Güllələnmiş
nəslin tarixçəsi…
Hacı Məcid Əfəndi
Həmsöhbətimiz
Laçın Məmişov bizim kimi qələm əhlidir. Öz
şerləri ilə tanınan Laçın Məmişov publisistik yazılarını daha
çox tarixi şəxsiyyətlərə
həsr edir. Bu
yaxınlarda eşitdik ki,
o dövrünün
adlı-sanlı ziyalılarından olan
Hacı Məcid Əfəndinin həyatından bəhs edən
bədii filmin ssenarisi
üzərində işə başlayıb. Ssnarinin
mövzusu diqqətimizi cəlb etdi.
- Laçın müəllim, eşitdiyimizə görə, XIX əsrdə
Şamaxıda yaşamış, zəmanəsinin böyük maarifpərvərlərindən biri Hacı Məcid Əfəndidən bəhs
edən bədii filmin ssenarisi
üzərində işləyirsiniz. Bu ideya necə yarandı və sənədləri
hardan əldə etmisiniz?
- Hacı Məcid Əfəndinin
məzarı Şamaxı şəhərində 7 günbəz
qəbiristanlığındadır. Bu qəbiristanlıqda
bizim də qohum-əqrabalardan dəfn olunanlar çoxdur. Hər
dəfə onların qəbirlərini ziyarətə gedəndə
onun məqbərəsini görmüşük.
Ümumiyyətlə, Hacı Məcid Əfəndi barədə
Şamaxıda çoxlu rəvayətlər,
əfsanələr dolaşır. Babaxan
müəllim onun haqqında kitab yazmayana qədər ətraflı
kimsə bir şey bilmirdi. Mən də həmişə
böyüklərimizdən babam Hacı Məmişin
bu kişi ilə
dostluqları barədə çox
eşitmişəm.
Ümumiyyətlə Hacı Məcidin
sözü hami tərəfindən
qəbul olunurmuş. Günlərin bir günü Hacı Məcid
Əfəndi Şamaxının bütün
varlı adamlarını bir yerə toplayır.
Hamı bir nəfər kimi
Hacı Mecid əfəndinin
çağırışına məmuniyyətlə gəlir.
Toplantının məqsədini Hacı Məcid Əfəndi
açıqılayanda bəlli olur ki, uçulub
dağılmaqda olan Şamaxı Cümə
məscidini bərpa etmək lazımdır. Məscidi bərpa
etmək üçü isə külli miqdarda pula ehtiyac duyulur.
Bunun üçün
də pul toplayıb zəlzələdə
dağılmış məscidi yenidən bərpa etmək
lazımdır. Heç kim
Hacı Məcid Əfəndinin
təklifindən boyun
qaçırmır və hamı bir nəfər
kimi yardım etməyə hazır olduğunu bildirir. Təkcə
bir nəfər nə qədər
yardım edə biləcəyini bilmədiyini deyir.
Səbəbini isə ondan soruşanda,
belə cavab verir: “Hacı Məcid Əfəndinin sözü bizim
hamımız üçün qanundur. Amma mən indi Sizə bir söz ona görə deyə
bilmirəm ki, bilmirəm nə qədər
pul toplanacaq. Mən toplanana pulun ümumi məbləğinin iki
qatını verəcəm” deyə bildirir.
“Bundan əlavə nə qədər daşa ehtiyac olsa daş karxanam
Sizə qurbandır” deyə əlavə edir.
-Kimdir
Hacı Məcid Əfəndi?
-Hacı Məcid
Əfəndi adlı-sanlı bir Mövlana, Azərbaycanda, xüsusilə
Şamaxıda elmin, mədəniyyətin,
təhsilin yaradıcılarından biri olub. 4 il İstanbulda,
4 il Bağdadda, Tiranada ruhani təhsili
alıb, qayıdandan sonra Bakı
Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Şamaxı Cümə məscidinin
Baş İmamı olub.
İstanbulda oxuduğu
illərdə Əhməd paşa ilə
tanış olub onunla
dostlaşır. Bu həmin Əhməd paşadır ki,
oğulları Nuru paşa
ilə Ənvər paşa sonradan Azərbaycanın istiqlaliyyəti uğrunda mücadilə verəcəklər…
Nə isə, Şamaxıya qayıdandan bir müddət
müddət Hacı Məcid Əfəndi
özü məktəb açır.
