«Qarabağdakı qardaşıma cəsarət ver, Allahım, çağlasın, ağlamasın»

 

«İstəyirəm ki, İstanbuldan qalxan bir türk pasportsuz Doğu Türküstana qədər gedə bilsin»

 

Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan üzvü Ahmet Duran Bulutun «Mərkəz» qəzetinə müsahibəsi.

- Türkiyə Böyük Millət Məclisində zaman- zaman Qarabağ problemi gündəmə gəlib. Təmsilçisi olduğunuz Milliyətçi Hərəkat Partiyasının bu məsələdə mövqeyi bizə bəllidir. Bir fərd olaraq sizin mövqeyiniz bizim ücün çox maraqlıdır.

- Hər şeydən əvvəl Sizə xoş gəldiniz deyirəm. Bir Azərbaycan türkü qardaşımızı bu ölkədə ağırlamaq mənim ücün şərəfdir. Biz bundan əvvəl telefonla danışmışdıq, şükürlər olsun ki, indi üz-üzə görüşmək fürsətimiz oldu. Bilirsiniz ki, Anadolu türkü ilə Azərbaycan türkü eynidir. Balıqəsirli, adanalı, yozqartlı bir türk mənim ücün kimdirsə, bakılı türk də odur. İndi Azərbaycan bir hücuma məruz qalıb. Azərbaycanın ayrılmaz hissəsi olan, ata-baba yurdumuz Qarabağı ermənilər işğal edib. Bu, sovetlərin Azərbaycana verdiyi bir cəza idi. Bu cəza ordakı azərbaycanlı qardaşlarımızın canını necə yandırdısa, bizi elə yandırdı. Qarabağ şəxsən mənim üçün cox önəmli bir yerdir. Tarix boyunca türklər ermənilərə qapılarını açıblar. Öz evlərini, yurdlarını veriblər. Onları işlə təmin ediblər. Ticarətlə məşğul olmaları ücün şərait yaradıblar. Bundan başqa, ermənilərə Qarabağda yaşamaları ücün ən yüksək şərait yaradılıb. Onlar öz dillərində danışıblar. Öz dillərində məktəbləri, universitetləri, televiziya, radio, qəzetləri olub. Bir sözlə, onlar öz mədəniyyətlərindən qopmayıblar. Ancaq nə zaman türklər zəiflədisə, xarici qüvvələr, imperiyaların oyuncağı oldu ermənilər. Bir sözlə, ermənilərdən türk düşmənləri istifadə etməyə başladılar. Onlar həmin güclərin barmağındakı tətik oldular. Çünkü ermənilər yemək yedikləri ləyənə tüpürəndilər. Onlar nankordurlar. Halbuki, biz eyni coğrafiyada yaşayırıq. Eyni tarixi, bu tarixin bizə verdiyi ortaq taleyini yaşayırıq. Ona görə də biz bir-birimizə ortaq, dəstək olmalıyıq, düşmən yox. Yaramızı sağaltmalıyıq, qanatmamalıyıq. Amma ermənilər bu qonşuluq vəzifəsini yerinə yetirmirlər. Qonşularına xəyanət edirlər. Bu səbəbdən də çox üzülməkdəyəm. Sadəcə Türkiyədə deyil, dünyanın hər tərəfindən bu hücuma, bu zülmə insanların səssiz qalmasına üsyan edirəm. Parlamentin toplantılarında dəfələrcə bu məsələyə toxunaraq sizə dediklərimdən daha betərlərini orda demişəm. Ermənistanın Qarabağ torpaqlarından qeyri-şərtsiz çıxmasını, işğala son verilməsini, azərbaycanlıların öz torpaqlarına qayıtmasını istəmişəm. Qarabağdan ermənilər çəkilməyincə onlarla Türkiyənin heç bir əlaqəsi ola bilməz. Bunu erməni bilməlidir. Orda mənim qardaşıma verdiyi zərər burdakı türklərə vurulan zərərdir. Mən bunu belə qəbul edirəm. Onlarla heç bir dostluq əlaqəsi qura bilmərəm. Onlara qapı açmaram, heç bir ticarət qurmaram. Burax hansısa futbol oyununa tamaşa etməyi, hətta salam belə vermərəm. Çünki bir ayıb eləyib, üzr istəyəcək. Bir haqsızlıq eləyib, əvəzini verəcək. İşğal eləyib, ordan çəkiləcək.

