"Azərbaycanın sənətkarlıq paytaxtı" - Quba

 

  “Mərkəz” Regional TV-yə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında Quba şəhərinin “Azərbaycanın sənətkarlıq paytaxtı” olması ilə bağlı cari ildə görülmüş işlər barədə ətraflı məlumat verilib. Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, Quba şəhəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrası ilə bağlı 2012-ci il üçün “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib.

Bu kimi tədbirlərin keçirilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin, eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişaf etdirilməsidir.

       Quba RİH başçısı Mübariz Ağayev bildirib ki, Quba şəhərində il ərzində təntənəli mərasimlər, müsabiqələr, festivallar, sərgilər, infoturlar və s. tədbirlər təşkil edilib. Bundan başqa qiymətli sənətkarlıq nümunələrinin qorunması və təbliği istiqamətində tədbirlər həyata keçirilib. Quba rayonunda yaşayan azsaylı xalqların folklor və sənətkarlıq nümunələrinə geniş yer verilib, təşkil edilən sərgilərdə nümayiş olunub. Bütün bu tədbirlər yerli, həmçinin xarici turistlər tərəfindən maraqla qarşılanıb.

Tədbirdə bildirilib ki, geniş turizm imkanlarına malik şəhərin sənətkarlıq nümanələri dünya səviyyəsində tanınır və hazırda  bir sıra xarci ölkə muzeylərində Quba xalçaları nümayiş etdirilir. Azərbaycanının sənətkarlıq incilərindən olan xalçalara olan maraq nəzərə alınaraq ölkəmizdə satış sərgiləri təşkil edilməsi təklif olunub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə cari ilin iyul ayında xarici turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da ölkəmizin qədim tarixini və mədəniyyətini nümayiş etdirmək məqsədi ilə Qubaya təşkil olunankulinariya turunun maraqla qarşılandığı vurğulanıb.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini, kütləvi soyqırım məzarlığını ziyarət edib, xalçaçılıq müəssisəsində nadir sənətkarlıq nümunələri ilə tanış olubQuba şəhərinin görməli məkanlarını gəziblər.

Qeyd edək ki, Quba ilə yanaşı 2012-ci il üçün Gədəbəy şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib.

 

 

Ayşə Osmanova.

 

Mərkəz.-2012.-6 dekabr.-S.-14.