«Vaxt gələcək, dünya türk dilində danışacaq»

 

Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan üzvü Ahmet Duran Bulutun «Mərkəz» qəzetinə müsahibəsi.

- Bu gün Azərbaycan insanı ən az Qarabağ qədər Türkiyə üçün də əndişələnir. Hazırda Türkiyənin sanki İmralıdan idarə olunması, bundan başqa, ABŞ-ın Türkiyə üzərindən İranı vurma ehtimalı, nəticədə, bölgədə vəziyyətin gərginləşəcəyi insanları narahat edir. İnsanlar bütün bunların sonunda bölgədə bir Kürdüstan yaranacağından qorxurlar. ABŞ-ın İraqı vurarkən Türkiyəni aldatdığı da yaddaşlardan silinməyib. İndi də İranda 32 milyondan çox Azərbaycan türkü olduğunu önə sürərək ordakı türklərə müstəqillik veriləcəyini iddia edə bilər. Amma siyasətdən az-çox anlayan hər kəs yaxşı bilir ki, burda Türkiyənin olmasını həzm edə bilməyən ABŞ və Qərb, bölgədə ikinci bir böyük türk dövlətinin yaranmasını istəməz. Belə olan halda Amerikanın məqsədi bəllidir. İllərdi planlaşdırdıqları arzularının son mərhələsini həyata keçirmək üçün çalışırlar. Belə ki, İranı vurmaq və parçalamaqla İraqda kürdlərə verdikləri ərazini böyüdüb böyük Kürdüstan yaradacaqlar.

- Bəli, belə bir təhdid var. Bu təhdid də bugünkü iqtidardan güc almaqdadır. Bu, ABŞ-ın Orta Şərqlə bağlı birinci planıdır. Bu gün böyük Ermənistan və böyük birləşmiş Kürdüstan qurmaq üçün layihə həyata keçirilməkdədir. Bunu həyata keçirməkdə də məqsəd türk dünyasıyla Anadolunun birlik bağlarını qoparmaqdır. Mən Naxçıvandan Bakıya öz maşınımla getmək istəyirəm. Ermənilərin işğal etdikləri torpaqlardan çıxmasını istəyirəm. Ankaradan Doğu Türküstana öz maşınımla maneəsiz getmək istəyirəm. Buna ermənilərin işğalı mane olur. O torpaqlar azad olunsa, İrandan Azərbaycana getmək üçün izn almaq zorunda qalmaram. Bunu həll etmək lazımdı. Bunu belə bizə çox görürlər. Amma bunu da bilsinlər ki, bu torpaqlarda ay-ulduzlu türk bayrağı yerinə başqa bayraqların dalğalanması sevdalıları bütün dövrlərdə olublar. Kürdlər bizim qardaşımızdı. Onlarla problemimiz yoxdur. Kürdlərin içərisində, «onların haqlarını müdafiə edir» adı altında ortaya çıxarılan PKK terror təşkilatı və bunun siyasi təmsilçiləri Amerikanın İraq və İran projesinə dəstək verirlər. Bunlar bir növ alətdirlər. Təbii ki, bunlar bir müddət üzərlərinə düşən vəzifəni həyata keçirəcəklər. Amma bu torpaqlar türk torpaqlarıdır. Bu torpaqlar buralara xəyanət edənlərin cəsədiylə doludur. Bunlar 30 il çıxıb dağlarda mücadilə etdik deyirlərsə, biz 300 ildir o dağlarda qalırıq. Odur ki, bu iddialarından əl çəksinlər. Türk milləti peyğəmbərimizin (s.s) yolundan dönməyən bir millətdir. Türk milləti Allahın əsgəri olan bir millətdir. Bu millətlə kim oynadısa, sonuna qədər dayana bilmədi və qazanmadı. Bu torpaqlar İraq deyil, Əfqanıstan heç deyil. Onlara bu torpaqları məzar edərik. Bunu bilmələrini istəyirik. Türkiyədə bu planı həyata keçirmək istəyən xarici qüvvələrə işləyənlər var. Onlara qarşı MHP olaraq mucadilə verməkdəyik. Parlamentdə bizim 70 millət vəkili olaraq aysberq kimi gorünən üzümüz var. Əslində isə gücümüz arxadadır. Millətimiz bizimlədir. Başqa partiyada olsalar da, bu amacdan ötrü bütün millətimiz bizim yanımızdadır. Bizimlə bərabər hərəkət edərlər. Bu gün bir çox partiyalarda bizim təşkilatımızda yetişən insanlar var. Bu partiyalarda olanlar və seçicilərimiz sayəsində bilirsiniz ki, MHP təkbaşına iqtidar olar. Bu gedişat dayandırılar, bu yaralar sağaldılar. Bayrağımız daha da yüksəyə qaldırılar. Bir türk ata sözü var. «Bayrağımızı yüksək, süfrələrimizi zəngin tutun». Xalqımız buna əməl etdikcə türk dünyası var olacaqdır. İnşallah, yaxın gələcəkdə ortaq birliyimiz də yaranar.

