“İstedadlı uşaqlarrespublika müsabiqəsi yekunlaşıb

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən başlayaraq ölkənin regionlarında "İstedadlı uşaqlar" respublika müsabiqələri keçirilir. ”Mərkəz” xəbər verir ki, "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcı potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər) çərçivəsində təşkil olunan müsabiqə artıq ənənə halını alıb. 2009-cu ildə müsabiqəyə Bərdədə, 2010-cu ildə Kürdəmirdə, ötən ilki müsabiqəyə isə Şirvan şəhərində yekun vurulmuşdu.

"Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il də "İstedadlı uşaqlar" respublika müsabiqəsi təşkil olunub.

Dekabrın 6-da Yevlax şəhərində müsabiqənin yekun tədbiri keçirilib. Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrında keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimə Azərbaycanın müxtəlif bölgələrindən bədii qiraət, rəqs, rəssamlıq, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq üzrə 17 yaşınadək uşaq və yeniyetmələr qatılıblar. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində müsabiqənin təsviri sənət üzrə qaliblərinin əl işləri ilə tanış olublar. Sonra isə uşaq və yeniyetmələrin ifasında bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq üzrə maraqlı konsert proqramı təqdim olunub. Sonda qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.

Müsabiqənin keçirilməsi incəsənətin müxtəlif sahələrinə diqqəti artırmaq, əhalinin, o cümlədən gənc nəslin sənətə olan marağını daha da inkişaf etdirmək, bölgələrlə mədəni əlaqələri möhkəmləndirmək məqsədi daşıyır.

 

 

Ayşə Osmanova.

 

Mərkəz.-2012.-8 dekabr.-S.-14.