Xatirələrim kimi, şəkillərim də işğaldadır»

 

«İnsanın bu dünyadan gedişi hardasa müəyyən qədər öz əlində olsa da, gəlişi belə deyil. Düşünürəm ki, hər bir insanın doğuluşu da Tanrı düzəninin dəqiq hesabına uyğundur və ana bətnindən azad olarkən təkcə fizioloji varlığın tamamlamır, ciyərlərinə hoparaq səni ağladan həyatla tanışlığın doğulur. Kimlik, məkan isə insandan sonra gəlir. Amma zaman yox. Zamanı heç cür qabaqlaya bilmirsən. Eləcə də mən, çoxlu mənlərdən biri olaraq, təbii zərurət kimi dünyaya göz açmışam. Amma bu gün o gündən gördüklərimə görə deyil, eşitdiklərimə əsasən bəhs edirəm.

1980-cı il dekabrın 25-də deyilənə görə, qarlı bir qış günündə Zəngilanda doğulmuşam. Təfərrüatları öyrənməyə isə tale, yaxud da Tanrı macal verməyib. Amma bu gündən bəhs edəndə həmişə nədənsə deyirəm ki, görürsünüz mən İsa peyğəmbərlə eyni gündə doğulmuşam. Nənəm adımı verib. Bu ad bildiyimə görə torpağa bağlılıq ifadə edir. Adın insanın taleyindəki rolu da mənim sonrakı yaşantılarımda hər dəfə özünü təsdiq etdi»,- deyən bu qızın da taleyinə torpaq həsrəti yazılıb. Bu qızı hamınız yaxşı tanıyırsınız. Tanınmış jurnalist, həm də peşəkar bir aparıcı kimi. Hər dəfə «ANS»in efirində bizimlə səmimi söhbətləri ilə evlərimizə qonaq gələn Zəminə Əliyeva bu dəfə güzarını «Mərkəz»ə saldı.

- Zəngilanla bağlı xatirələr hardan başlanır, Zəminə?

- Xatirələr sandıqda eşələyib tapdığın, amma heç cürə bu günün boyuna, biçiminə uyğunlaşdırıb geyə bilmədiyin, sadəcə xoş, yaxud da kədərli anlarla oxşayıb yerinə qoyduğun paltarlara bənzəyir.

Mənim üçün Zəngilan nədənsə daha çox əlimi göyə açıb gördüyüm çinarlarla xatırlanır. Onların ucalığında Allahın böyüklüyünü axtarmışdım həmin gün. Mərhəmətini diləmişdim. Oktyabrın 3-ü,1988-ci ildə anamın öldüyü gün. O gün mən yenidən doğuldum. 2-ci dəfə anamdan ayrılmaqla.

- Zəngilanda qoyub gəldiyin qayğısız günləri necə xatırlayırsan?

- Qayğısız, xoşbəxt günlərim 8 yaşa qədər olub. Bu illər ərzində kiçik ştrixlər yadda qalıb. Məsələn, məktəbə getdiyim gün, daha çox ağaclarla söhbətləşməyim…

- Zəngilandan ayrıldığın o əzablı anları ağır da olsa, bizə təsvir elə?