Bu məktəbdə Seyid
Əzim Şirvani və o
dövrdə Şamaxıda yaşayan bir çox mütəfəkakirlər
dərs deyirlər. Hacı Məcid Əfəndi Bakı
Quberniyasının Müsəlman Məclisinin sədri olduğu üçün
Şamaxıda islahatlar aparır. Ona qədər hər 10 evə bir molla
düşürdüsə, o mollaların
sayını 10 dəfə azaldır. Yalançı
mollaları ordan uzaqlaşdırır. Çünki onlara verilən
maaşı imkansızlara, xəstələrə xərcləyirdi.
Hacı Məcid Əfəndi böyük
nüfuz sahibi idi. Hələ 1905-ci ildə Azərbaycanın
müxtəlif yerlərinldə erməni
qırğınları olanda
Şamaxı məhz ona görə
qırğınlardan kənarda qaldı. O, erməni keşişi Baqratı, Malakan
keşişi Kanavalovu,
bir də yəhudilərin ravinlərini
Şamaxının mərkəzi meydanına
çağırıb «Quran»
üstündə onlarla dava
etməmək barədə əhd-peyman bağlayır.
- Əslində, Nuru
paşa və Ənvər paşanı Azərbaycana
gətirən Hacı Məcid Əfəndinin oğlu
olub…
- Bayaq dedim, İstanbulda oxuyarkən
Hacı Məcid Əfəndi Nuru paşa ilə Ənvər paşanın
atası Əhməd paşa ilə
dostlaşıblar. Bu dostluq
sonradan onların övladları tərəfindən
davam etdirilib. Belə ki, Hacı Məcid Əfəndinin
3-cü oğlu Həbib Əfəndi
qardaşların kiçiyi olduğundan, bir az ərköyün imiş.
O vaxt Şamaxıda Hacı Məcid Əfəndiyə
qarşı bir dəstə
yaranıbmış. Onun şöhrətindən
paxıllanıb ləkələməyə
çalışırlarmış. Müxtəlif məqamlara ərizə yazırlarmış, şikayət
edilərmiş. Ancaq yoxlanıldıqdan sonra iftira olduğu
üzə çıxırmış. Növbəti böhtan onun oğlu Həbib Əfəndiyə
atılır.Hacı Məcid Ədəndinin kiçik
oğlu Həbib
Əfəndi öz taytuşları ilə
böyük şairimiz
Mirzə Ələkbər Sabirin sabun tiyanını aşırıb və
sabunları dağıdıb. Hacı Məcid Əfəndi öz Əfəndi şərəfini çox gözləyən adam
idi. Oğluna möhkəm
qəzəblənir, hətta qubernatordan xahiş edir ki, oğlunu Sibirə
sürgünə yollasın. Qubernatora ərizə
belə yazır, amma qubernator
Hacı Məcid Əfəndiyə bu hərəkətin
sürgün üçün
əsas olmadığını bildirir.
M.Ə.Sabir özü Hacı Məcid Əfəndinin
yanına gələrək bildirir ki, o hadisədə Həbibin
heç bir
günahı yoxdur. Həm də
dağılan sabunlar mənimdirsə mən
şikayətçi olmalıyam. Mənim isə heç bir şikayətim
yoxdur. Amma Hacı Məcid
Əfəndi oğlunu möhkəm tənbeh
edir. Böyük oğlu Mustafa Əfəndiyə
tapşırır ki, Sabirə dəyən
bütün ziyanı artıqlaması ilə
ödəsin. Və bundan sonra
daima Mirzə Ələkbər Sabirin qayğısını çəksin.
Onda Həbib
atasından bərk inciyir və baş götürüb
Şamaxıdan İstanbula gedir. Hacı Məcid Əfəndinin bu şəhərdə Əhməd Paşa adlı dostu olduğunu bildiyindən, onun
evinə düşür. Əhməd Paşa dostunun oğlunu himayəsinə götürür.
Həbib Əfəndini oxudurb ona təhsil verir.
