“Dərsliklərdə
nöqsanlar var, heç kim bunu inkar etmir”
Nailə Rzaquliyeva: “Qoy
valideynlər bu barədə düşünsünlər...”
Bütün cəmiyyətlərdə,
o cümlədən də Azərbaycanda müasirləşdirilməsi
daim zəruri olan əsas sahələrdən biri də təhsil
sektorudur. Azərbaycanda, xüsusən, ölkəmizin
paytaxtı olan Bakıda orta təhsil şəbəkəsinin
dünya təcrübəsindən geridə qalmaması
üçün hansı addımlar atılır? Lent.az-ın suallarını Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri, əməkdar
müəllim Nailə xanım Rzaquliyeva cavablandırır.
- Nailə xanım, bu gün təhsilin
əsas problemlərindən biri də məzunların bilik səviyyəsi
və repetitorluqla bağlı suallardır. Bu
mövzu ilə bağlı mövqeyinizi bilmək maraqlı
olardı.
- Cəmiyyətin
təhsili müzakirə etməsi, tənqid etməsi qorxulu
bir şey deyil. Əksinə, mən sevinirəm
ki, indi cəmiyyət təhsilə, onun keyfiyyətinə
önəm verir, tələb edir, tənqid edir. Əgər təhsil süst, inkişafsız
olsaydı, o zaman tam səssizlik olardı. Təhsildə
daim yenilik olduğundan müzakirələr də, tənqid də
olacaq.
Əvvəla, hələ ki beynəlxalq aləmdə təhsilin
keyfiyyətinin konkret şəkildə qəbul olunan meyarı
yoxdur. İlk növbədə bu suala cavab
tapılmalıdır. Təbii ki, bu məsələdə
konkret nümunə olmadığından hər kəs təhsilin
keyfiyyətini obyektiv və ya subyektiv olaraq müxtəlif
aspektlərdən izah etməyə çalışır.
Əgər bu meyar ali məktəblərə
qəbulla ölçülürsə, say, yoxsa sanbal sualı
ortaya çıxacaq. Belə ki, məzunların
hamısının ali məktəblərə
qəbul olunması mümkün deyil. Hər il
respublikada tam orta məktəbi təxminən 100 min nəfər
bitirir. Ali məktəblərə qəbul
planı isə təxminən 29 min nəfərdir. Deməli,
bizim ali məktəblər yalnız məzunların
təxminən dörddə birini qəbul edə bilər. Üstəlik, ötən illərin məzunları
arasında da qəbul imtahanı verənlər kifayət qədər
olur. Məzunların bilik səviyyəsinə
gəlincə, bu səviyyə qəbulun nəticələrindən
görünür. Bakı şəhəri məktəblərinin
məzunlarının həm qəbul faizi, həm də orta balı yüksələn xətt üzrə
inkişaf edir. Bunu elə TQDK-nın rəsmi məlumatları
da təsdiq edir. Belə ki, 2012-ci ildə məzunlarımızın
51,83% - i ali məktəblərə qəbul
olunub. Bura xüsusi təyinatlı ali məktəblərə
və xarici ölkələrin nüfuzlu ali məktəblərinə
daxil olanları da əlavə etsək, daha böyük rəqəm
alınar. Bu göstərici 2006-cı illə
müqayisədə 17 faiz artıb. Fikrimcə,
kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə
keçid elə budur. Ona görə də
ilk növbədə baxış bucağını korrektə
etmək lazımdır.
Repetitorluğa gəlincə, bu məsələdə də
fikir ayrılıqları var. Məktəb şagirdə
proqram həcmində bilik verir. 45 dəqiqə ərzində
müəllim şagirdə proqram üzrə nə nəzərdə
tutulubsa, onu öyrədir. Hətta bu
gün müəllimin daha yüksək səviyyədə
öyrətmək imkanları var və bu yerinə yetirilir.
Çünki indi yeni təlim texnologiyaları və
İKT-dən istifadənin səviyyəsi buna imkan yaradır.