- Onda mənim 12 yaşım var idi… Oktyabr ayının 25-də həmyerlimiz Mehdi Məmmədrzayevin başçılıq etdiyi dəstə Mahmudlu postunu ələ keçirmək istəyən ermənilərin hücumunun qarşısını alsa da, döyüş səngimir. 8 nəfər əsgər şəhid olur. Düşmənin 4 tankı, bizim isə bir tankımız məhv edilir. Ağalı, Mahruzlu kəndi işğal olunur. Ağalı istiqamətində ermənilərin 8 tankı irəliləyir. Alay komandiri, polkovnik Firidun Şabanov əhalini döyüşə getmək əmri ilə səfərbər edir. Oktyabrın 26-sı… Zəngilan artıq mühasirədə, əhali çaşqın vəziyyətdədir. Müharibəni, doğma vətənindən zorla ayrılmağın nə demək olduğunu hiss etmək üçün sadəcə, o zaman insanların dəhşəti, çaşqınlığı andıran üzünə baxmaq kifayətdir. Bu insanların içərisində mən də var idim. Və onlardan fərqlənə bilmirdim. Çünki bu günlərin, ümidsizliyin, müharibənin dəhşəti yaşlar arasında fərqi silmişdi. Hamı bir-birinə bənzəyirdi. 6 aydır qaranlıqda yaşayan əhali üstəlik mühasirədə də qalmışdı. İranla danışıqlar nəticəsində sərhədlər açıldı və Arazı keçməklə bizi müşayiət edən güllə yağışından uzaqlaşa bildik. Arazın o tayı, bu tayı anlayışı da öz təsirini itirmişdi o zaman.

Top mərmiləri altında əhali nə götürə bilərdi. Geyim və yataq. Maşının yük yerində olanların neçəsi suya düşüb boğuldu. Camaat Zəngilanı tərk etmək istəməsə də, buna məcbur idi. Oktyabrın 28-də yağan yağışlardan sonra isə Araz daşmışdı. O zaman düşünürdüm ki, 3 tərəfdən düşmən əhatəsində qalan camaat üçün bu Tanrı qarğışıydı, yoxsa gücsüzlük hər nə idisə zəngilanlıların taleyinə yavaş-yavaş köçkünlük yazılırdı. Və bu yazı mənim adımın əvvəlinə də göz yaşıyla yazılırdı. Sonuncu olaraq tanklar da Arazı keçəndə və Araz boyu yanan torpaqları gördükcə ağlayırdım. Bu ağlamaq Bakıda bir yataqxanada məskunlaşandan sonra düz 3 ay hər gecə davam etdi. Gizlicə hər gecə ağlayaraq yuxuya gedirdim bir arzuyla ki, kaş bu yuxu olaydı.

- O yerlərdə nələri əmanət qoyub gəldin?

- Təbii ki, qəbirlərimizi, xatirələrimizi. Bir də buna sadiq qalıb mərdanə ölümü seçən babam Yaqubu . O, 1941-45-ci il müharibəsinin gənc ikən qalib əsgəri ola – ola ahıl çağlarının məğlub kişisi olmağı heç cürə qəbul edə bilmədi. Təkidlərimizə baxmayaraq, «kişi başqasının evinə sığınmaz» deyərək, qaçqın kəlməsinin adının əvvəlinə yazılmasına imkan vermədi.

- Zəngilansız yaşamaq Zəminə üçün nə deməkdir?

- Mövsüm dəyişəndə, yazın nəfəsi duyulanda o yerlər üçün çox darıxıram. Doğrudan da torpaq, vətən nisgili çox ağır olur. Vətənsiz böyüdüm, böyüdükcə də bu nisgil də böyüdü. Ağrıları da dərinə işlədi. Hər gün keçdikcə ağrı öləzimir. Daha dərinə işləyir. Çünki keçən hər gün bizi o torpaqla bağlayan bağların ordan köç edən insanların tədricən ölməsi ilə qırılır. O insanların sayı azaldıqca o yerlərin yaşamaq ömrü də

qısalır. O torpaqdan xəbərsiz dünyaya gələn nəsillər artıq formalaşır. Belə bir vəziyyətdə dünyaya gələn hər bir uşaq mənim üçün həm də bir qorxudur. Doğma torpağın bu uşaqlara yadlaşmaq qorxusu.

- O yerlərin ətrini indi necə alırsan?

- Füzuli, Ağdama jurnalistik fəaliyyətimlə əlaqədar olaraq gedəndə, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Düşünəndə ki, uşaqlığının, evinin bir neçə addımlığındasan, ürəyin sinəndən kənara çıxmağa can atır. Eyni zamanda da məyus olursan ki, belə yaxın ola-ola biz torpaqlarımızın bir nöqtəsindən digərinə gedə bilmirik. Bu insanın içini qovurur. Mən indi o yerlərin ətrini yaxınlarımdan, sıraları getdikcə seyrələn həmyerlilərimdən alıram .