- Amma matça gedənlər oldu...

- Səhv elədilər. Prezidentin o oyunu izləmək üçün getməsi böyük səhvdir. Onlara belə bir mesajlar vermələri böyük yanlışdır. Hər halda özbaşlarına onu vermədilər. Amerika elə istədi deyə etdilər. O bölgədə dəngələr qarışıqdı. Kimin kimin arxasında olduğu bəlli deyil. Bunun üçün bizlər, bir-birimizə güvənməli, bir-birimizi sevməli, bir-birimizi saymalıyıq, başqalarının fitvasıyla siyasət yürütməməliyik. Başqalarının qızışdırmasıyla bir-birimizi incitməməliyik. Bu Türkiyə üçün də, Azərbaycan üçün də, bütün türk dünyası üçün də nəzərdə tutulur. Avropa Birliyi qururlar. Bu, birlik deyil. Biz Türk Birliyi quraq. Ortaq bazarımız olsun, hər kəs öz ölkəsində yaşasın. Öz ölkəsində siyasət aparsın. Amma bir də ortaq birliyimiz olsun. Pulumuz, ticarətimiz olsun. Sənətçilərimiz, mədəniyyət adamlarımız, qəzetçilərimiz, elm adamlarımız, universitetlərimiz birgə koordinasiya qursunlar. Türk dilinin ortaq dil halına gəlməsinə çalışmalıyıq. Qoca türk dünyasında eyni millətdən olan türklər fərqli ləhcələrlə danışmaq məcburiyyətində qalıblar. Bunları bilən insanlar bu oyunu pozmaq məcburiyyətindilər. Silkələnib özümüzə dönməliyik. Başqalarının aldatmalarına, qandırmalarına inanmamalıyıq, doğru bildiyimiz yolda yürüməliyik. İstəyirəm ki, İstanbuldan qalxan bir türk pasportsuz Doğu Türküstana qədər gedə bilsin. Türk dünyasında Türkiyədəki kimi rahatca gəzə bilsin. Bir qırğız, bir azərbaycanlı, bir qazax, bir tatar, bir özbək və digər türk xalqları Ankaraya, İstanbula, Egeye rahatca öz evi kimi gəlib tətil keçirsin. Yollarımız, sərhədlərimiz bir-birimizə açıq olsun. Bu birlik bizlərin daha güclü, daha inkişaf edən bir türk dünyası qurmağımıza gətirib çıxarar. Bizim güclülüyümüz və birliyimiz digər yazıq, imkansız millətlərə də örnək olar. Bu gün Amerika dünyanın jandarması durumuna gəlib. Sovetlərin dağılmasıyla tək tapanca halına gəlib. Dünyanın çox yerlərinə hücuma keçir. İraqı, Əfqanıstanı misal çəkmək olar. Axı Əfqanıstanda, İraqda Amerikanın nə işi var? Minlərlə insanı İraqda demokratiyaya gətirəcəm, deyə öldürdü Amerika. Adamdan soruşarlar sənəmi qaldı mənim bölgəmin demokratiyası? Mən öz yolumu tapa bilmərəm məgər.

- Burada müdaxiləmə izn verin. Sizə elə gəlmirmi ki, Amerikanın İraqda etdiklərində bir az da Türkiyənin günahı var. Onlar necə deyərlər, Türkiyədən cəsarət alaraq bölgəyə yerləşdilər. Bölgənin supergüclərindən biri olan Türkiyə o zaman ortaya konkret etiraz mövqeyi qoysaydı, bunlar olmazdı. Yoxsa başqa bir şey var, mən doğru anlamamışam?..

- Ola bilər…

- Sualı təsadüfi vermədim. Bölgədə başqa dövlətlər də var. Sadəcə, Türkiyə qədər güclü olmadıqları üçün, onların adını çəkmədim.

- Bizim parlament Amerika ordusunun Türkiyə üzərindən İraqa girməsinə yox dedi. Amma hökumət beş hava limanını Amerika əsgərlərinə açdı. Dəniz limanı də Amerika gəmilərinə açıldı. Qırıcılar Türkiyədən qalxdı İraqı bombalamağa…

- Mən də bunu nəzərdə tuturdum...

