Aşıq
Murad Kövrək: «Mən sənətə
saxta yolla gəlməmişəm»
Aşıq
Hüseyn Saraclının sonuncu
şəyirdi aldı görək «Mərkəz»ə nə dedi…
Həmkarlarından fərqli olaraq, üzdə olmağı, efirə
çıxmağı, jurnalistlərlə ünsiyyət
qurmağı heç xoşlamır.
Başını aşağı salıb, xudmani
emalatxanasında sazbəndliklə məşğul olur. Könlünə düşəndə də
telli sazını bağrına basıb
köhnə aşıq havalarını havalandırmaqla təşnə
ürəyinə su səpir.
Borçalının ətrini sığındığı
Borçalı ocağında-başına yığılan ustad aşıqlardan alır. Aşıq Hüseyn Saraclının sonuncu
şəyirdi söz xiridarı, saz ustadı, haqq
aşığı Murad Kövrəyi
deyirəm, danışmağı sevməsə də, 60 illik yubileyində biz onu danışdırdıq. Beləcə,
aradıq-axtardıq və onu xudmani emalatxanasında tapdıq…
- Bildiyimizə görə,
Aşıq Hüseyn Saraclının sonuncu şəyirdisiniz. Danışın
görək, ustad aşıqla
tanışlığınız hardan,
necə başlandı?- Hüseyn
Saraclı o vaxt kəndimizə-Borçalı
mahalının Dəllər kəndinə toya
gəlmişdi. Mənim də olardı onda
17-18 yaşım. O vaxtlar artıq mən
də toylarda, məclislərdə həvəskar
aşıq kimi tanınırdım.
Nə isə məclisin
axırına yaxın ağsaqqallardan biri məni tuşlayıb qayıtdı ki, bu cavan
oğlan da
yaxşı saz çalıb-oxuyandı, bir sazı ona ver, məharətini göstərsin. Bir «Göyçə gülü»
çalıb-oxudum. Xoşuna gəldi, «uzun boğazın var, səndən
yaxşı aşıq çıxacaq», -dedi.
Dedim ustad, məni
özünə şəyird götürərsənmi? Dedi, götürərəm. Onda
ustadın altmış yaşı vardı, mən onun sonuncu şəyirdi oldum. Yanında məni toya,
məclislərə aparıb-gətirirdi.
Düz beş il onun
evində-ailə üzvü kimi qaldım.
- Ustadın sizin
qarşınızda ən böyük
şərti nə oldu?
- Ədəb-ərkan. Ustad ədəb-ərkana çox
fikir verən adam idi.
- Siz daha çox ifaçı
kimi fəaliyyət göstərmisiniz, yoxsa aşıq kimi?
- Həm ifaçı, həm də
aşıq kimi. Amma
Bakıya gələndən sonra-1993-cü ildən bəri
sazbəndliklə məşğul oluram.
- Bəs “Kövrək” ləqəbini
sizə kim verdi?
- Elə cavanlıqdan hamı məni
belə çağırırdı. Şənimə şeir də qoşublar:
Kövrək Murad
kövrək-kövrək oxuma,
Bu kövrəklik
yandıracaq bizləri,
Söylə görüm,
göy yaylaqlar yordumu,
Nə fikirlə məskən etdin, düzləri.
- Hansı aşıqların
sazını siz
bağlamısınız?
- Çoxdular.
Şair Zəlimxan, Ramin
Qarayev, Qərib İncəli, Yaqub Şıxlının sazını mən
bağlamışam. İran
aşıqlarının çoxu
sazını mənə bağlatdırır.
- Hansı ağacdan
bağlanan saz daha mükəmməl olur?
- Saz tut və qoz ağacından
bağlanır. Qaracaoğlan deyir:
Sazım səni tərif
etdim,
Sənin əslin ağacdandır.
Ağac dedim, kefdən düşmə,
Xurma da var,
ağacdandır. Yəni keyfiyyətli ağacdan
da keyfiyyətli səs çıxır.
