İlqar Mikayıloğlu: “Dedim ki, sən
çaşdın, ya çaşmadın, özün de”
“Efirdə
burnumdan qan açıldı”
“Ekran üzü”
layihəsinin bu dəfəki qonağı təcrübəli
jurnalist, ANS-də yayımlanan “Günəbaxan” verilişinin
aparıcısı İlqar Mikayıloğludur.
- Jurnalistikaya gəlişiniz
barədə danışardınız…
- Jurnalistikaya gəlişim 1992-ci ilə təsadüf edir. Çingiz Mustafayevlə qonşu idik. Çingiz rəhmətə gedəndən sonra Qarabağa getmək, müharibədə iştirak etmək istəyirdim. O dövrün ümumi ab-havası vardı. Çingiz şəhid oldu, dəfn etdik və üstündən 3-4 gün keçməmişdi ki, Vahidgilə dedim, mən də sizə qoşulmaq istəyirəm. Soruşdular ki, kamera ilə işləmisən, jurnalistika biliyin var? Cavabım təbii ki, “yox” oldu. Memarlıq və İnşaat İnstitutunu bitirmişdim. Sovet ordusunda xidmət etmişdim. Topun, tankın nə demək olduğunu yaxşı bilirdim. Vahidgilə qoşulmaqda məqsədim jurnalist olmaq deyildi. Məsələ Qarabağa getmək idi. ANS-dən əvvəl getmək istəyirdim, amma hərbi komissarlıq “çağırarıq, çağırarıq” deyə başımı aldadırdı. O vaxtdan bəri hələ də çağırırlar (gülür). Sovet ordusunda xidmət etmişdim deyə qayda-qanunu, Qarabağa özbaşına getməyin düzgün olmadığını bilirdim. ANS-in vasitəsi ilə getmək olardı. Tezliklə də istəyimə çatdım. Bir tərəfdən Qarabağda idim, bir tərəfdən də yazmağı öyrənirdim. Əlim qələm tutdu. Qəzetdə maksimum 2-3 məqaləm çap olunub. İnanın ki, o qəzetin adı yadımda qalmayıb. Hərbi mövzulara uyğun, sırf hərbi məsələlərlə bağlı yazılar yazırdım.
- Qarabağda
döyüşçü kimi kontuziya almısınız…
- Qarabağa əsasən dostum Asif
Bağırovla gedirdik. Orda hiyləgərlik işlədirdim.
Bakıdan çıxan kimi kamera onun, ora çatan kimi isə
avtomat mənim olurdu (gülür). Asifə deyirdim sən
çək, mən materialı düzəldəcəyəm.
Bakıya qayıdanda bunu gizlədirdim. Qayda-qanun var idi. Jurnalist kimi
getmişdinsə, jurnalist kimi də çalışmalı
idin. Ancaq silah mənə daha maraqlı gəlirdi,
nəinki çəkiliş.
1993-cü ildə Ağdamın Şelli kəndində
gedən döyüşdə iştirak etmişəm. Kontuziyanı
orda aldım. Maraqlı bir məqam
yarandı. Orta yaşlı bir kişi
mənə dedi ki, uşaqlar hündürlüyün
arxasında erməniləri atəş altında saxlayır,
onlara kömək etmək lazımdı. Bizdə
sevindik ki, super, gedirik erməni qırmağa. Elə bildik ki, hündürlük bizdədi, sən
demə ermənilərdəymiş.
Kəndin içi ilə gedəndə bizi pulemyotlardan atəşə
tutdular. Pulemyot bizi yerə yatızdırdı. Kənd yolunun qırağındakı arxlara
uzanmışdıq, bəlli məsələdir ki, ordan
çıxmaq çətin məsələ idi. Yatmışdıq, tərpənmirdik. Sonra minamyotlarla atmağa başladılar.
Uşaqlara dedim ki, minomyotdusa, bizi darmadağın edəcək.
