Mədəniyyət
və Turizm nazirindən aşıqlara sürpriz
Son zamanlar Azərbaycan aşıq sənətinə
dövlət qayğısı daha da artmaqdadır. Aşıqlar və bu sahədə çalışan digər
ifaçılar fəxri adlara layiq görülür,
onların konsertləri üçün
mütəmadi olaraq şərait
yaradılır
Beynəlxalq
və respublika səviyyəli tədbirlərdə,
o cümlədən I Beynəlxalq
Aşıq Festivalında, habelə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi,
böyük ustad
Aşıq Ələsgərin anadan
olmasının 190 illik yubileyinə həsr
olunmuş respublikanın bölgələrində
və Heydər Əliyev Sarayında təşkil edilən tədbirlərdə
Azərbaycan aşıqları fəal iştirak
ediblər və onların çıxışları böyük maraqla
qarşılanıb. Bu uğurlarla
yanaşı bəzən ictimaiyyət tərəfindən
aşıqlarımızın geyimlərinə müəyyən
iradlar bildirilməkdədir. Beynəlxalq və respublika səviyyəli
tədbirlərdə Azərbaycan aşıqlarının bir sıra hallarda
aşıq sənətinin yüksək səviyyəsinə uyğun olmayan geyimlərdə
çıxması bu sahədə mövcud olan pərakəndəliyin
aradan qaldırılması zərurəti
yaradır.
Belə ki,
deyəsən bu problem
tezliklə aradan qaldırılacaq.
Qeyd edilənləri
nəzərə alaraq, Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan
aşıqları üçün səhnə
geyim eskizinin
hazırlanması üzrə müsabiqə elan
edir.
Müsabiqənin təşkilati
və texniki şərtləri:
1. Layihə Azərbaycan
aşıq sənətinin qorunub
saxlanılmasına, təbliğ olunmasına və gələcək
nəsillərə çatdırılmasına xidmət etməlidir.
2. Layihə bütün
geyim elementlərinin (qayış, çəkmə
və s.) eskizləri ilə birlikdə təqdim
edilməlidir.
3. Müsabiqədə iştirak edənlərə tövsiyə olunur ki, layihənin hazırlanmasına
bu sahədə müvafiq
bilik və təcrübəyə malik folklorşünasları, tarixçiləri,
ədəbiyyatçıları və digər mütəxəssisləri
cəlb etsinlər.
4. Hazırlanacaq səhnə geyiminin eskizində milli
ornamentlər öz əksini tapmalı və
Azərbaycana məxsusluğu bilinməlidir.
5. Müsabiqənin qalibləri üçün hər biri
müvafiq olaraq 1000,
750 və 500 manat məbləğində
1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar
təsis edilir.
Gözəl! Hər halda, çoxdan
aşıq sənəti vurğunlarını, eləcə də
aşıqların özlərini narahat
edən məsələ öz həllini tapacaq. Gəlin görək,
aşıqlarımız bu xəbəri
necə qarşılayıblar?
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan
Yaqub belə bir
müsabiqəyə başladıqları üçün
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını
ifadə etdi: «Aşıqlarımız milli geyimdə səhnəyə
çıxacaqlar, biz də bununla qürur
duyacağıq. Sağ olsun,
nazir Əbülfəs Qarayev
ki, aşıqlarımızın
arzularını yerinə yetirdi».
AAB sədri aşıq geyimində
mütləq milli ornamentlərin yer alacağına əmin olduğunu
söylədi: «Aşıq geyimi mütləq
milli ornamentlərlə bəzədilməlidir
və dünyaya
çıxmalıdır. Çünki
artıq aşıq sənəti YUNESKO kimi
nüfuzlu bir quruma daxil edilib.
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, ölkənin birinci
xanımı Mehriban xanım Əliyevanın
sayəsində sazımızı dünya
tanıyır».
