Şövkət Ələkbərovanın
xatirəsi yad edilib
Cari ilin dekabr
ayının 5-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində Xalq Artisti, milli
ifaçılıq sənətinin görkəmli nümayəndəsi
Şövkət Ələkbərovanın anadan
olmasının 90 illiyinə həsr edilmiş
tədbir keçirilib.
İştirakçılar əvvəlcə sənətkarın həyat və
yaradıcılığını əks etdirən sərgi
ilə tanış olublar.
Tədbir Ş.Ələkbərovanın vaxtilə maestro Niyazinin rəhbərliyi etdiyi simfonik orkestrin müşayiəti ilə oxuduğu "Qaragilə" xalq mahnısının nümayişi ilə başlanıb.
Muzeyin şöbə müdiri Təranə Zeynalova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq Şövkət Ələkbərovanın 90 illik yubileyinin geniş qeyd edildiyini, xatirə gecəsinin də bu silsilə tədbirlərdən biri olduğunu vurğulayıb.
Şövkət Ələkbərovaya həsr olunmuş "Oxu, gözəl" kitabının müəllifi, yazıçı-publisist Mustafa Çəmənli və digər çıxış edənlər ölməz sənətkarın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə bəxş etdiyi bənzərsiz töhfələrdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, 1922-ci ildə Bakıda doğulan Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb, Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığıda yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunmuşdur. "Dərələr", "Axşam", "Ayrılıq", "Bir könül sındırmışam", "Sən mənim, mən sənin", "Gəl, səhərim" və s. mahnılar bu gün də sevilərək dinlənilir. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında xoş təəssüratlar, dünyasını dəyişəndən sonra isə xoş xatirələrlə anılır.
Tədbirdə bənzərsiz ifaları ilə könülləri fəth edən mərhum sənətkarın lent yazıları təqdim olunub, sənətkarın yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilib, həmçinin Şövkət Ələkbərovanın repertuarından olan mahnılar tələbələri - əməkdar artistlər Aybəniz Haşımova və Nuriyyə Hüseynovanın, gənc musiqiçilərin ifasında səsləndirilib.
Ayşə Osmanova.
Mərkəz.- 2012.- 8 dekabr.- S.-14.