- Mən bu yaxınlarda İstanbulda idim. Oteldə sizin televiziyalardan birinə baxdım. Göstərirdilər ki, bir erməni qızıyla türk oğlu evlənib, bundan sonra qızın qardaşı iki gənci öldürüb. Və o süjetdə düz 10 dəqiqə erməni-türk qardaşlığından danışdılar. Əslində, iki qonşunun haqqında belə bir xəbərin verilməsi çox normaldı. Amma elə o xəbərin ardınca Vikleks-də yayımlanan xəbərlərə yer ayrıldı. Ən pisi də odur ki, yüzlərlə xəbərin içində məhz Azərbaycan və Özbəkistan dövlətinin önəmli xanımları barədə xoş olmayan xəbərə yer ayrılmışdı. Bu da sizin TV-lərin xarici qüvvələrin diktəsiylə idarə olunduğunu, türk birliyinin pozulması üçün çalışdıqlarını ortaya qoydu.

- Tamamilə haqlısınız. Bu xəbərlə bağlı Azərbaycandan olan millət vəkili Gülər Əhmədova artıq bizim Böyük Millət Məclisinə etiraz məktubu göndərib. Və mən də parlamentdə Azərbaycan prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva barəsində verilmiş o xəbərə etirazımı bildirmişəm. Hətta aidiyyəti dövlət strukturlarının bununla bağlı tədbir görməsi məsələsini qaldırmışam. Xatırladım ki, Türkiyədə mətbuat xarici qüvvələrin əlinə keçdi. Onlar mətbuatda böyük söz sahibidirlər. Bir sözlə, satın aldıqlarını aldılar, almadıqlarını kirayələdilər. Bəzi köşə yazarından tutmuş, əksər televiziya-radio işçiləri ABŞ, yəhudi təşkilatlarına xidmət edir. Sorosun dəstəyi ilə fəaliyyət göstərirlər. Gürcüstanda necə ki, istədiyini etdi, çevriliş oldu. Türkiyədə də bir sıra köşə yazarları, dərnəklər vasitəsilə bunu etməyə çalışır. Onlara bağlı iş adamları var. TUSİAB başqanı var, bir xanımdı. İndi Diyarbəkirdə bir sıra mesajlar verir. Bunlar bu qaynağın insanlarıdı. Türkiyənin xaricdəki sahibinin səsidirlər. Burda da vəzifələrini həyata keçirirlər. Bu torpaqlarda hər cür insanlar var, hər kəs südünə, qanına layiq olanı edir. Yenə deyirəm, onlar bizdən olmadıqları üçün bunu edirlər. O iki gəncin öldürülməsi məsələsinə gəldikdə isə ikisi də, həm qız tərəfi, həm də oğlan tərəfi ermənidir. Oğlan tərəf sadəcə əvvəllər xristian olsa da, sonradan müsəlman olublar. O da müsəlmandır deyə öldürüldü. Onun türk olmadığını, dədələrinin erməni olduğunu cənazəyə qatılan insanlar da açıqladılar. Amma sizin də dediyiniz kimi, bəzi mətbu orqanlar bunu fərqli şəkildə qələmə verdi. Bunu da söyləyim Ermənistan da qonşumuzdur. Azərbaycan həm qardaşımız, həm də qonşumuzdur. Eyni torpaqlar içində yaşayırıq. Əsirlərdir, ortaq bir tariximiz olub. Qız alıb, qız vermişik. Hazırda Türkiyədə qanunsuz olaraq 100 mindən artıq erməni çalışır. Türkiyə bunları çıxartsa, Ermənistan ac qalar. İllərdir, burdan qazandıqlarıyla ordakı ailələrini dolandırırlar. Amma buna rəğmən, ermənilər hər zaman xarici qüvvələrin oyuncağı olur. İşdə türklər erməniləri qətl etdi, nə bilim, qondarma soyqırımı kimi iddialarda oldular. Amerika parlamentində, nə bilim başqa ölkələrdə bununla bağlı qərarlar çıxardırlar. Nə olsun ki? Mənim parlamentimdə amerikalılar qızıl dərililərə qarşı soyqırımı törətdi deyə bir qanun çıxarılsa, nə olacaq ki? Adama deyərlər sənə nə var? Keçmişi burax, bu günə bax. Ermənilər Qarabağı işğal ediblər. Xocalıda yaşlı, körpə demədən hər kəsi məhv edib və soyqırımı həyata keçiriblər. Buna niyə seyrçi qalırsan? Niyə etirazını bildirmirsən?

