Musiqimiz Londonu fəth etdi

 

Nəzakət Teymurova: “Bu alqışlar Azərbaycanın adına ünvanlanmışdı”

 

Xalq artisti, Akademik Opera və Balet Teatrının aparıcı solisti, xanəndə Nəzakət Teymurova isti-isti təəssüratlarını ilk olaraq «Mərkəz»lə paylaşdı…

 

- Azərbaycan musiqisi o qədər gözəl, o qədər axıcıdır ki, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq uğur qazanır. Elə növbəti dəfə də belə oldu. İngiltərədə çıxışımız zamanı da mükafata layiq görüldük. İnanın ki, sevincimin hədd-hüdudu, yoxdur, ən azı ona görə ki, Azərbaycanımızın adına xoş sözlər deyildi, musiqimiz vəsf olundu. Bir xanəndə xanım olaraq bundan gözəl fəxarət nə ola bilər ki? Londonda musiqiçilərin və tamaşaçıların iştirakıyla böyük bir izdiham yaşandı. Mənim ifam zamanı zal ayaqüstə alqışlayırdı, çox həyəcanlı dəqiqələr yaşadım. Mən orada sual etdim ki, bizim musiqiləri niyə bu qədər çox sevirsiniz? Cavab verdilər ki, Azərbaycan musiqiləri düşündürən musiqilərdir, fəlsəfə ilə doludur.

- Festival zamanı hansı musiqiləri ifa etdiniz?

- Bizə bir saat vaxt ayrılmışdı, orada mən musiqiçilərlə bir yerdə «Mahur hindi» «Şur» muğamlarını ifa etdik. Onu da deyim ki, bu konsertə xüsusi hazırlaşmışdıq, muğam üçlüyü ilə bərabər bir neçə gün məşqlər etmişdik. Məşqlər öz bəhrəsini verdi biz əcnəbilərin ürəyini fəth edə bildik. Festival canlı olaraq yayımlanırdı, bu da həyəcanı birə-beş artırırdı. BBC Radiosu vasitəsilə canlı yayımlanan festivalda hesab edirəm ki, insanlara zövq verə bildik. Çünki bu, alqışlardan da bəlli idi, ara vermədən bizi sürəkli alqışlayırdılar. Bu alqışlar Azərbaycanın adına ünvanlanmışdı.

- London tamaşaçısı Azərbaycan tamaşaçısından nəylə fərqlənirdi?

- Azərbaycan tamaşaçısı hisslərini sakit şəkildə ifadə etməyə üstünlük verirlər. Amma ingilislər çox coşğu nümayiş etdirdilər, onlar dayanmadan öz duyğularını ifadə edirdilər. Mən onlardan enerji alırdım zalla aramızda böyük bir enerji mübadiləsi baş verdi. Mən bu coşğunu görüb özüm coşurdum.

- Bildiyimiz qədər bu sizin Londona ilk qostrol səfəriniz olub, təkliflər aldınızmı?

- Xeyli təkliflər aldım, orada musiqi sahəsinə aid olan hər kəs məni növbəti dəfə Londonda konsertlər verməyə dəvət edirdi.

Bu təklifləri dəyərləndirdikdən sonra İngiltərənin bir neçə şəhərində konsert proqramları ilə çıxış etməyi düşünürəm. Niyə olmasın? Əgər burada söhbət Azərbaycan musiqisindən gedirsə, mən hər zaman musiqimizi ölkə xaricində təmsil təbliğ etməyə hazıram. Həm bundan böyük iftixar hissi keçirirəm. Təsəvvür edin, bütün qəzetlər Azərbaycan musiqisinin gözəlliyindən, əzəmətindən yazır, hər kəs musiqimizdən danışır.

 

 

Mərkəz.- 2012.- 8 avqust.- S. 14.