«İKT sektorunun inkişafında yeni uğurlar qazanmışıq»
«Ölkəmizdə milli informasiya təhlükəsizliyi
sistemi formalaşdırılır, texnoloji tədbirlər həyata keçirilir»
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) İnformasiya
Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev Yeni Azərbaycan Partiyasının
rəsmi internet saytına
(yap.org.az) müsahibə verib.
Maraqlı
olduğunu nəzərə alaraq həmin müsahibəni diqqətinizə
çatdırırıq.
-
Rasim müəllim, hazırda ölkəmizdə
informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini
necə qiymətləndirmək olar?
-
Ölkəmizdə müvəffəqiyyətlə həyata
keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə
olduğu kimi informasiya texnologiyaları sektorunda da öz
mühüm təsirini göstərməkdədir. Yola
saldığımız 2010-cu il İKT sektoru
üçün çox uğurlu nəticələrlə
yadda qalıb. Ötən il rabitə sisteminin müasir
dünya standartları səviyyəsində yenidən
qurulması, yeni texnologiyaların tətbiqi başlıca hədəflər
olub. Həyata keçirilmiş investisiya layihələri nəticəsində
mühüm uğurlar əldə edilib. Yüksək dinamikaya
malik mobil rabitə sahəsində müasir texnologiyaların tətbiqi
üçün məqsədyönlü işlər
aparılıb.
Ötən
il İKT sahəsində ən yeni texnologiyaların tətbiqi
işləri davam etdirilib. Paytaxt Bakı ilə yanaşı,
artıq bölgələrdə də Yeni Nəsil Şəbəkə
(NGN), CDMA və digər modern texnologiyalar tətbiq edilir. Məsələn,
ötən il Sumqayıt şəhər telefon şəbəkəsi
NGN texnologiyası əsasında rekonstruksiya olunaraq nömrə
tutumu artırılıb, İP TV, İP telefon, “Triply play” və
s. multimedia xidmətlərinin göstərilməsi imkanı
yaradılıb.
İKT infrastrukturunun inkişafı
respublikamızda internet
istifadəçilərinin sayının da artmasına səbəb olub. 2010-cu ildə Bakı
şəhəri və respublikanın digər şəhər
və rayonlarında genişzolaqlı şəbəkə
xidmətlərindən istifadə edən abunəçilərin
sayı 80 min nəfəri
keçib.
Onu da deyim ki,
Prezident İlham Əliyevin
11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramı” informasiya-kommunikasiya
texnologiyaları sahəsində
yeni inkişaf meyilləri üçün
fundamental əsaslar
yaradıb.
Bu sənəd ölkəmizdə
müasir informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun
inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə İKT xidmətlərinin, həmçinin
dövlət, ictimai və
sahə informasiya resurslarına çıxışının
genişləndirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində
e-hökumət həllərinin tətbiqi ilə dövlət
orqanları arasında əlaqələrin elektron
üsullarla həyata
keçirilməsi, vətəndaş və təşkilatlara
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi,
e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət
formalarının müasir dövrün tələbləri
səviyyəsində təşkili, İKT xidmət və məhsullarının
istehsalının və ixrac potensialının artırılması
və digər sahələrdə inkişafa
böyük yol
açır.
-
İKT-nin inkişafına Azərbaycan elmi, o cümlədən
İnformasiya Texnologiyaları İnstitutu nə kimi töhfələr
verir?
-
İKT sektorunun inkişafına yüksək elmi biliklər,
genişmiqyaslı araşdırma və kəşflər,
müasir texnologiyaların idarə olunması mühüm təsir
göstərməkdədir. Bu baxımdan, İnformasiya
Texnologiyaları İnstitutunda aparılan elmi işlər
mühüm yer tutur. İnstitutumuzda ötən illər ərzində
“Elektron Azərbaycan”, biometrik eyniləşdirmə, təhsil
sisteminin informasiyalaşdırılması və digər
dövlət proqramlarına elmi dəstək olan bir sıra tədqiqatlar
aparılıb. O cümlədən “Elektron elm” layihəsinin,
elektron sənədlərin intellektual emalı və dövriyyəsi
sisteminin, elektron dövlətin informasiya təhlükəsizliyinin
idarə edilməsi modellərinin və metodlarının
GİS-texnologiyaların elmi-nəzəri əsaslarının,
veb-də sosial şəbəkələrin aşkarlanması
üçün üsul və alqoritmlərin işlənməsi
həyata keçirilib. Həmçinin iqtisadi proseslərdə
əsaslandırılmış qərarlar qəbul etmək məqsədilə
zaman sıralarının kompleks təhlili aparılıb.
-
Dünya ölkələrində informasiya cəmiyyəti
quruculuğu prosesi gedir. Azərbaycanda bu istiqamətdə
hansı işlər görülüb?
-
Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu
dövlətin əsas prioritetlərindən biri kimi uğurla
həyata keçirilir. Bu siyasətin əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu
strateji istiqamət Ulu öndərin siyasi kursunun
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Artıq uğurla başa
çatdırılan “Elektron Azərbaycan” Dövlət
Proqramının birinci mərhələsi çərçivəsində
ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi,
informasiya cəmiyyətinin qurulması istiqamətində bir
sıra uğurlara nail olunub.