Qabağımdakı oğlanın qrantamyotu var
idi. Ondan qrantamyotu aldım. Uşaqlara qışqırdım ki, qalxıb
avtomatlardan atın və yatandan sonra mən bir snaryad atım
ki, partlayış olsun. Heç olmasa həyətlərə
girək. Başqa variantımız yox idi.
Qrantamyotu qaldırdım, tətiyi çəkdim,
atmadı (gülür). Uşaqların
hamısını sağ-salamat qaçırtdım, heç
birinə bir şey olmadı. 32-ci snaryad məni
tutdu. Qaldırıb çırpdı yerə.
Ayılanda gördüm ki, ayaqlarım işləmir,
gözlərim torlanıb. Sonradan başa
düşdüm ki, kontuziya almışam. Ayağım qan içində, şalvarım
deşik-deşik idi. Gecə əməliyyat
olunsam da, dəhşət ağrılar hiss edirdim. Hələ indiyə kimi də davam edir. Bu gün (red – müsahibə dünən olub) efirdə
də burnumdan qan açıldı. Qulaqlarımda
güclü uğultu yaranır, beynim işləmir. Həm də qəlpələrdən biri qalıb,
onu hələ də çıxartmaq mümkün deyil.
- Qarabağdan başqa
Gürcüstan, Çeçenistan və Əfqanıstanda da
çəkilişlər aparmısınız. Səfər
etdiyiniz ölkələrdə döyüşlər
Qarabağa nisbətən şiddətli deyildi ki?
-
Çeçenistanda, Əfqanıstanda olmuşam. Gürcüstanda isə gürcü-abxaz müharibəsi
zamanı 2-3 günlük getmişdim. Gürcüstanı
o qədər yaxşı xatırlamıram. Amma Çeçenistan və Əfqanıstan
yaxşı yadımdadır. 1994-cü
ilin dekabrında, birinci rus-çeçen müharibəsi
başlayan kimi Çeçenistana getdik. Fevrala
kimi orda qaldıq. Qroznı, Qudermes, Şali və
Şatoyda gedən döyüşləri lentə
almışdıq. Çeçenistanda gedən
döyüşlər Qarabağdakı döyüşlərdən
daha şiddətli idi. Bizdə
qarşı tərəf demək olar ki, aviasiyadan istifadə
etmirdi. Amma ruslar aviasiyadan geninə-boluna
istifadə edirdi. Güllədən, mərmidən
bir təhər qurtulmaq olurdu. Aviasiya isə sadəcə
od qoyurdu. Çeçenistana
Asif Bağırovla getmişdim. “Röyter”dən
rəhmətlik Fərhad Kərimov, Adil Bünyadov da orda idilər.
- Müharibəni hansı tərəfdən
işıqlandırırdınız?
-
Döyüşləri çeçenlər tərəfdən
işıqlandırırdıq. Ruslar tərəfdən
mümkün deyildi. Birinci Moskvaya getməliydin,
Rusiyanın Müdafiə Nazirliyindən icazə almalı
idin. Bir sözlə, uzundərə idi.
Çeçenlər isə deyirdilər ki, azərbaycanlıdı,
müsəlman qardaşımızdı, buyurub işləsin.
- Çeçenistanda olduğunuz
müddətdə çeçen komandirlərdən kimdənsə
müsahibə ala bildiniz?
- Şamil Basayevin qardaşı Şirvanisən və
Ruslan Gelayevin köməkçisindən müsahibə
götürmüşdüm. Əsas bu iki nəfəri
xatırlayıram. Cövhər Dudayevi
ümumiyyətlə, tapmaq mümkün deyildi. Hə, bir də Aslan Məshədovdan qısa
müsahibə almışam. Ruslarla
görüşdən sonra Məshədovla danışa
bildim. İki dəqiqəlik ayaqüstü müsahibə
verdi. Ruslarla görüşün nəticələrinə
dair açıqlamalar verdi. Çeçen
komandirlər gizlənirdilər. Rusların
xüsusi xidmət orqanları hər yerdə onları
axtarırdı. Təbii ki, gizlənməli
idilər.
