Avropa İrs Şəbəkəsi layihəsinin illik toplantısı keçirilir

 

2012-ci ilin 28-30 noyabr tarixində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının təşkilatçılığı ilə Avropa İrs Şəbəkəsi (HEREİN) layihəsinin illik toplantısı və milli koordinatorların görüşü keçirilir.

“Mərkəz”in verdiyi məlumata görə, toplantı çərçivəsində HEREİN elektron məlumat bazasının yenilənməsi üzrə təlim, ötən dövrdə görülmüş işlərin nəticələrinə dair hesabatın təqdimatına və qarşıdakı müddət üçün fəaliyyət planının müzakirəsinə həsr olunmuş milli koordinatorların 11-ci illik toplantısının keçirilməsi nəzərdə tutulub. Toplantıda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin əməkdaşı Teymur Vəliyev təmsil edir.

        Avropa İrs Şəbəkəsi (HEREİN) 1999-cu ildə Avropa Şurası tərəfindən təsis edilmiş və təşkilata üzv dövlətlərin Mədəni İrs sahəsində dövlət siyasətini həyata keçirən orqanların koordinasiyasını hədəfləyən beynəlxalq şəbəkədir.

Ötən il Mədəniyyət və Turizm Nazirliyi layihənin yenidən qurulması və inkişaf etdirilməsi üçün Avropa Şurasının Mədəniyyət, İrs və Müxtəliflik Direktorluğuna yardım ayırıb.

 

 

 

Mərkəz.-2012.-1 dekabr.-S.-14.