Mədəniyyət və
İncəsənət Universiteti
aşıq fakültəsinin baş
müəllimi Aşıq Samirə çoxdan
bu arzuda olduğunu söylədi: «Aşıq sənətinə
olan dövlət qayğısından yerlə-göy
qədər razıyam. Mədəniyyət və Turizm Nazirliyinin
aşıqların geyimləri ilə bağlı elan etdiyi müsabiqəyə
isə çox sevindim.
Artıq biz aşıqların da öz geyimi
olacaq». Aşıq Samirə
onu da bildirdi
ki, aşıq geyimləri ilk
növbədə milliliyi ilə
seçilməlidir. «Çox
arzulayardım ki, aşıq milli geyimini milli baş örtüyümüz olan
kəlağayılar tamamlasın», – deyən Aşıq Samirə
geyimlərin yaş senzinə görə
də fərqlənməsini məqbul saydı.
«Deməli, biz də ürəklə aşıq
paltarını geyinib, əlimizdə saz ürfan məclislərinə
daxil olacağıq», -deyən Aşıq
Altay hər kəsin ürəyincə olan bir aşıq
libasına malik olacağımıza ümid etdi: «Çox istərdim ki,
aşıq geyimi milliliklə müasirliyi özündə cəmləsin. Papaq isə mütləq şəkildə
saxlanılsın. Çünki papaq qeyrət, saz isə ürfan rəmzimizdir. Mən istərdim ki, aşıq geyimləri həm də estetik görünüşü
ilə göz oxşasın. Artıq
aşıq sənəti Avropada da tanınır. Avropalıların
qarşısına müasirliyi və milliliyi ilə fərqlənən bir libasda
çıxmağımız baş
ucalığımızdır».
Vaxtilə
aşıqlarımızın geyindiyi
libasın öz əhəmiyyətini çoxdan itirdiyini deyən
Aşıq Mehdi, həmin geyimə görə
hətta xəcalət çəkdiyini də gizlətmədi:
«İndi hansısa aşıq qalife şalvarda, xrom çəkmələrdə insanlar qarşısına çıxsa, kinayə
obyektinə çevrilər, çünki
bu geyim Stalin dövründən qalıb.
Vaxtilə Aşıq Əsəd Moskvaya qurultaya gedərkən Stalin
qarşısında çıxış edib.
Stalin də aşıqların bu formada
çıxış etməsini məsləhət bilib. Amma indi
həmin forma köhnə və milli ruha yaddır. Bizim aşıq geyimimiz
köhnə çuxa, papaqdan
ibarət olmalıdır. Hansı ki, Dədə
Ələsgərdən də o yana aşıqlarımız bu
libasda olublar».
Aşıq Əli də milli ruhda aşıq geyimlərinin
tərəfdarıdır. Onun fikrincə,
aşıq geyimlərində milli ornamentlər
mütləq öz əksini
tapmalıdır: «Mədəniyyət və turizm
naziri çox gözəl
bir müsabiqəyə start
verib. Aşıqlarımız nəhayət
ki, öz milli geyimlərində səhnəyə
çıxacaqlar. Mən həmişə milli
aşıq formasının tərəfdarı olmuşam. Çünki saza hörmət əlaməti olaraq
onun libası da
gözəl, milli koloritə malik olmalıdır. Mən ümumiyyətlə,
bu geyim olmayan vaxtlarda da saza hörmət əlaməti
olaraq kostyumda səhnəyə
çıxmışam və heç vaxt cins şalvarda
əlimə saz götürməmişəm.
Çünki cins
şalvarı saza yaraşdırmıram. Kişi geyimlərində çuxa,
papaq, qadın geyimlərimizdə isə kəlağayı,
baş örtüyü
mütləq saxlanmalıdır. Milli rəqs
ifa edən rəqqasələrimizin geyimlərindən
istifadə etmək olar».
Aşıq Telli
Borçalı da aşıq geyimlərinin
tezliklə hazır olmasını və həmin geyimlərdə
milli ruhun köklənməsini
arzuladı.
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 4 aprel.- S. 14.