Amma bununla iş bitmir. Görək təhsilin
ikinci subyekti olan şagird dərsdə aldığı
informasiya üzərində işləməyi
bacarırmı? Yaxud evdə ilkin biliyi
fundamental biliyə çevirə bilirmi? Bax,
əsas şərtlərdən biri budur. Mən
qətiyyətlə deyərdim ki, məhz evdə
uşağın öyrənməsində problem var. Əksər
valideynlər uşağın öyrənmə
bacarıqlarının inkişafına yardımçı
olmaq əvəzinə, ən asan yolu - repetitor yanına
göndərməyi üstün tuturlar. Bunun
səbəblərindən biri də cəmiyyətin maddi
durumunun getdikcə yaxşılaşmasıdır. Bu da imkan verir ki, valideyn öz funksiyalarından biri
olan uşağın təhsili ilə məşğul
olmağı pul ödəməklə repetitora həvalə
etsin. Bir çoxları isə bunu elə
kampaniya xatirinə, necə deyərlər, axına düşərək
edirlər. Amma bu, heç də həmişə
effektli olmur. Çünki uşaq öyrənmək,
axtarmaq kimi mühüm prosesdən uzaqlaşır və bir
növ tənbəlləşmə başlayır. İndi o, özü öyrənməyə yox,
başqasının hazır material əsasında onu öyrətməsinə
daha çox üstünlük verir. Təbiidir
ki, müəllimlərin müəyyən hissəsi
repetitorluqla məşğul olur.
Araşdırmalarımız göstərir ki, heç də
bütün şagirdlər əlavə məşğələyə
getmir. Lakin özü öyrənən şagirdlərin nəticələri
əlavə məşğələyə gedənlərdən
geri də qalmır və bəlkə daha da
üstündür. Həm də bu biliklər
fundamental olur. Çünki lazımi
materialı onun özü axtarır, özü öyrənir
və özü də təhlil edir. Bu, bir növ bal arısının işini xatırladır.
Sizcə, minlərlə çiçəkdən şirə
toplayan arının balı keyfiyyətli
olar, yoxsa hazır şirəni bala çevirənin? Əlbəttə, birinci halda daha yaxşı məhsul
əldə etmək olur. Ona görə də
uşağın özünün öyrənməsinə
yardımçı olmaq lazımdır. Qoy valideynlər
bu barədə bir qədər düşünsünlər.
Digər tərəfdən, dərsdən sonra
şagirdin əlavə məşğul olması, oxuması,
öyrənməsi kimə ziyan verir ki, biz bu halları
qadağan etmək barədə düşünək? Məncə,
bu təhsilin inkişafına xidmət edir. Bəli, biz dərs vaxtı hesabına repetitor
yanına getməyin əleyhinəyik. Çünki
ən yaxşı məşğələ belə,
şagirdin məktəbdə qazandıqlarının
hamısını ona verə bilməz. Kollektivçilik,
dostluq, yoldaşlıq kimi dəyərlər uşağa ancaq
məktəbdə aşılanır. Bunu
inkar etmək mümkün deyil. Bizim
opponentlərimiz isə həmişə tərbiyə məsələsini
unudur. Qloballaşan cəmiyyətdə
daha çox bilikdən daha çox bacarığa doğru
aparan istiqaməti ya görmürlər, ya da görmək istəmirlər.
- Son günlər məktəblər
və müəllimlər arasında keçirilən
müsabiqələr də müzakirə obyektidir. Sizcə, bu formalı müsabiqələr müəllimin
peşəkarlığının artmasına təsir edə
bilirmi?
- Əlbəttə, edir. Təhsilin
bütün sahələri elmi şəkildə hazırlanan
Dövlət Proqramları əsasında inkişaf etdirilir.
Dövlətimizin başçısı cənab
İlham Əliyevin sərəncamı ilə keçirilən
həmin müsabiqələr məhz müəllimlərin
peşəkarlığının, məktəb kollektivlərinin
məsuliyyətinin artırılmasını təmin edir.
İndi “Ən yaxşı ümumtəhsil məktəbi”
və “Ən yaxşı müəllim” müsabiqələrinin
keçirilməsi cəmiyyətdə çox böyük və
əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu müsabiqələr məktəblər və
müəllimlər arasında sağlam rəqabəti,
innovativ fəaliyyətə istiqamətlənən
yaradıcılıq və təşəbbüskarlıq
meyllərini gücləndirir. Nəticədə
bu müsabiqələr təhsilin keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərir, qabaqcıl müəllimlərin
fəaliyyətinə stimul yaranır. Həmin
müsabiqələrdə iştirak edən məktəb və
müəllimlərimizin 2012-ci ildəki nəticələri də
əvvəlki illərdəki kimi ürəkaçan olub.