- Bildiyimizə görə
«Kövrək dübeyti»
havasını siz yaratmısınız?
Necə oldu, bu
hava yarandı, tarixçəsini bəlkə
bizə də nəql edəsiniz?
- Borçalıda yaşadığımız
vaxtlarda doğuldu bu hava. 1988-ci
ildə köçhaköçdə
kənardan durub mən də tamaşa edənlərdən
idim. Köç maşınlarının arxasınca baxdım və beynimdə bu hava yarandı.
- Bu gün dastançılıq
ənənəsi yaddan
çıxıb, aşıqlar
məclislərdə dastan
danışmır. Sizcə buna
səbəb nədir?
- İndi dastan dinləməyə insanların səbri çatmır. Bu saat toylarda,
məclislərdə bayağı
mahnılara qulaq asırlar, kimdi aşıqlara fikir verən. Amma sağ olsun, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, onun sayəsində aşıq
sənəti YUNESKO səviyyəsində
tanınıb, bu böyük qələbədir.
Digər
tərəfdən, dastanların
yaranması üçün
əsas olmalıdır.
Böyük sevgilər olmalıdır
ki, o sevgilərdən
bəhs edən dastanlar da yaransın.
Əvvəllər çayxanalara gedib
saz çalıb-oxuyanda,
dastan danışanda bir toyun pulunu
yığardıq. Əvvəldən aşığın dədəsi
evi çayxana olub. Çayxana sahibləri hərəsi
yanında bir aşıq saxlayırdı
ki, müştəri cəlb etsin. O aşığın hesabına
dolanırdılar.
- Bəs indi niyə, çayxanalarda oxuyan aşıqlara pis baxırlar?
- İndi dəyərlər dəyişib. Aşığa qiymət verən
yoxdur, aşıq gedib çayxanada oxuyur, kimsə çıxarıb ona beş-üç manat çörəkpulu verir.
Bu da aşığı
gözdən salır.
Əvvəlki toyxanalarla indiki
toyxanaların fərqi
çox olduğu kimi, çayxanalar da fərqlidir.
- Televiziyalarda bəzi
aşıqların şou
xarakterli proqramlara qatılmasına münasibətiniz
necədir?
- Çox pis. Aşıqlar özlərini gözdən
salır. Aşıq həmişə
ağırtaxtalı olmalıdır,
özünə hörmət
qoymalıdır. Aşığın nə ölümü var, maqazin proqramında.
Bu qalmaqal kimlərəsə
sərf edir deyə, aşıqları
qızışdırıb salırlar ortalığa,
əvəzində də
aşıq sənəti
gözdən düşür.
- Hal-hazırda hansı
aşıqları dinləyəndə
feyziyab olursunuz?
- Aşıq Cahangir
Quliyev, Ramin Qarayev, Əli Quliyevi dinləyəndə
ürəyim rahat olur… Çoxdu aşıqlar, hansı
birini sayım.
- Aşıqda əsas
ürəkdir, yoxsa barmaqlar?
- Aşığa haqqın
dərgahından pay yoxdusa,
o aşıq deyil. Bir var yalandan
saz götürüb aşıqlıq edəsən,
bir də var sinədən aşıqlıq səni yandıra-yaxa, haqdan gələ…
- Bəzən görürsən
aşıq havaları
oranjeman olunur, məsələn, «Baş
sarıtel» kimi… Sizcə, bunun yeri var?
- Qətiyyən. Saxta xallar
vurulur, əvəzində
əvvəlki havalardan
əsər-əlamət qalmır.
Mən bunun tərəfdarı deyiləm. Neyləsələr
də «Baş sarıtel»dən o yana heç nə eləyə bilməyəcəklər. Alınmayacaq.
- Aşıq geyimləri
də mübahisəli
məsələdir. Kimi
deyir, bizim aşıqların geyindiyi
libaslar Stalin dövründən
qalmadır və s…
- Stalin 1924-cü ildən sonra hakimiyyətə gəlib, aşıq geyimi isə lap keçmişdən geyinilib.