Qızı Züleyxa ilə
Həbib Əfəndini nişanlayır. Ancaq Həbibin bəxti burda da gətirmir. Züleyxa (Zəlihə) vaxtsız vəfat edir…
Ancaq Həbib bu ailədə yaşamağa davam edir. Universitet təhsili alır. İstanbulda və başqa şəhərlərdə pedoqoji
fəaliyyət göstərir.
Hətta
1914-cü ildən 1917-ci ilə
kimi Suriyada Ədəndə şəhərinin
valisi vəzifəsində
çalışır. Ara-sıra məktub yazmağına baxmayaraq, o qədər incikmiş ki, 1908-ci ildə atasının dəfninə də gəlmir.
- Bəs
sonradan bu boyda imkanın sahibi nə üçün hamısını
atıb qayıdır?
- O, 1918-ci ildə bəlli
erməni vəhşiliklərini
eşidərək Vətənə
qayıdır…Həbib
Şamaxıya gələndə,
erməni-müsəlman qırğınının
1 mərhələsi qurtarmışdı.
Lalayevin başçılığı daşnaklar Gəncə qoşunu gələnə
qədər istədiklərini
edib qaçıb getmişdilər. Sonra 2-ci dəfə
gəldilər…Şəhərin
adlı-sanlı, hörmətli
şəxsləri məhv
edilmişdi, Cümə
məscidi yandırılmışdı.
Bax, belə qanlı-qadalı bir vaxtda Şamaxıya
gələn Həbib Əfəndi şəhərin
qəza rəisi Azad bəy Qocamabəyovla görüşür. Azad bəy də bu fikirdəymiş ki, onları bu çıxmazdan ancaq türk ordusu qurtara bilər. Elə Azərbaycanın Milli Şurası da belə düşünürdü.
M.Ə.Rəsulzadənin Türkiyəylə danışıqları gedir.
Türk qoşunlarının gəlişini
tezləşdirmək lazım
idi. Azad bəy bilirdi ki, Türkiyənin Hərbiyyə naziri Ənvər paşa Həbib Əfəndinin qaynıdır. Digər Şamaxı
başbilənləri ilə
məsləhətləşib, Ənvər Paşaya bir məktub yazıblar. Həbib Əfəndi Şamaxı
ziyalılarının məktubu
ilə təcili İstanbula qayıdıb..
İstanbulda onu əmin
etdilər ki, artıq Azərbaycana gedəcək qoşun formalaşır. Bu aralarda da Nuri Paşa
Şimali Afrikadan yenicə qayıtmışdı.
Beləliklə Qafqaz İslam ordusu formalaşır və Nuru
Paşa komandan təyin edilir…
Həbib Əfəndi Nuru paşanın yavəri həm də bələdçisi
təyin edilir. Qafqaz İslam ordusu
Nuri paşanın komandanlığı altında
Azərbaycana gəldiyi
vaxtda Əhməd Cavad, Gəncədən Məhəmməd Hadi onlara qoşulur. Məhəmməd Hadi isə ordu ruhanisi
olur…
Bunlar Şamaxıya gəlib çatana yaxın Ağsu tərəfdə məşhur
balabançalan Əli
Kərimov onları qarşılayır. Cəngi sədaları altında
bunlar Şamaxıya daxil olurlar. Şamaxıdan sonra Qafqaz İslam Ordusu Bakıya gəlir. Bakıda onları toy bayramla
qarşılayırlar. Təzə Pir məscidində qarşılanma
mərasimində o vaxtkı
Bakı milyonçuları
Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev də iştirak edir…
Hacı Zeynalabdin Tağıyevin
qızı öz xatirələrində Nuri
Paşanın şux qamətli, bir az arıq
amma ucaboy adam olduğunu xatırlayır… Mən qadınlara aid olan
yerdə idim və pərdənin arxasından baxırdım.
Nuri Paşa minbərə qalxdı və çıxış etdi.
