“Məni heç vaxt şöhrət
maraqlandırmayıb”
İlham Nəzərov: «Mən xəyalımı
gerçək etdiyinə görə ömrümün
axırına kimi Prezidentimə və birinci xanım Mehriban Əliyevaya borcluyam»
Gənc
istedadlarımızın xarici ölkələrdən xoş
sorağını eşidəndə həmişə bir azərbaycanlı
olaraq qürur hissi keçiririk. Belə gənclərdən
biri də İlham Nəzərovdur. Klassik musiqisevərlər
qeyri-adi ifaçılıq qabiliyyatı ilə fərqlənən
və Azərbaycanımıza uğur gətirən
İlhamı yaxşı tanıyır. Hazırda İtaliyada
təhsil alan gəncin səs-sorağı tez-tez beynəlxalq
festivallardan, konsert salonlarından eşidilir. İlham o
istedadlı gənclərdəndir ki, onun İtaliyada təhsil
almaq arzusunu ölkə prezidenti və Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva gerçəkləşdirib.
Belə ki, İlham prezidentin «Azərbaycan gəncləri
2011-2015-ci illərdə» gənclərə dəstək layihəsi
çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin də dəstəyi ilə İtaliyayada Osimo
Darte Lirika Akademiyasında təhsil alır.
Hazırda
doğma Vətənə- tətilə gələn opera sənətçisini
biz də redaksiyamıza dəvət etdik. İlham təhsilindən,
uğurlarından, bir də canı qədər sevdiyi Azərbaycan
musiqisini dünyada fəxarətlə təmsil etməsindən
danışdı… Yox, o təkcə danışmadı, həm
də oxudu. Həm bariton, həm də kontur-tenor kimi elə məharətlə
ifa etdi ki, bütün redaksiya bir neçə dəqiqəliyə
əlini işdən ayırıb onun səsinin sehrinə
düşdü.
- İlham gənc, istedadlı
musiqiçisən, sənət cameəsində gözəl
tanınırsan, amma səni daha yaxından tanıyaq; harda
doğulmusan, hansı ali məktəbdə təhsil
almısan?
- 1985-ci
ildə Əlibayramlıda, indiki
Şirvan şəhərində anadan olmuşam. Orta təhsilimi
doğulduğum şəhərdə alandan sonra Bakıda
bülbül adına orta istisas musiqi məktəbinə daxil
olmuşam. Bakı Musiqi Akademiyasını bitirmişəm.
Akademik Opera və Balet Teatrı və Üns Yaradıcılıq səhnəsi
solistiyəm, Azərbaycan Dövlət Xor kapellasının
artistiyəm, Dövlət mahnı və Rəqs
ansanblının artisti olmuşam. Dövlət Musiqili Komediya
Teatrında da müqavilə ilə tamaşalarda
oynamışam.
- Bildiyim qədər sən əvvəllər
muğam ifaçılığı ilə məşğul
olmusan, amma nədən sonradan ifa tərzini dəyişməli
oldun?
- Bəli
mən ustad sənətkar Ağaxan Abdullayevin tələbəsi
olmuşam, amma sonradan musiqinin digər janrları da məni
özünə cəlb etdi. Cazla məşğul olmağa
başladım. 2000-2001-ci illərdə beynəlxalq caz-blyuz
festivalının laureatı da oldum.
- Dəfələrlə
bir sıra yerli və beynəlxalq festivallara qatıldım,
konsertlərdə çıxış etdim. Bu gün də
italiyada təhsil aldığım müddətdə bu dəvətlər
davam etməkdədir. Hazırda İtaliyanın Ozimo şəhərində
Ozimo Darte Lirika Musiqi Akademiyasında təhsil alıram. Və
tətilə buraxıldığım üçün
doğma Bakıdayam. Əslində iyun ayından tətilə
buraxılmışdıq, sadəcə, beynəlxalq festivala
dəvət aldığım üçün Bakıya gec gəlməli
oldum.
-Biz o festivalda sənin
uğurlarını eşidib çox sevindik. Festivala kimin dəvəti
ilə qatılmışdın, ümumiyyətlə,
hansı ölkələrin musiqiçiləri orda iştirak
edirdi
-Festivalın
təşkilatçıları bizim Akademiyada ən
yaxşı ifaçıların axtarışına
çıxmışdılar, orda mənim səsimi
eşidib, bəyəndilər və festivala dəvət etdilər.
25 ifaçı arasında mən seçildim.
İtaliyanın Marina-Franka şəhərində keçrilən
38-ci Dela Vale Ditria festivalın barokko musiqisinə həsr
olunmuş bir festivaldır. Dünyanın ən
tanınmış barokko ifaçıları-Mariella Devia,
Sonya Prina, Paola Koni, Antonio Qreko bu festivalda iştirak edirdi. Festivalda dörd opera nümayiş
olundu ki, onlardan ikisində mən çıxış etdim.