Dədə-babalarımız, ağa-bəylərimiz elə geyiniblər. Mən hesab edirəm ki, köhnə aşıqlarımız necə
geyiniblərsə, biz də
elə geyinməliyik.
Xanım
aşıqlarımız da
örpəklə məclisə
çıxmalıdırlar.
- Bugünkü aşıqlardan
kimlərlə dostluq edirsiniz?
- Hamısıyla. Aşıq Ədalət
Nəsibovdan tutmuş
cavanlara qədər.
- Bu yaxınlarda aşıq
Hüseyn Saraclı haqqında sənədli
film çəkmişdilər, amma sizi o filmdə
görmədik, niyə?
- Bu sualı mənə
yox, həmin insanlara vermək lazımdır. Bir də görürsən Hüseyn Saraclı haqqında veriliş hazırlayırlar, beş il evində qalıb şəyirdlik dərsi alan yetirməsi qalır burda, gedib, onuncu dərəcəli
adamdan fikir öyrənirlər. Ay balam,
bu kişini tanıyan mənəmsə,
gəlin məndən
soruşun da. O adam axı
hardan tanıyır, Saraclını? Bu yaxınlarda «Ozan» verilişi də ustada həsr olunan veriliş hazırladı, məni ora dəvət etmədilər. Niyə, nə
üçün? Əksinə mən o verilişdə canlı şahid kimi danışaram. Hüseyn Saraclı axırıncı
toyu mənim evimdə edib-oğlumun sünnət toyunu.
- Şeir də yazırsınız, bəlkə
birini bizə də söyləyəsiniz…
Kəhərə yaraşar, naxışlı
xurcun,
Dərd-qəmin dağılar, olsa da borcun.
Leyli xəyalında olardım məcnun,
Sayrışanda qatar-qatar yurd yeri.
Murad qonaq gələr, çəmənlər gülər,
Elə bil qayıdar uşaqlıq illər,
Elə ki payızda köç edər ellər,
Zimistanda yasa batar
yurd yeri.
- Ustad, klassik aşıq havalarımız
olan «Zarıncı», «Sultanı», «Məmmədbağırı»,
«Dol hicranı» – bunlar indi eşidilmir,
səbəb nədir?
- Bu havalar hamısı
qəm üstündə
yaranan havalardır. Bu havaları bilən
aşıqlar oxuyur.
Həm də gərək bu havalara tələbat
olsun ki, aşıqlar da oxusun. Camaat artıq klassik
havaları unudub, müasirləşiblər.
- Şagirdləriniz varmı?
- Ustad şəyird
yetirməsə aşıq
deyil. Şagirdlərim çoxdu, aşıq
Məşkür var indi Moskvada yaşayır,
Hüseyn Saraclı yolu oxuyur. Sazbənd şəyirdlərim də
var, ustadlara saz bağlayırlar.
- Ustad, qoy, onu da xəbər
alım, səsi qorumaq üçün aşıqlar hansı vasitədən istifadə
edirlər?
- Aşıq səsini
soyuqdan, acı yeməklərdən qorumalıdır.
İçkidə ki, öz yerində, səsə ziyandı.
… Elə bilməyin
ki, aşıq Murad Kövrəyin yalnız Borçalı ləhcəsində şirin
söhbətlərinə qonaq
olduq, yox, Hüseyn Saraclının sonuncu şəyirdi sözümüzü yerə
salmayıb, bizi klassik aşıq havalarıyla da feyziyab etdi. «Dol hicranı», «Zarıncı», Baş sarıtel»… Ay çaldı-oxudu
ha! Həm ruhum dincəldi,
həm də yorğunluğum canımdan
çıxdı. Bizdənsə demək qaldı; səsinə qüvvət
haqq aşığı.
Yubiley günündə aşığa
bir arzumuz da var: inşallah,
tezliklə zəhmətinin
bəhrəsini görəsən
və layiq olduğun qiyməti alasan!
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 25 aprel.- S.14.