- Bir yazı oxumuşdum. Orda ermənilər bir zamanlar Qafqazın, indi isə dünyanın istifadə etdiyi mendil adlandırılmışdı. Sizin bu sadaladıqlarınız da bunu təsdiq edir...

- Bizim ölkəmizdə erməni vətəndaşlarımız var. Onların çoxu bizimlə qaynayıb qarışmış insanlardır. Əksəriyyəti də mən türkəm, deyənlərdir. Onlarla bizim heç bir problemimiz yoxdu. Ermənistanda yaşayan erməni vətəndaşlarla da problemimiz yoxdur. Dediyim kimi biz ortaq tarix yaşamışıq...

- İstanbulda bunu açıq şəkildə görmək olur. Hətta Qapalı çarşı deyilən ticarət mərkəzində 4 qadından 3-ü ermənidir. Bir də çox rahatca ermənicə danışırlar. Kimsə də onlara söz demir...

- Bəli, haqlısınız. Bu illərdir belədir. İndi Ermənistan iqtidarı Qarabağdan əlini çəksin. Əsgərləri geri qayıtsın. Ordan qaçqın düşmüş soydaşlarımız öz evlərinə, yurdlarına geri dönsünlər. Ondan sonra biz onlara qapımızı da, bacamızı da, könlümüzü də açarıq. Bizim sıravi ermənilərlə problemimiz yoxdu. Rusiyanın siyasətinə uyub, torpaqları işğal edən, insanları öldürən, qətliamlar yapan qatillərlədi işimiz. Onlarla da biz bir masaya oturmarıq. Nə qədər gec deyil, əllərini Qarabağdan çəksinlər, Qafqazlara hüzur gətirsinlər.

- Tarixi yaxşı bilən hər kəsə məlumdur ki, indiki Ermənistanın paytaxtı olan İrəvan Azərbaycan torpaqları olub. Hətta İrəvan xanlığı ilə bağlı bölgəyə zaman-zaman gələn işğalçı hökmdarlar belə öz xatirələrində çox yüksək fikirlər yazıb, İrəvanın türk tarixində şərəfli bir yer tutduğunu deyiblər. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev çox önəmli tədbirlərdə dönə-dönə o yerlərin Azərbaycan torpaqları və əlimizdə tarixi bir sənədin olduğunu, İrəvanın 1918-ci ildə Ermənistana 90 illik bir müddətə icarəyə verildiyini söylədi. Bir sözlə, sizin də dediyiniz kimi. Yəni, biz bunları zaman- zaman gündəmə gətiririk. Amma hesab edirəm ki, bununla bağlı arxamızda duracaq güc olmalıdır. Düzdür, Türkiyə bunu edir. Amma Türkiyə də bunu edincə dünya soyqırımı oyununu gündəmə gətirib, başını qatır.

- Yenə deyirəm, bütün bunları həyata keçirməyimiz üçün türk birliyi yaradılmalıdır. Çünki dünyanın yarısı türk dilində danışır. Belə deyək, türk dili artıq dünyanın üçüncü də deyil, ikinci dilidir. Baxarsan, zaman gələr dünya türk dilində danışar. Amma bunun üçün ağıllı birlik siyasəti aparılmalıdr. Bu da təkcə bizdən asılı deyil. Bu, tək Türkiyənin, ya da Azərbaycanın işi deyil. Bütün türk dünyasının sağlam siyasət aparmasına bağlıdır. Bunu etsək, bizlər dünyanın birinci dövləti olarıq.

 

 

Nigar ALMANQIZI

 

Mərkəz.- 2011.- 26 yanvar.- S.4.