Hazırda
müvafiq Dövlət Proqramının ikinci mərhələsi
üzrə tədbirlər həyata keçirilir. Bu mərhələdə
informasiya cəmiyyətinin tələblərindən irəli
gələn dövlət informasiya sistemlərinin
inkişafına, informasiya təhlükəsizliyinin təmin
edilməsinə, elektron imza və elektron sənəd
dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə,
ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin
genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin
artırılmasına və İKT üzrə kadr
hazırlığına dair məsələlərin həlli
nəzərdə tutulur.
-
Sizcə, bu sahədə Azərbaycanın
qarşısında hansı mühüm vəzifələr
dayanır?
-
İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələri
sırasına müvafiq hüquqi əsasların
yaradılması, insan amilinin inkişafı, vətəndaşların
məlumat almaq, onu yaymaq və istifadə etmək
hüquqları, şəffaf dövlət və yerli
özünüidarəetmənin, elektron hökumətin,
elektron ticarətin formalaşması, ölkənin iqtisadi,
sosial və intellektual potensialının möhkəmləndirilməsi,
informasiya və biliklərə əsaslanan, rəqabətə
davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik
bazarının formalaşdırılması, tarixi, ədəbi-mədəni
irsin saxlanması, müasir İKT infrastrukturunun
yaradılması, vahid milli elektron informasiya məkanının
formalaşdırılması, informasiya təhlükəsizliyinin
təmini, qlobal informasiya fəzasına inteqrasiya, milli İKT
məhsullarının istehsalı, ölkədə rəqəmsal
fərqin aradan qaldırılması kimi vacib məsələlər
daxildir.
-
Azərbaycan Prezidenti İlham Əliyev informasiya mübarizəsi
məsələsinin bizim üçün prioritet olduğunu
vurğulayıb. Necə hesab edirsiniz, bu sahədə vəziyyət
necədir və hansı addımlar atılmalıdır?
-
Bu gün qlobal məkanda informasiya mübarizəsi çox dərin
və kəskin xarakter alıb. Buna informasiya müharibəsi də
demək olar. Ümumiyyətlə, informasiya müharibəsi bəşər
tarixinin 7-ci nəsil müharibəsi adlanır. Digər
müharibələrdən fərqli olaraq, informasiya müharibəsinin
sərhədi bilinmir və əsasən virtual xarakter
daşıyır. Bu müharibədə iştirakçı
tərəflərin sayı daha çoxdur və onun
vurduğu zərərlər də daha dərindir. Həm də
informasiya müharibəsində təhlükə hər tərəfdən
gələ bilər. Elmi-texniki inkişafa uyğun olaraq,
müharibənin metodları və silahları da dəyişir.
Biz bu vasitələrdən düzgün istifadə etməli,
vacib bildiyimiz informasiyaları xarici dillərə tərcümə
edib, ötürməyə çalışmalı və bu
yolla Azərbaycan həqiqətlərini virtual məkanda
dünyaya çatdırmalıyıq.
Bu
istiqamətdə ölkəmizdə milli informasiya təhlükəsizliyi
sistemi formalaşdırılmaqda, texnoloji tədbirlər həyata
keçirilməkdədir. Ölkəmiz 2008-ci ildə
Kibercinayətkarlıqla mübarizə üzrə Avropa
Konvensiyasına qoşulub. Bu addımı atmaqla Azərbaycan
kibercinayətkarlığa qarşı mübarizədə
iştirakçı ölkələrin birgə səylərindən,
mexanizmlərindən istifadə etməkdədir.
Qeyd
edim ki, institutumuzda informasiya müharibəsi
texnologiyalarının yaranma səbəbləri və bununla əlaqədar
meydana çıxan problemlər araşdırılıb,
müxtəlif alimlərin və mütəxəssislərin
“informasiya müharibəsi” termininə münasibətləri
təhlil edilib. Bu sahədə xarici ölkələrin təcrübəsi
öyrənilib, informasiya müharibəsi texnologiyalarının
təsnifatı verilib və informasiya təsiri problemləri
analiz edilib.
Kompyuter
sistemlərində informasiya təhlükəsizliyi risklərinin
Bayes şəbəkələri əsasında qiymətləndirilməsi
modeli işlənib. İnformasiya təhlükəsizliyi risklərinin
minimuma endirilməsi üçün çoxmeyarlı təhlükəsizlik
mexanizmlərinin seçilməsinin situativ OWA modeli təklif
edilib. Bununla yanaşı, tərəfimizdən informasiya təhlükəsizliyi
risklərinin idarə edilməsi üçün biznes-proseslər,
İT servislər, informasiya təhlükəsizliyi servisləri
və təhdidlər səviyyəsi daxil olmaqla 4 səviyyəli
etalon model təklif olunub.
Mərkəz.-2011.-25 yanvar.- S.7.