Erməni
quldurlarının qənimi
O,
bütün varlığı
ilə yurduna bağlı bir insan idi. Gündən-günə
bərkiyən, püxtələşən
və kamil bir zabitə çevrilən qeyrətli
Vətən oğlu içdiyi hərbi anda ömrü boyu sadiq qaldı.
Ən çətin məqamlarda ruhdan düşmədi, əqidəsinə
arxa çevirmədi.
Bu, öz adını
hərb salnaməmizə
qızıl hərflərlə
yazmış polkovnik-leytenant
Şirin Mirzəyevdir.
Gənc yaşlarından
həyatını hərb
sahəsinə bağlamış
Ş.Mirzəyevi ən
çox narahat edən Dağlıq Qarabağda baş verən hadisələr idi. Təpədən dırnağacan silahlanan saqqallılar hər gün azərbaycanlıların
məskunlaşdığı məhəllələrə hücum
edir, qırğınlar
törədirdi. Belə
bir məqamda hakimiyyət dairələrinin
susmağı onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirirdi.
Qeyrətli Azərbaycan
oğullarının qəzəbi
isə çaxan şimşəyə, dalğalanan
dənizə bənzəyirdi.
Hər an qisas almaq arzusu ilə
yaşayan igid oğullarımız sanki öz komandirini gözləyirdi.
Polkovnik-leytenant Şirin Mirzəyev doğulduğu, boya-başa çatdığı
Qarabağ torpağının
gələcək taleyinə biganə qala bilməzdi.
O, raport yazaraq döyüş bölgəsinə
göndərilməsini xahiş etdi. Onun arzusu,
ilk növbədə, müstəqil fəaliyyət
göstərən silahlı dəstələri vahid komandanlıq altında birləşdirmək idi. Elə bu
istək də Ş.Mirzəyevi Ağdama
gətirmişdi. Təcrübəli hərbçinin
könüllülərdən ibarət hərbi birləşmə,
ordu yaratmaq xəbəri tezliklə Dağlıq
Qarabağın bütün bölgələrinə yayıldı. Hər
gün onlarca qeyrətli Vətən oğlu
qərargaha gəlir, könüllü
dəstənin sıralarına
yazılırdı. Polkovnik-leytenant Ş.Mirzəyev 9 oktyabr 1991-ci ildə Ağdam rayon ərazi özünümüdafiə
taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına
güclü, vətənpərvər
döyüşçüləri
topladı. O, torpaqlarımızın hər bir
qarışının müdafiəsi
üçün əsl
qəhrəmanlıq nümunəsi
göstərir, şərəfli hərbçi adını ləyaqətlə
qoruyurdu. 1991-ci ilin
dekabrında 836 saylı alayın tərkibində o, daha bir
tabor yaratmağa müvəffəq oldu. Ağdam və ona yaxın əraziləri məhz bu taborun döyüşçüləri
müdafiə edirdi.
1991-ci
ilin dekabr ayı… Şaxtalı bir gün idi.
Düşmən böyük
qüvvə ilə Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan
məntəqələrinə hücuma keçmişdi.
Cəmilli, Quşçular,
Malıbəyli kəndləri
yandırılaraq işğal
edilmişdi. Umudlu, Sırxavənd, Muğanlı,
Əmralılar kəndlərində
də vəziyyət getdikcə pisləşirdi.
Vəziyyətin nəzarətdən
çıxdığını görən komandir alayın bir neçə bölüyünü
təhlükədə qalan
kəndlərin müdafiəsinə
göndərdi. Azğın
düşmənin isə
hücumlarının ardı-arası
kəsilmək bilmirdi.
Nəhayət, 1992-ci il
fevral ayının 7-də
komandanlıq tərəfindən
«Fərrux» əməliyyatı
planı hazırlandı.
Bu planı Ş.Mirzəyev
dəqiqliklə və
peşakarcasına hazırlamışdı.
Quldur yuvası olan Fərrux kəndi və Fərrux yüksəkliyi elə ilk həmləylə
düşməndən azad
edildi. Bu qələbədən
sonra igid komandir daha da
ruhlandı. Mayın
10-da döyüşçülərimiz Naxçıvanik, Aranzəmin,
Pircamal kəndlərini
erməni quldurlarından
təmizlədilər.
1991-ci
ilin iyun ayında polkovnik-leytenant Ş.Mirzəyev daha böyük hərbi əməliyyat planı hazırladı. Döyüşçülər
eyni vaxtda 3 istiqamətdən hücuma
keçib, düşməni
geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla
həyata keçirmək
üçün güclü
hərbi texnika, silah-sursat lazım idi.
Taborun ixtiyarında
olan döyüş vasitələri isə tələbatı ödəmirdi.
Bütün bu çətinliklərə baxmayaraq,
cəsur komandir öz dəstəsilə Xaçın çayı
boyunca irəliləyib,
ilk həmləylə Qazançı
kəndini ələ keçirməyi düşünürdü.
Ancaq bu olduqca çətin bir əməliyyat idi. O, bu döyüşə
əsasən, alayın
birinci taborunun şəxsi heyətini cəlb etmişdi. Əməliyyatın uğurla
başa çatması
üçün döyüş
meydanına əlavə
artilleriya qurğularının
göndəriləcəyi gözlənilirdi.
Alayın döyüşçüləri
döyüşə atıldılar.
Lakin nədənsə
artilleriyanın səsi
eşidilmirdi. İgid
komandir hər şeyi nəzərə almışdı.
Alayın özünün
qrad qurğusu işə salındı.
5 saata yaxın davam edən döyüş uğurla nəticələndi. Qazançı
kəndi düşməndən
azad edildi.
