Müasir Azərbaycan qadını
obrazı…
“Mehriban
Əliyeva dünyada müasir Azərbaycan qadını
obrazını yarada bildi”.
Azərbaycanda
belə bir deyim var: “Hər güclü kişinin arxasında
bir zərif qadın dayanır”.
Tarixi səhifələsək bu zərbi-məsəlin
zaman-zaman öz təsdiqini
tapmasının şahidi olacağıq. Dünya siyasətində bir
çox siyasi simalar var ki,
onlar siyasi, sosial, ictimai və mədəni
mövqeyinə görə cəmiyyətdə çox böyük nüfuza sahibdirlər. Bu gün Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın
ictimai-siyasi portretini
xarakterizə edən siyasilərimiz də əsasən bu məqamların üzərində
dayandılar.
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, millət vəkili Aydın
Mirzəzadə:
-
Mehriban xanım özünün fəaliyyəti ilə həm
Azərbaycanda, həm dünyada müasir Azərbaycan
qadını obrazını yarada bildi. O qadın ki, ictimai fəaliyyəti
göz qarşısındadır. O qadın ki,
xalqının, dövlətinin inkişafı
üçün böyük işlər görür. O
qadın ki, öz ailə nümunəsi ilə cəmiyyətdə
xoş duyğular yaradır. Mehriban xanımın bu cür
müsbət xüsusiyyətləri birincisi özünün
doğulduğu mühitdən, ailədən gəlir.
İkincisi, təbiətdən gələn şəxsi keyfiyyətləri,
onun daima öz üzərində işləməsinə, həmişə
fəaliyyətində müsbət nəticələr əldə
etməsinə gətirib çıxarıb. O, bütün
sahələrdə həmişə uğurlar əldə
edib. Onun Milli Məclisin deputatı kimi fəaliyyəti bir
çoxları üçün nümunədir. Parlamentin
işində fəallıq göstərir, Azərbaycanın
xaricdə tanıdılmasında böyük işlər
görür. Onun beynəlxalq təşkilatlardakı təmsilçiliyi
Azərbaycanla bağlı müsbət fikirlərin
yaradılmasında böyük imkanlar yaradır. Mehriban
xanımın Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini
beynəlxalq aləmdə tanıtması istiqamətindəki
fəaliyyəti çox təqdirəlayiqdir. Onun istiqamətlərdən
biri də Heydər Əliyev Fondunun bugünkü fəaliyyətidir.
Mehriban
xanım Əliyeva ötən il “Eurovision”un Bakıda
keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin
sədri oldu. Bir il ərzində Milli Parkın
uzadılması, orada möhtəşəm “Kristal sarayı”n
yaradılması və yarışın yüksək səviyyədə
təşkil edilməsinə nail oldu.
Bu
gün Azərbaycan özünün dirçəliş
dövrünü yaşayır. Bu böyük işlərdə
Mehriban xanımın xüsusi bir imzası var. Onun Prezident
İlham Əliyevin fəaliyyətinə daima dəstək
olması, özünün fəaliyyəti ilə ölkə
başçısının işlərinə xüsusi
örnək gətirməsi göz qabağındadır.
Mehriban xanım eyni zamanda yüksək mənəvi və
insani xüsusiyyətlərə malik olan bir şəxsdir. O,
Azərbaycan xalqının fəxridir.
Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa:
-
Mehriban xanım Azərbaycanın siyasi mühitinə fərqli
bir hərəkətlilik gətirən insanlardandır. Onun həm
millət vəkili, həm də ictimai-siyasi fəaliyyəti
kifayət qədər geniş tanınır və sərhəd
hüdudlarını aşır. Onun gördüyü işlər
Azərbaycanın tanınmasında, xüsusilə də beynəlxalq
mədəni sferada ölkəmizlə bağlı təsəvvürlərin
dəyişməsində mühüm əhəmiyyət kəsb
edir. Bu sırada onun muğam sənəti sahəsindəki
işlərini xüsusilə qeyd etmək olar. Bundan başqa,
onun rəhbərliyi ilə istər idman sferasında, istərsə
də mədəni irsin tanınması prosesində çox
ciddi əməyi var. Adətən Şərq mühiti olan cəmiyyətlərdə
qadınların siyasətdə bəlli bir rolunun qabarması
çox çətin bir prosesdir. Amma Mehriban xanım bu
stereotipləri dağıda bildi. Göstərdi ki, ölkənin
tanıdılması, ölkənin irəli aparılması
üçün qadınların xüsusilə də ön cərgədə
olması, proseslərə təsir etməsi daha vacibdir.