Luici Rossinin «Orfey» operasında əsas partiyanı ifa etdim.
-Mən
o festivalda həm bariton, həm də kontur-tenor kimi təmsil olundum.
Onu da deyim ki, bəlkə də elə təşkilatçıların
diqqətini mənim kontur-tenor olmağım cəlb etdi. Mənim
ikisəslə oxumağım onlarda böyük maraq hissi
doğurmuşdu.
-Azərbaycanda tenor, bariton, saprano sənətçilərin
olduğundan xəbərimiz var, amma mən ilən
kontur-tenorumuz yoxdur, səhv eləmirəmsə?
-Bəli,
mən kontur-tenor səs tembrinə malik olan yeganə peşəkar
azərbaycanlıyam. Sadəcə, buna cəhd etmək istəyənlər
olur, amma bu səs tembri sənətçidən böyük
ustalıq tələb edir. Bu səs tembrinə malik olan sənətçidən
borokkonun bütün sirlərini peşəkar səviyyədə
bilməsi tələb olunur. Kontur-tenor folsetin daxili güc
hesabına inkişaf etdirilmiş formasıdır.
-Necə qarşılandı
çıxışın?
-
Möhtəşəm.
İtaliyanın tanınmış mətbu orqanları mənim
ifamı yüksək qiymətləndirdi. Hər kəs mənə
yaxınlaşıb, öz ölkəsində işləməyə
dəvət edirdi. Ümumiyyətlə, italiyada təhsil
aldığım müddətdə Astriya, Almaniya, Estoniya və
digər ölkələrdə işləmək təklifləri
almışam.
- Qəbul etmisən?
-
Yox, mən Azərbaycanımda xalqıma xidmət etmək istəyirəm.
- İtaliyada təhsillə Azərbaycandakı
təhsil arasında fərq nədədir?
- Fərq böyükdür,
İtaliya operanın vətənidir.
Ümumiyyətlə,
İtaliyada təhsil almaq mənim ən böyük arzum idi. Amma italiyada təhsili xəyal edirdim. Çünki bilirsiniz ki, orda təhsil çox bahadır. Sağ olsun prezidentim, Azərbaycanın
birinci xanımı, bir də Mədəniyyət
və Turizm nazirliyinin dəstəyi ilə bu xəyalım
gerçək oldu. Mən ömrümün axırına kimi Prezidentimə və birinci xanım Mehriban Əliyevaya borcluyam.
Mənə maddi dəstək
ayrıldı və mən də təhsili başa vurduqdan sonra onların dəstəyinə
cavab olaraq Azərbaycan musiqisini bütün dünyada layiqincə təmsil və təbliğ edəcəyəm.
- Orda təhsil aldığın
müddətdə heç
çətinliklərin oldumu?
- Təzə-təzə vaxtlarda
çox çətin
oldu mənə, çünki dili bilmirdim, müəllimlər
nə deyirdi başa düşmürdüm,
ünsiyyətə girə
bilmirdim. Gecə-gündüz əziyyət çəkəndən
sonra dili öyrəndim və
problem öz-özünə həll olundu.
- İtalyanlarla
oxşar cəhətlərimiz
çoxdur, bu mənada ölkədə
yəqin isti qarşılandın?
- Bəli onlar da bizim kimi
istiqanlı millətdir.
Amma deməliyəm ki, biz yeməklərdə onlardan
üstünük. Yeməklərini heç xoşlamadım, buna görə də özüm özümə yemək bişirməli oldum.
- Hansı yeməkləri daha mükəmməl şəkildə
bişirməyi bacarırsan?
- Hamısını, plovdan tutmuş, dolmanın bütün növlərinə
qədər.
- Akademiyada sənə münasibət
necədir?
- Çox yaxşı. Məni bir ifaçı olaraq müəllimlərim
yüksək qiymətləndirir.
Mən buna zəhmətimlə nail olmuşam.
- Arzularını
bilmək maraqlı olardı?
- Arzularım bir-bir yerinə yetir. İtaliyada təhsildən sonra Azərbaycanımı həm
öz Vətənimdə,
həm də dünyada fəxarətlə
təmsil etmək niyyətindəyəm. Məni heç
vaxt şöhrət maraqlandırmayıb, sadəcə
musiqidə uğurlara
imza atmaq istəyirəm.
…
İlham redaksiyamıza gətirdiyi çoxlu sayda təşəkkürnamələri,
fəxri diplomları, haqqında yazılmış əcnəbi
qəzetləri bizə göstərir.
Dünyaşöhrətli
sənətçilərin onun haqqında dəyərli fkirlərini
oxuduqca və sənətçimizin bu qədər yüksək
uğurlarından xəbərdar olduqca qürur hissi
keçirdik. Əhsən, vallah!
Cəvahir Səlimqızı
Mərkəz.-2012.-11 avqust.-S.14.