Hamı diqqətlə
bu xilaskar qəhrəmanı dinləyirdi…
Nuru paşanın Azərbaycandakı bütün
əməliyyatlarında Həbib
Əfəndi onun məsləhətçisi və
bələdçisi olur. 1918-ci il
noyabrın 17-də Qafqaz
İslam ordusu Bakını tərk edir. Həbib Əfəndi Şamaxıda
qalır. Çünki atasının sonuncu evliliyindən olan 4 uşağı sahibsiz qalmışdı. Ondan
İstanbula niyə dönmədiyinin səbəbini
soruşanda deyirmiş:
«Bəlkə mən yenə də öz xalqıma lazım oldum…»
Bolşeviklər gələndə Həbib Əfəndi Göyçaya köçüb
getdi. Onun Şamaxıda yaşayan
qardaşları-Mustafa Əfəndi
və Süleyman Əfəndi İsmayıllının
Diyallı kəndində
yaşamağa başladılar.
Diyallı onların ata
yurdu idi.
Mustafa Əfəndi atası kimi həm quberniya qazısıydı, həm
müsəlman məclisinin
sədri, həm də Zaqafqaziya müftisi seçilmişdi. Ancaq Tiflisdə oturmurdu,
arabir gedib-gəlirdi.
1918-ci ildə daşnaklar evini yandırdığından, Şamaxıdan
Diyallıya köçməyə
məcbur oldu. Gözdən
uzaq olmalarına baxmayaraq, qırmızılar
onları unutmamışdı.
Burda bir haşiyə çıxım
ki, 1918-ci il
hadisələrində ermənilər
Lahıca girə bilməmişdilər. Çünki qardaşlar Diyallı atlıları deyilən bir dəstə yaratmışdılar. Bu dəstə Niyal dağında onların qarşısını kəsib
geri oturtdurmuşdu.
Lahıca o üzdən zərər
dəyməmişdi. Bolşevik hakimiyyətində
ermənilər vəzifə
tutduğundan, qardaşlardan
intiqam almağa fürsət gözləyirdilər.
1930-cu il aprelin 12-sindən
13-nə keçən gecə
2 qardaşı Diyallıdan,
onların kürəkənləri
Sirac Əfəndini Quşəncə kəndindən,
Həbib Əfəndini
Göyçaydan tutub
Bakıya-Mərkəzi həbsxanaya
saldılar. Onları ayrı-ayrı kameralarda
saxlayırdılar. 2 ay 20 gün davam edən əzablı “istintaq”dan sonra dördünü də güllələdilər… Üstündən
40 il keçəndən
sonra onlara bəraət verdilər.
Onların qohum-əqrabası bu repressiyalardan sonra soyadlarını dəyişdilər. Məmişov soyadından
bizim qohumlarımız
var ki, onlar
da repressiyalardan
yayınmaqdan ötrü
soyadlarını dəyişdilər.
Bu yaxınlarda biz Hacı Məcid Əfəndini ziyarətə
getdik. Eyni zamanda satirik
şair M.Ə.Sabirin məzarını da ziyarət etdik. Xeyriyyəçi Gülağa Tənha
150 min manatdan çox
vəsait xərcləyib
Sabirin məzarı üstündə məqbərə
tikdirib. Hörmətli
prezidentimiz İlham Əliyevin 01 iyun 2011-ci il tarixində imzaladığı sərancama
əsasən may ayında
dahi Sabirin 150 illiyi dövlət səviyyəsində
qeyd olunacaq. Təssüf
ki, ora yığışanlar
gəlib həmin məqbərənin bərbad
vəziyyətdə görəcəklər.
İnanıram ki, Mədəniyyət
və Turizm Nazirliyinin məsul şəxsləri bu xırda çatışmamazlıqları
aradan qaldıracaqlar.
- Ssenari indi nə vəziyyətdədir?
-Mən may ayında
Türkiyəyə gedib
bəzi arxiv materiallarla tanış
olmaq istəyirəm. Orada Həbib Əfəndi, Hacı Məcid Əfəndi, həmçinin
Qafqaz İslam Ordusu haqqında məlumat toplayacağam.
Əslində, çox keyfiyyətli
bir film olmasını
istəyirəm, ona görə də tələsmirəm. Mən çox
istəyirəm ki, Türkiyədə onların
yaşadığı evlərini
gedib görüm, fotosessiyasını edim, çünki ssenariyə çox lazım olur. İnşallah mükəmməl Hacı
Məcid Əfəndinin
adına layiq ssenari olacaq.
İltifat Hacıxanoğlu
Mərkəz.- 2012.- 7 aprel.- S. 15.