Növbədə Sırxavənd kəndi idi. İyunun 12-də polkovnik-leytenant Şirin Mirzəyev yeni plan hazırladı. Alayın döyüşçüləri əvvəlki qələbələrdən
sanki mənəvi qida almışdı, qol-qanad açmışdılar.
Düşmənin üzərinə
qartal kimi şığıyırdılar. Çox keçmədi ki, kənd nəzarətə
alındı. Döyüşçülərimiz
cəmi 1 nəfər
itki verməklə düşmənin 2 ədəd
PDM-ni, 1 ədəd
UAZ-469 markalı avtomobilini,
ZİL-131 maşınını və xeyli silah-sursatını
qənimət olaraq ələ keçirmiş,
düşmənin 6 əsgərini
əsir götürmüşdü.
Amma bu uğur
çox çəkmədi.
Digər istiqamətlərdən
planlaşdırılan hücum
əməliyyatı həyata
keçmədi. Bununla
da döyüşçülərimiz
sanki bilərəkdən
mühasirəyə salındı.
Düşmən xeyli
canlı qüvvə və texnika toplayaraq əks hücuma keçmişdi.
Təcrübəli, uzaqgörən sərkərdə
təmkinini pozmadan baş verən hadisələri diqqətlə
izləyir, alayın mühasirədən itkisiz
çıxarılmasına səy göstərirdi. Yeganə yol Bəşirlərdən keçib,
Qazançı-Əlağalı kəndlərinə çıxmaq
idi.
Ş.Mirzəyev qərarında yanılmamışdı.
Tezliklə bu istiqamətdə düşmənin
mühasirə həlqəsi
yarılsa da, döyüşçülərimiz çoxlu sayda itki verdi.
Polkovnik-leytenant Ş.Mirzəyev
orduda baş verən haqsızlığa
dözə bilmirdi. Faciəli sonluqla başa çatan «Sırxavənd» əməliyyatından
sonra döyüşçülərimiz
arasında bir ruh düşkünlüyü
yaranmışdı. İstedadlı
sərkərdənin də
bu xəyanətlərdən
səbri tükənmiş,
hövsələsi daralmışdı.
Ona görə də, ölkə rəhbərləri ilə
görüşmək, baş
verən hadisələri
onlarla bölüşmək
üçün paytaxta
gəlməyi qərara
aldı. Ancaq alayın döyüşçülərinin
mənən sarsılmış,
sınmış ruhunu
bərpa etmək üçün bir qədər ləngidi.
1992-ci
il iyunun 18-i… 3 yaxın qohumu ilə xidməti maşınına oturub Əliağalı kəndinə
yollandı. Günortadan
xeyli keçmişdi.
Vaxt ötürdü.
Komandir sürücüsünü
tələsdirir - ləngiyirik,
bir az maşını
tez sür.
Qaranlığa düşməyək.
Hələ görüləsi
işlərimiz çoxdur.
- Sanki ölümə tələsirdi.
Sürətlə irəliləyən
maşın düşmənin
basdırdığı minaya
düşdü. O, öz
canından əziz bildiyi Ağdam torpağında gözlərini
əbədi yumdu.
Görkəmli sərkərdəni
böyük sevgiylə
Bakıdakı Şəhidlər
Xiyabanında dəfn etdilər.
Azərbaycan Respublikası
Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 203
saylı Fərmanı
ilə polkovnik-leytenant
Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra
«Azərbaycanın Milli
Qəhrəmanı» adı
verildi.
Bakı şəhərindəki
küçələrindən biri indi onun
adını daşıyır.
Polkovnik-leytenant Şirin
Vəli oğlu Mirzəyevin tərcümeyi-halından
sətirlər:
O,
1947-ci il yanvarın
5-də Xankəndi şəhərində
dünyaya göz açmışdı. Burada
Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdı. Bakıda yerləşən
Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində
Ali Hərbi Siyasi Məktəbə daxil olmuşdu. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə
başa çatdıraraq,
təyinatla İrəvana
göndərilmişdi. 5 il
burada xidmət etdikdən sonra işini Bakıya dəyişmişdilər. Polkovnik-leytenant
Şirin Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. O, Moskva Ali Hərbi-Siyasi Akademiyasına
qəbul olmuş,
1988-ci ildə oranı
müvəffəqiyyətlə bitirmişdi. Ş.Mirzəyev
əla xidmətlərinə
görə dəfələrlə
medallar və döş nişanları
ilə təltif edilmişdi. Rota komandirinin
müavini vəzifəsindən
diviziya komandirinin müavini vəzifəsinə
yüksələn cəsur
komandir hərb sahəsində şərəfli
bir ömür yolu keçib. O, Vətənə sadiq bir insan idi.
Elə 1991-ci ildə onu Ağdama gətirən də məhz vətəninə,
xalqına olan hədsiz sevgisi idi. Onu amansız
ölüm xalqımızın
əlindən tez alıb apardı. Bəlkə də yaşasaydı, nə Ağdamımız, nə
də Füzulimiz yad əllərdə qalmazdı. Belə şəxsiyyətlər dünyaya
yüz ildə bir dəfə gəlir. Sən ölməmisən, sən
ürəklərdə həmişə
yaşayacaqsan, ey böyük sərkərdə!!!
Vətən üçün
ölən kəslər,
Ürəklərdə
heykəlləşir.
Nəsil-nəsil, əsr-əsr,
İgidləşir, böyükləşir.
Müəllif: Vüqar
ƏSGƏROV,
Respublika Xatirə
Kitabı
Redaksiyasının redaktoru
Mərkəz.- 2011.- 27 yanvar.-S.15