- O yerlərdən yadigar fotoların qalıbmı?

- Fotolar olub, amma qeyri-adi bir vəziyyətdə oradan çıxanda heç bir şəkil götürə bilməmişəm. Xatirələrim kimi, şəkillərim də işğaldadır.

- Keçən günlərini qaytarsaydılar, gələn günlərini qurban verərdinmi?

- Nəzərə alsaq ki, keçən günlərim qurbanlarla doludur, artıq heç nəyi qurban vermək istəmirəm. Amma biz o torpaqlar naminə hamımız qurban getməyi bacarmalyıq. Çünki torpağa yol ancaq onun altından keçir.

- Uşaqlığın – içində yaşatdığın o balaca Zəminə sənə hansı sualları verir və sən o sualların hamısını cavablandıra bilirsənmi?

- Bəlkə də inanmayacaqsınız. O suallar elə o zaman verilib. Çünki bilmirəm hansısa bir hiss mənə o zaman təlqin edirdi ki, bunları itirəcəksən. Mən evdə tək uşaq olduğuma görə bir az qəribə olmuşam. Dostlarım oxuduğum kitablar, bir də bağımız – oradakı ağaclar, güllər idi. Mən onlarla danışanda yenə də vurğulayıram ki, hansısa hissin diqtəsi altında onlara sizi bir də görməyəcəyəm deyirdim. Bunu laləli taxıl zəmilərinin içərisindən keçəndə də hiss edirdim. Odur ki, əvvəlcədən hər şeyə hazır idim və sonra cavablaya bilməyəcəyim sualı elə o zaman cavablandırmışdım.

Amma anama bir sual verməyə belə vaxtım olmadı. Bu baxımdan cavabsız suallarım çoxdur.

- O torpaqlarda hansısa əzizin uyuyurmu?

- Orada anamın, xeyli sayda şəhid qohumlarım uyumaqdadır. Amma uyumağa imkan versələr, bəlkə də efirdə görmüsünüz. Xaricdə yaşayan qohumlarımız vasitəsilə kəndimizin dağılmış təsvirlərini əldə etmişdik və mən 2004-cü il 8 mart günündə bu kadrlar əsasında material hazırladım. Həmin materialı olduğu kimi verirəm.

Düz 11 ildir anam məndən küsüb. Həm ana torpağım , həm də artıq torpaq olmuş anam. Ey, Azərbaycan kişisi və əsgəri, onunla barışmaq üçün 11 ildən sonra yola tək çıxıram. Özü də hədiyyəsiz. Həm də çox nigaranam görəsən tanıyacaqmı? Ona görə də siz kişiləri bu kadrlara baxmağa çağırıram. Tanımasam, kömək edəsiniz deyə. Artıq yoldayıq. Öz anamı ağuşuna alan torpaq anam Zəngilana yol bu maşının içərisindən başlayır. Dağılmış və xarabazara çevrilmiş evlər. Ermənilərin anamın qayğısına qalması xoşunuza gəlirmi? Necə, əsəbiləşirsiz? Çox nahaq yerə. Nə qədər ki, vətən sevgisini yetkinləşdirib içərimizdən çölə çıxara bilməmişik, o qədər də xarabalıq görmək nəsibimiz olacaq. Ta ki, erməni maşının şüşəsindən yox, avtomatın nişangahından baxana qədər. Nə isə yolçu yolunda gərək. Yollara isə su səpilməyib. Kol-kos, tikanlar örtüb. Düşmən gələndə ayağına batsın deyə. Elə torpağa sadiq də bax bu ağaclardır. Erməni maşınına ağacların qol-budaqları ilə müqavimətini deyirəm. Biz sinəmizi sipər etməli olduğumuz halda, bunu ağaclar edir.

