Tanınmış
pianoçu Aytəkin Həsənova yad edilib
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Tədris Teatrında
çərşənbə axşamı istedadlı pedaqoq və
peşəkar pianoçu, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Musiqi fənləri
və dirijorluq kafedrasının müdiri, Bakı Musiqi
Akademiyasının professoru, sənətşünaslıq
elmləri namizədi Aytəkin Həsənovanın xatirəsinə
həsr olunan “Rekviyem” adlı anım gecəsi keçirilib.
“Ətrafındakılara köməyini əsirgəməyən,
öz bilik və bacarığını tələbələrinə
aşılayan, dərin nəzəri biliklərə, zəngin
praktik təcrübəyə malik, əsl pedaqoq, gözəl
rəhbər, Azərbaycanın və dünyanın görkəmli
bəstəkarlarının yaradıcılıqlarının
mahir bilicisi”, – Aytəkin Həsənovanın həmkarları,
yaxın dostları və tələbələri onu belə
xarakterizə ediblər.
“Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Musiqi fənləri və
dirijorluq kafedrasının müdiri vəzifəsində
çalışmış Aytəkin Həsənova fəaliyyəti
dövründə bir çox konsertlərdə, dövlət
səviyyəli tədbirlərdə iştirak etmiş, adları
bir çox musiqi pərəstişkarlarına tanış
olan onlarla istedadlı tələbə yetişdirmişdi”, – sənətşünaslıq
üzrə fəlsəfə elmləri doktoru Kamilə
Dadaşzadə öz çıxışında bildirib.
Onun sözlərinə görə, Aytəkin xanım
bütün həyatı boyu böyük Cəlaləddin
Ruminin “Ya olduğun kimi görün, ya da
göründüyün kimi ol” fəlsəfi kəlamına
uyğun yaşayıb. O, Aytəkin xanımın həmişə
tələbkarlığı, eyni zamanda, öz tələbə
və həmkarlarına münasibətdə
qayğıkeşliyi ilə fərqləndiyini qeyd edib.
K.Dadaşzadə,
həmçinin Aytəkin Həsənovanın fortepianonun tədrisi metodikasının təkmilləşdirilməsində,
30-dan artıq dərsliyin, Azərbaycan və dünya
klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın işıq
üzü görməsində əvəzedilməz
rolunu qeyd edib.
Onun həmkarları
bildirdilər ki, Aytəkin Həsənovanın
yaradıcılığının vacib
hissəsi müşayiətçi qismində fəaliyyətidir.
Aytəkin Həsənova uzun müddət Azərbaycanın
tanınmış ifaçıları Ramiz
Quliyev, Gülnaz İsmaylova, Nərgiz Kərimova, Gülağa Zeynalov və
başqalarını müşayiət edib.
Bu çıxışların lent yazıları hazırda Azərbaycan musiqisinin qızıl fondunda
saxlanılır. O həmçinin solo
karyerası çərçivəsində Kirxa,
Kapelhaus, Bakı Musiqi
Akademiyasının böyük zalı kimi yüksək mədəniyyət
ocaqlarının səhnələrində
çıxış edib.
“Mən fortepianoda
ifa edərkən həyatda hər şeyi unuduram”, – sənətşünaslıq
üzrə fəlsəfə elmləri doktoru
İradə Köçərli Aytəkin Həsənovadan sitat gətirib.
Köçərlinin sözlərinə
görə, Azərbaycanda tanınmış Mir
Cəlal Paşayev ailəsinin layiqli nümayəndəsi Aytəkin Həsənova
həmişə yüksək mədəniyyəti,
ziyalılığı, biliyi ilə fərqlənib.
“Aytəkin
xanım tələbələrə təkcə
ifaçılıq məharətinin zəruri biliklərini
aşılamaqla kifayətlənməyib, həmçinin dünya musiqisinin ən
gözəl və qiymətli nümunələrini nümayiş etdirib,
onların erudisiyasını və əhatə dairəsini
genişləndirən əsl pedaqoqdur”,
– gecədə onun həmkarı və
yaxın rəfiqəsi, Bakı Musiqi
Akademiyasının professoru Ülviyyə
Hacıbəyova deyib.
Onun sözlərinə
görə, Aytəkin xanım çox böyük həvəs və məmnuniyyət
hissi ilə tələbələrinə
dərin nəzəri biliklərini, zəngin praktiki
təcrübəsini verib. Onun
tələbələri hər zaman məharətlə
seçilmiş repertuarla
çıxış edib, musiqi
şedevrlərinin ifasının yüksək
texnikasını nümayiş etdiriblər.
Ü.Hacıbəyovanın sözlərinə görə,
Aytəkin xanımla ünsiyyət, ondan dərs
almaq tələbələri üçün təkcə faydalı deyil, həm də fəxr idi.
Xatirə gecəsində
çıxış edən həmkarları Azər Zeynalov, Nərgiz Kərimova, Gülağa
Zeynalov, Qərinə Kərimova, Səbinə
Babayeva, İlqar Muradov öz
ifalarını mehriban dost,
gözəl insan Aytəkin Həsənovaya
həsr etdilər. Qeyd etmək
lazımdır ki, gecədə
çıxış edənləri Aytəkin xanımın tələbələri
müşayiət edirblər.
Xatirə mərasimində Aytəkin
Həsənovanın ailə üzvləri və
yaxınları iştirak ediblər.
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 19 aprel.- S. 14.