Təkcə bu il müəllimlərimizdən 51 nəfəri
“Ən yaxşı müəllim”lərin, məktəblərdən
20-si isə “Ən yaxşı məktəb”lərin
sırasına daxil olub. Mən həmin
müsabiqələri keçirən təşkilat komitəsinin
üzvüyəm. Təşkilat komitəsində
bütün məsələlər kollegial şəkildə
həll edilir. Tam əminliklə deyə
bilərəm ki, müsabiqələr şəffaf, ədalətli
və obyektiv keçirilir.
- Günün aktual suallarından biri
də məktəbdə psixoloji xidmətin səviyyəsidir.
Siz bu xidməti necə təşkil edirsiniz?
Daha doğrusu, tabeliyinizdə olan məktəblərdə
psixoloji xidmətin səviyyəsi Sizi qane edirmi?
- Məktəbdə
psixoloji xidmət işinin səviyyəsi inkişafda olan
prosesdir. Çünki əvvəllər bu istiqamətli
mütəxəssislər barmaqla sayılacaq qədər az idi. İndi isə bizim məktəblərin
hamısında praktik - psixoloqlar işləyir. Mütəxəssis bolluğu bu sahədə
seçim imkanları da yaradır. İndi
biz psixoloqların daha yaxşılarını seçib məktəblərə
işə götürmək imkanı qazanmışıq.
Halbuki 10 - 15 il bundan əvvəl
qısamüddətli kursları qurtaranlarla işləmək
məcburiyyətində idik. Digər tərəfdən,
son dövrlərə qədər məktəblərdəki
psixoloji xidmət kabinetlərinin fəaliyyəti də normal səviyyədə
deyildi. Bunun səbəbi isə ilk növbədə
yer çatışmazlığı idi. İndi
isə məktəblərdə əlavə korpusların
tikilməsi bu problemin həllində müstəsna rol
oynayıb. Hazırda məktəblərimizin
əksəriyyətində belə kabinetlər
yaradılıb və səmərəli şəkildə fəaliyyət
göstərir.
Lakin elə obyektiv və subyektiv amillər var ki, bu sahədə
inkişafa maneçilik törədir. Bildiyiniz kimi,
hər məktəbdə bir psixoloq ştatı var. Əmək
haqqı da eynidir. Lakin 2500 şagirdi olan məktəblə
150 şagirdi olan məktəbdə belə “bərabərlik” ədalətsizlikdir.
İlk növbədə bu uyğunsuzluq aradan
qaldırılmalıdır. Əmək
haqqının azlığı isə digər problem də
doğurur. Gənc mütəxəssis kimi
məktəbdə işə başlayan psixoloqlar bu sahədə
yetkin mütəxəssis olduqdan sonra dərhal daha çox əmək
haqqı verilən sahələrə üz tutur və nəticədə
məktəb yenidən mütəxəssis axtarışına
çıxır. Bu hal təkcə
psixoloqlarla bağlı deyil. Eyni vəziyyəti
informatika müəllimlərinə də şamil etmək
olar. Kifayət qədər təcrübə
toplayan, məktəb mühitində yaxşı mütəxəssisə
çevrilən informatika müəllimləri dərhal
müxtəlif şirkətlərə üz tutur,
yaxşı əmək haqqı müqabilində onlarla
işləməyə üstünlük verirlər.
Bununla yanaşı, məktəbdə indi sosioloqlara da tələbat
yaranır. Cəmiyyətin inkişafı, sosial mühitdəki
dəyişikliklər bunu zəruri edir. Məncə,
bu barədə də ciddi düşünməyin vaxtı
çatıb.
- Bu yaxınlarda Milli Məclisin
tribunasından belə bir fikir səsləndi ki, müəllimlərin
sayı çox, müəllim - şagird nisbəti isə
aşağıdır. Ona görə də
müəllimləri attestasiyadan keçirdikdən sonra əmək
haqqının artırılmasına başlamaq olar. Bu məsələyə münasibətiniz necədir?
- Öncə
qeyd edim ki, BŞTİ-nin tabeliyində olan məktəblərdə
şagird-müəllim nisbəti 11,1-dir.
İndi bizim məktəblərdə yığma saatlarla
işləyən ibtidai sinif müəllimlərinin sayı
çox azdır və bu da müəyyən zərurətdən
irəli gəlir. Halbuki, BŞTİ yarananda bu
şəkildə çalışan müəllimlər 1400
nəfər idi. Kadrların işə qəbuluna
ciddi nəzarətin tətbiq edilməsi, süni vakansiyalar
yaradılmasının qarşısının qəti şəkildə
alınması həmin rəqəmin 70 nəfərə qədər
azaldılmasına səbəb oldu.