İndi bizi tapmayıb, ağaclara işgəncə verirlər. Lap əzalarımızı sındırıb, vəhşicəsinə zövq aldıqları kimi. Deyəsən kəndə çatmışıq. Amma mən bu kəndi tanımıram. Siz necə kişilər tanıyırsınızmı? Nə oldu tanımadınız? Axı kişi evinə sahib çıxar-deyirlər.

Sağsağan xəbərə qaçmışdı. Özü də düz qəbiristanlığa. Amma bu ayaq səslərinin erməniyə məxsus olduğunu duyub məyus oldu. Hə, gündə yüz dəfə ölülərinin goruna and içənlər. Gorbagor edilmiş gorlarınızdan əsər-əlamət belə yoxdur. Düz 11 il əvvəl bu qəbiristanlıqda mərmər baş daşlar ucalardı. Ermənilər isə çıxarıb satıblar. Sahib çıxmadığınızı görüb, ölülərimizin ruhunu, xatirəsini satışa çıxarıblar. Mərmər daş demişkən. Anamın qəbrini axtarıram. Gözüm təsadüfən yerdə sınıb qalmış daşa və onun üzərinə yazılmış sözlərə sataşır. Acgözlüklə oxumağa çalışıram.

 

Apardı yaman qəm kədər məni

Apardı Günəş bu səhər məni

Mənim də ömrümü sən yaşa qızım.

Yad edib bu qədər ağlama məni.

 

Ağlamaya isə bilməzdim. Onu tapmışdım. Naxələf övlad olmağıma baxmayaraq, anam məni tərk etmək istəməmişdi. Daş olub torpaqdan qopmamışdı. Onu tapa bilməyim üçün.

Artıq hava da hirsindən qaralıb. Dözməyib ağladı da. Elə xatirə olaraq göz yaşlarını da kameranın obyektivində buraxdı. Bu mənim anamı təbrik etmək cəhdim idi. Həm də siz kişilərin vətənə münasibətinizdir. Vətənə münasibətiniz isə anaya, qadına münasibətinizin aynasıdır. Bu aynadan baxdıqda isə işğal olunmuş torpaqlar, işgəncələrlə qətlə yetirilmiş və heysiyyatı, mənliyi təhqirlərə məruz qalaraq erməni əsirliyində yaşamağa məhkum qadınlar, doğma yurdundan didərgin edilərək çadırlarda tədricən ölümə məhkum qadınlar və nəhayət bütün bunlara sadəcə ötəri nəzər salmaqla kifayətlənən, ana – bacılarının əsir olmağı ilə barışan , laqeyd Azərbaycan kişiləri görünür. Deməli, vətənin itirilməsi ilə ananın, onun timsalında həm də qadının yoxluğuna rəvac verdik. İndi bu anaların ayaqları altında nəinki cənnət , heç quru torpaq da yoxdur. Və vaxtilə səcdə üçün qadın qarşısında fəxrlə əyilməyə can atan Azərbaycan kişisi təəssüf ki, bu gün onun qarşısında utanc əlaməti olaraq başını aşağı əyir. Amma onu da deyirlər ki, kişini qadın kişi edir. Bəlkə də…

- Heç yuxuda Zəngilanı görürsən? Necə görürsən?

- Görürəm, amma hərdənbir. Həmişə də yarımçıq olur bu yuxular. Yaxud evin bir hissəsini görürəm heç vaxt tam şəkildə görə bilmirəm.

- İnşallah Zəngilan alınanda, ilk olaraq haranı ziyarət edəcəksən?

- Evimizə, sonra isə anamın qəbrinə doğru qaçardım.

- Zəngilandan gətirdiyin hansısa bir əşyanı saxlayırsanmı?

- Sırğamı saxlayıram. Onu bir ay idi almışdıq. Lakin itirdim. 6 ay torpaqda gizlənib qalıb. Düz 6 aydan sonra onu tapdıq. Torpaq onu qoruyub saxlayıb, itməyə qoymayıb.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2012.- 27 aprel.- S. 14.