- Milli Müdafiə Nazirliyi 4490 uçuş edildiyini deyir. Amerikanı da qınamıram. Onlar öz xalqlarının rifahı, dövlətlərinin ayaqda durması üçün bunu edirlər. Onlar 2050-2100-cü illər ücün bu gün hazırlıq görürlər. Xəritələrini cızırlar. İndidən hazırlıq görürlər. Bəs onda biz niyə bu hazırlığı görmürük? Biz niyə gələcək üçün indidən strateji planlar hazırlamırıq? Axı gələcəyimiz üçün hərəkət etməliyik. Bizdə siyasətçilər öz iqtidarları zamanında «mən varamsa var, yoxamsa, tufan olsun» siyasətini yürüdürlər. Bu da türk dünyasına çox böyük zərər verir. Milli siyasətin yürüdülməsi şəxslərə bağlı deyil. Şəxslər ölsə də, bu tip siyasətlər davam etməlidir. «Qızıl alma» dediyimiz o hədəfə mütləq çatmalıyıq. Bu, bir dövlət siyasəti olmalıdır. Amma zaman-zaman türk dövlətləri içərisində bir sıra qarışıqlıq yaradırlar. Ordakı insanları hökümətlərinə qarşı ayağa qaldırırlar. Çevrilişlər etmək istəyirlər. Halbuki, bu ölkələr öz içlərində demokratik mücadilə apara bilirlər. Onun üçün də dövləti idarə edənlərlə yaxşı əlaqə qurmalıyıq. Xalq adına onlarla əlaqə yaradılmalıdır. O ki qaldı türk dövlətlərində kimlərin iqtidarda olmasına, hesab edirəm ki, xalqın səs verərək iqtidara gətirdiyi hər kəs türk dövlətləri üçün çox önəmli olmalıdır. Və dərhal digər türk dövlətləri onlarla dialoq qurmalı, bu türk birliyini daha da irəli götürməlidir. İşbirliyi, alış-veriş kimi işləri öz içimizdə həll etməliyik. Bilirsiniz, Türkiyə bor, Azərbaycan neft üzrə çox öndədir. Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Türkmənistanın hamısının öz özəlliyi var. Türkiyə Yunanıstandan pambıq idxal edir. Niyə etməliyik? Axı pambıq başqa türk dövlətlərində var. Dediyim kimi, bu cür hallar bizləri bir-birimizə bağlayan amildir. Bir sözlə, qəlblər bir vurduğu zaman onu heç bir top qorxuda bilməz. Birimizə verilən zərər digərlərimizə də zərər vermiş kimi qəbul edilməlidir. Bunu yazaraq anlaşma həddinə gətirmək lazımdır. Bir türkün bir telinə zərər gələrsə, dünyanı dağıdarıq deyilməsi lazımdı. Dünyaya da bu mesajın verilməsi lazımdır. O zaman nə erməni, nə də onun arxasında duranlar bir sey edə bilməz. Bu gün başımıza gələnlər bizim pərakəndə olmamızdan və özbaşımıza qərar verməyimizdən irəli gəlir. Azərbaycan rus əsarəti altındaykən, biz burda əsarətdə olan türk torpaqlarını hər kəsə anladardıq. Buna görə bizə turancı deyərdilər. Turancı deyib, onları niyə düşünürsünüz deyib, bizi burda məhkəməyə də verdilər. Alparslan Türkeşi tabut içinə qoyub işgəncələr etdilər. Amma Azərbaycan, Türkmənistan, Özbəkistan və digər türk dövlətləri müstəqillik əldə etdikdən sonra Anadoludakı insanlar televiziyada onların danışığını eşidincə təəccüblə «aaa, onlar da bizim kimi danışırlar», - dedilər. Yəni, Anadolu belə Azərbaycandan xəbərsizdi. Eyni kökdənik, amma bundan xəbərimiz yoxdu.

Sizin vasitənizlə Azərbaycandakı qardaşlarıma sevgi və sayqılarımı göndərirəm. Qarabağdakı qardaşıma cəsarət ver, Allahım, çağlasın, ağlamasın, erməni onun torpaqlarında yaşayarkən o, vaqonlarda kasıb həyat içində çilə çəkməsin. Arzulayır, təmənna edirəm, Qarabağ torpaqlarından ermənilərin rədd olub çıxmasını istəyirəm. Azərbaycan bayrağının Qarabağın göbəyində dalğalanmasını istəyirəm. Bunu ürəkdən diləyirəm.

 

 

Nigar ALMANQIZI

 

Mərkəz.- 2011.-25 yanvar.- S. 4.