Attestasiya məsələsinə gəlincə, bu,
çox ciddi bir məsələdir. Bu məsələnin vacibliyini
vurğulamaq asan olsa da, onun mexanizmlərini və nəzəri
əsaslarını hazırlamaq, cəmiyyətin qəbul edəcəyi
səviyyədə attestasiya keçirmək bir günün, beş günün işi deyil. Ona
görə də ilk növbədə cəmiyyətin bu məsələyə
hazır olub-olmamasını öyrənmək, geniş
maarifləndirmə işi aparmaq lazımdır.
Digər tərəfdən, bütün hallarda
subyektivizmə yol verilməməsi üçün beynəlxalq
təcrübədən istifadə etmək olar. Məsələn,
qardaş Türkiyədə müəllimlərin yüksək
dərəcə almaq üçün imtahanlardan keçməsi
modeli özünü doğruldan təcrübədir. Müəyyən müddətdən sonra müəllim
öz dərəcəsini artırmaq üçün imtahan
verir. Həmin imtahanın nəticəsi
müsbət olduqda müəllimin dərəcəsi və əmək
haqqı artırılır.
- İndi dünyanın əksər
ölkələrində təhsil müəssisələri
barədə söz açan ekspertlər şagirdlərin dərsdən
yayınaraq internet klublarına və ya başqa əyləncə
məkanlarına üz tutduğunu təəssüf
doğuran bir fakt kimi qeyd edir, həyəcan siqnalı
çalırlar. Bu tendensiyaya
qarşı necə mübarizə aparırsınız?
-
Uşaqların məktəbə
bağlılığını təmin etmək
üçün çoxsaylı pedaqoji tədbirlər
mövcuddur. Mən idarə müdiri kimi yox, bir
müəllim kimi hədsiz dərəcədə məmnunam
ki, dövlət və möhtərəm dövlət
başçımız həmin tədbirlərin
reallaşdırılması məsələsində məktəbi
və ümumilikdə təhsil sektorunu dərindən dəstəkləyir.
Məsələn, uşaqların yaradıcılıq qabiliyyətlərinin
inkişaf etdirilməsi, gələcəkdə müəyyən
ixtisaslar seçmələrinə zəmin yaradılması,
habelə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə təsdiq edilmiş “Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcı
potensialının inkişafı üzrə Dövlət
Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin
icrası şagirdin məktəbə
bağlılığını təmin edir. İstedadlı
şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli
rol oynayan fənn olimpiadalarının təşkili,
keçirilməsi, yekunlaşdırılması və qaliblərin
müəyyənləşdirilməsi də həmin istiqamətdə
atılan uğurlu addımlar kimi qiymətləndirilir. Məsələn,
ötən il V - XI sinif şagirdlərinin
iştirak etdiyi “Bilik yarışı”nda 90 minə yaxın məktəbli
iştirak edib. Şəhər mərhələsinin
II turunda qalib gələn 229 nəfər şagird respublika
turuna vəsiqə qazanıb. Respublika
turunda uğurla iştirak edən şagirdlərimizdən 105
nəfəri qalib yerləri tutub. Qeyd edək
ki, bu rəqəm 2006 - cı ildə 48 olmuşdur. Siz bilirsinizmi, həmin nəticələr elan olunanda
digər şagirdlər qaliblərə necə rəğbətlə,
bir çox hallarda hətta, həsədlə baxırlar.
Olimpiadanın və digər kütləvi tədbirlərin
nəticələri bir daha göstərir ki, bu bilik
yarışları şagirdlərin tədris prosesinə olan
marağını qat-qat artırır.
- Sizin əsas fəaliyyətiniz
bilavasitə dərsliklərlə, kitab-dəftərlə
bağlıdır. Bir çox mütəxəssislər
kütləvi informasiya vasitələrində belə bir fikir
səsləndirirlər ki, guya əksər dərsliklər
aşağı səviyyədədir, günün tələblərinə
cavab vermir, dünya standartlarından geridə qalır və
ilaxır…
- Bizim
milli dərslik sisteminin yaşı azdır. Təcrübə
toplanır, müzakirələr aparılır, nöqsanlar
müəyyən edilərək aradan qaldırılır.
Hər dəfə də toplanan təcrübə
daha keyfiyyətli dərsliklərin yazılması
üçün imkan yaradır. Görülən
işlər bütünlüklə bu məqsədə xidmət
edir. Əksəriyyət isə müasir tələbləri
bilmədən, dərslik siyasətinin mahiyyətinə
varmadan tənqid xatirinə tənqid etməyə
üstünlük verir.
