsusi bəndlə 5 il müddətinə
KTMT-yə qoşuldu. Rusiya həmin şərti yerinə yetirmədiyi
üçün 1999-cu ildə Azərbaycan müqavilədən
çıxdı. Digər tərəfdən, həmin hadisələrdə
Primakovun rolu digərlərindən öndə deyildi».
Səxavət HƏMİD
Mərkəz.- 2011.- 20 yanvar.- S.3.