Düşünürəm ki, Azərbaycanın gələcək
mədəni irsinin dünyaya tanıdılması, dünya tərəfindən
əxz olunması istiqamətində görülən işlərin
qiymətini zaman verəcək.
Mehriban
xanım təşəbbüskar qadın obrazını
dünyaya təqdim etdi. İkinci tərəfdən də
aktual problemlərə toxunma yetənəyini göstərdi.
O, öz fəaliyyətində ümumi standartlardan kənara
çıxaraq, təşəbbüskar qadın
obrazını dünyaya təqdim etdi.
ASDP sədri Araz Əlizadə:
-
Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi öz
işinin öhdəsindən layiqincə gəlir. Onun
gördüyü xeyirxah işlər hər bir kəsin ürəyindən
xəbər verir. Mənə elə gəlir ki, Azərbaycanda
qadın siyasətçiləri arasında bu səviyyədə
çevik fəaliyyət göstərən siyasətçi
olmayıb. Bu da səbəbsiz deyil. Belə bir atalar
sözü var: “Ot öz kökü üstündə bitər”.
Mehriban xanımın valideynləri böyük alim və
ziyalı olublar. O, böyük və görkəmli nəslin
bir nümayəndəsidir. Mehriban xanımın Azərbaycanın
inkişafı naminə gördüyü işlərin dəyərli
bir ocaqdan qaynaqlandığını qeyd edərək, bu
işlərin daha da davamlı olacağına inanıram. O,
öz intellekti, davranışı, mədəniyyəti ilə
Azərbaycanı dünyada çox gözəl təmsil edir.
Buna görə də ona minnətdarıq.
Demokratik İnkişaf
Partiyasının sədri, millət vəkili Asim Mollazadə:
-
Mehriban xanım ölkənin mədəniyyət, təhsil, səhiyyə
və digər sahələri ilə bağlı çox
böyük işlər həyata keçirib. Heydər Əliyev
Fondunun vasitəsilə Azərbaycan mədəniyyətini
dünyada tanıtmaq üçün çox böyük
işlər görür. Onun gördüyü işlərin
yüksək nəticələri dünyanın diqqətini Azərbaycana
yönəldə bilib.
Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı:
-
Mehriban xanım qısa müddətdə Azərbaycan cəmiyyətində
özünə xüsusi yer, hörmət qazanmış bir
insandır. Lakin Mehriban xanım bir şərq qadını
olaraq Azərbaycanın çağdaş qadın
obrazını tərənnüm edir. Dünyada ölkə
başçıları öz xanımları ilə bir
toplumda ortaya çıxanda sevinirsən ki, Azərbaycan
xanımının siması budur. Bu bizim maarifçilərimizin,
ziyalılarımızın 200 ildən bəri
apardığı türkçülük, islami dəyərlərlə
bərabər çağdaş dünya ilə ayaqlaşmaq
ideologiyasının davamlı təzahürüdür.
Mehriban xanım mədəniyyətimizin dünyada təbliği
baxımından böyük işlər görür. Onun Azərbaycanda
kimsəsiz uşaqlara qayğısı, kimsəsiz
uşaqların oxuduğu məktəblərə,
bağçalara getməsi, onlara isti münasibəti,
uşaqlara ana qayğısı ilə yanaşması bu
xalqın gözünün qarşısında baş verir.
Hazırda onun himayədarlığı altında Azərbaycan
həqiqətlərini dünyaya çatdıran bir sıra
xarici dildə nəşr olunan mətbuat orqanları,
xüsusi buraxılışlar, kitablar var. Bütün bunlar
Azərbaycanın bugünkü nüfuzunun inkişafına
xidmət edir. Mehriban xanım Azərbaycanda qadın cəmiyyətlərini
öz ətrafında birləşdirməklə bizim toplumun mənəvi
aləminin inkişafında daha çox iş görə biləcək.
Tahirə Qafarlı
Mərkəz.-2012.-25 avqust.-S.3.