Təhsil İdarəsi olaraq bizim üzərimizə
düşən vəzifə şagirdlərimizi və məktəb
kitabxanalarını lazım olan qədər dərslik və
dərs vəsaiti ilə təmin etməkdir. Həmin vəzifəni yerinə
yetirmək məqsədilə 221 adda təxminən yarım
milyon dərslik, 32 adda isə 28 mindən çox dərs vəsaiti
Təhsil Nazirliyindən alınaraq, idarəmizin tabeliyindəki
məktəblərə paylanıb. Əlbəttə,
nöqsanlar da var. Heç kim bunu inkar
etmir. Bu bir həqiqətdir ki, dərsliklər
daim yenilənir və təkmilləşdirilir.
- Məktəblərinizdə
İnformasiya-Kommunikasiya Texnologiyalarından istifadənin
zamanın tələbləri səviyyəsində olduğunu
söyləmək olarmı?
- Bu, təkcə
bizim idarənin və ya nazirliyimizin deyil, bütövlükdə
dövlətimizin daimi diqqət mərkəzində olan əsas
məsələlərdən biridir. Eyni zamanda
biz də həmin prosesə öz töhfələrimizi
veririk. “2008-2012-ci illərdə təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” çərçivəsində həyata
keçirilən müsabiqəni çox yüksək qiymətləndiririk.
“Elektron tədris resursları” və “Təhsildə
İnternet texnologiyaları" istiqamətləri üzrə
Bakı şəhəri məktəblərinin müəllimləri
uğurla iştirak edərək qalib yerlər tutublar. Bu onu göstərir ki, son illər müəllimlərimizin
İKT-dən istifadəyə marağı və o sahədəki
peşəkarlığı artıb. Əminəm
ki, bu nailiyyətlər yaxın vaxtlarda öz bəhrəsini
verəcək.
Qeyd edim ki, 2011-ci ildə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin təşkilatçılığı
ilə “Təhsildə İKT-nin tətbiqi, bilik, təcrübə,
texnologiya” adlı baxış-sərgi keçirilmişdi. Həmin sərgidə
müəllim və şagirdlərimizin İKT sahəsində
əldə etdikləri uğurları nümayiş etdirdik.
Başqa bir fakt. Bir neçə ildir ki, məktəblərimizdə
“Elektron məktəb” layihəsi həyata keçirilir. Bir sıra məktəblərimiz layihədə
uğurla iştirak edirlər. Artıq 8 məktəbdə
tam elektron təhsilə keçilib. Digər
məktəblərin elektron jurnallara keçidi istiqamətində
hazırlıqlar başa çatmaq üzrədir. Müəllimlərimizin İKT üzrə
savadlılığının yüksəlməsi tezliklə
şəhərin bütün məktəblərində
elektron məktəbə keçidin başa çatmasına
imkan yaradacaq.
- Müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması da müasir tələblərdən
biridir. Bakı Şəhəri üzrə Təhsil
İdarəsi bu istiqamətdə öz fəaliyyətini necə
qurur?
- Biz
altı ildir ki həmin tədbirlərin
reallaşdırılması ilə məşğuluq. Hətta, elə müəllimimiz olub ki, üç
- dörd dəfə müxtəlif treninqlərdə, kurslarda
olub. Əgər bütün bunlar səmərəsiz
başa çatırsa, onda həmin adamla necə yenidən
müqavilə bağlaya bilərik? Bundan
başqa, təcrübəli müəllimlər daim gənc
müəllimlərin bir növ hamisi kimi
çıxış edirlər. İstənilən
müəllimimiz bir müddət öz cavan həmkarının
da müəllimi olur. Bu günlərdə
sizin portalda Bakıdakı məktəblərdən birinin
açıq dərsinin elektron variantı yerləşdirilib.
Əlbəttə, bu, çox yaxşı
haldır. Təcrübə mübadiləsi,
gənc müəllimlərə kömək məqsədilə
açıq dərslər təşkil edilir, ehtiyacı
olanlara fərdi metodik köməklik göstərilir. Təkcə
bu il ərzində qabaqcıl təcrübənin
öyrənilməsi və fənn kurikulumlarının tətbiqi
sahəsində təcrübə mübadiləsinin
aparılması məqsədilə şəhər üzrə
297 müəllimin açıq dərsi dinlənilib. Bundan başqa, gənc müəllimlərdə
yaradıcılıq hissini gücləndirmək məqsədilə
də bir sıra tədbirlər həyata keçirilir. Öz təcrübələrini nümayiş etdirmələrinə
şərait yaratmaq üçün 92 gənc müəllimin
müxtəlif layihələr üzrə keçirilən
konfrans, seminar, “Dəyirmi masa”larda məruzə və
çıxışı təşkil edilib. İl ərzində 4000 nəfərdən çox
müəllim ixtisasartırma kurslarından keçərək
müvafiq sertifikatlar alıb. Bu sadaladıqlarım
müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsində, qabaqcıl təcrübənin
öyrənilməsi və yayılmasında çox
böyük əhəmiyyətə malikdir.
- Televiziyada və internet
saytlarında görürük ki, dünyanın müxtəlif
yerlərində təhsil müəssisələrinə
hücumlar, basqınlar olur. Bu baxımdan
tabeliyinizdə olan məktəblərin təhlükəsizliyi
necə qorunur?
- Əvvəla, bizim ölkədə siyasi sabitlik var.
İkincisi, cəmiyyətdə məktəbə münasibət
elə səviyyədə deyil ki, ora hücumlar olsun. Azərbaycan
xalqı məktəbə həmişə bir məbəd
kimi yanaşıb. Həm də dövlətin
kifayət qədər ciddi nəzarətinin olması məktəblərin
sərbəst və təhlükəsiz fəaliyyətinə
şərait yaradır.
Sizin arzuladığınız səviyyədə xidməti
təşkil etmək üçün nəinki bizim idarənin,
heç Təhsil Nazirliyinin də maddi imkanı yoxdur. Son dörd - beş
ildə fəaliyyətini gücləndirdiyimiz Valideyn – Müəllim
Assosiasiyalarının köməyi ilə bu xidmət qismən
də olsa təşkil olunur.
- Valideyn - Müəllim
Assosiasiyasından söz düşmüşkən, bu təşkilat
necə işləyir, cəmiyyətin və valideynlərin məktəbə
dəstəyi hiss olunurmu?
-
VMA-nın fəaliyyət göstərdiyi məktəblərdə
cəmiyyətin məktəbə qayğısı və diqqəti
daha çox hiss olunur. Çünki bu təşkilat,
adından göründüyü kimi, birgə əməkdaşlıq
təşkilatıdır və onu yönəldənlər də
elə valideyn və müəllimlərdir. Ona görə də hər hansı problem yarananda bu
təşkilatda ətraflı müzakirə olunur və onun
aradan qaldırılmasında məktəblə yanaşı
valideynlərin, cəmiyyətin müxtəlif təbəqələrinin
rolu hiss ediləcək səviyyədə olur. VMA-nın üstün cəhətlərindən biri
də onun fəaliyyətinin şəffaflığıdır.
Bu təşkilat vasitəsilə cəmiyyətin
məktəbin idarə edilməsində kifayət qədər
rolu meydana çıxır.
Ümumiyyətlə götürdükdə isə cəmiyyətin
məktəbə dəstəyi hələ də qaneedici
deyil. Məktəbi
təkcə tənqid etməklə iş bitmir. Onun problemləri
və qayğıları ilə maraqlanmaq, təhsilə
hərtərəfli dəstək nümayiş etdirmək
həmişə aktuallığını saxlayır.
- Sağollaşmazdan əvvəl idarənizin
fəaliyyətinə aidiyyatı olmayan bir sual vermək istəyirəm.
Müsahibələrinizin birində demisiniz ki, mən siyasi partiyada
təmsil olunmağımla fəxr edirəm. Bu qətiyyətinizi
nə ilə əsaslandırırsınız?
- Mən sizə həm Qərb mədəniyyətindən, həm də öz mədəniyyətimizdən onlarla, bəlkə daha da çox nümunələr göstərə bilərəm ki, xalqı daha aydın sabahlara, daha xoş günlərə aparmaq istəyən qüvvələrin önündə bilavasitə müəllimlər gedir. Bu qəbildən olan faktlar çoxdur. Mən də müəlliməm və görürəm ki, Azərbaycan xalqını daha möhtəşəm uğurlara qovuşdura biləcək yeganə qüvvə Yeni Azərbaycan Partiyası və onun sədri cənab İlham Əliyevdir. Ona görə də həmin qüvvənin sıralarında olmaq mənim təkcə vətəndaşlıq borcum deyil, həm də müəllimlik borcumdur
Mərkəz.-2012.-6 dekabr.-S.-10-11.