- Ölkəmizdə ən yaddaqalan
müsahibləriniz kimlər olub?
- Prezident İlham Əliyevi deyərdim. İlham Əliyevdən müsahibə alanda hələ prezident deyildi. Milli Olimpiya Komitəsinin (MOK) sədri idi. Həmin müsahibə ləzzət elədi mənə. MOK-a başqa material üçün getmişdik, yolda bizə dedilər ki, İlham Əliyevdən Avropa Şurası ilə bağlı münasibət öyrənmək lazımdır. Bir təhər Asiflə komitəyə keçdik. Digər jurnalistlər çöldə qalmışdı. Asifə dedim ki, gözdə-qulaqda ol. Gələn kimi xəbər et, hazır olum.
Asif xəbər etdi, gələn kimi suallarımı verməyə başladım. İlham Əliyev içəri girən kimi qapıları bağladılar. Jurnalistlər çöldə qaldılar. Özlərini öldürürdülər, təhlükəsizlik xidməti onları içəri buraxmırdı. 4-5 sualıma cavab aldım. Eksklüziv xəbər oldu. Qapıdan çıxanda çöldəki jurnalistlər bizə qanlı-qanlı baxırdılar (gülür). Ziya Bünyadov rəhmətə getməmişdən bir neçə gün əvvəl ondan müsahibə almışdım. Səfər Əbiyevlə müsahibə çətin olsa da danışdıra bilmişdim onu.
- “Marş”
verilişinin aparıcısı idiniz. Müharibə şəraitində
olan ölkənin telekanallarındakı hərbi verilişlərlə
bağlı ümumi vəziyyəti sizi qane edirmi?
- Bostana daş atmaq olmasın, dəfələrlə görmüşəm ki, aparıcı hansısa bir generalla yaxın münasibətlər qurmağa çalışır. O generalla yaxın olmaq nəyinə lazımdır?! Generalla tanışlıq sənə nə verir axı?! İş qalır kənarda. Belə çıxır ki, o verilişin aparıcısına başqa şeylər maraqlıdır. Baxırsan ki, aparıcılar hərbi elmi əsgərlik səviyyəsində, hələ bəlkə ondan da aşağı səviyyədə bilir.
Səhər “Qalx”, günorta “Yemək”, axşam “Yat” komandalarından başqa heç nə bilmirlər. Hərçənd ki, materialları analiz edib, analitik materiallar hazırlamalısan. Rövşən Cahangirov hərbi verilişin aparıcısı kimi daha çox maraqlı idi. Onu həqiqətən də özümə rəqib sayırdım. Cəbhə xəttində erməninin başını çəkməklə iş bitmir. Bu düz deyil. Bilirsən işlə, bilmirsənsə getmə. Şou-biznesdən yaz, bu daha sərfəlidir, nəinki hərbi.
- ANS-də
müxtəlif verilişlərin aparıcısı olmusunuz. Ancaq indiki kimi populyar deyildiniz. Populyar olmağınızda “Günəbaxan”
verilişinin təsiri çox oldu?
- Jurnalist
fəaliyyətim əsasən ANS-lə bağlıdır. “Marş”, “İç xəbər”, səhər
proqramlarının aparıcısı olmuşam. Bir ara “Xəbərçi”ni də apardım. Birinci musiqili verilişi olan “Kamerton”u da apardım.
Çempionlar Liqasının oyunlarını da
şərh etdim. “Günəbaxan”
verilişi tanınmağıma əməlli-başlı təsir
etdi. İndiyə kimi dostlarım deyir ki, hərbçi
kimi, “İç xəbər”dəki zəhmli sifətinlə
qalmalı idin. “Günəbaxan”da səni
gülərüz, zarafatcıl təsəvvür edə
bilmirik. Fakt isə budur ki, hələ
işləyirəm və verilişin reytinqi yüksəkdir.
Demək nə isə var.
- Turan, ya siz daha çox reytinq gətirirsiniz?
- Məncə
hərənin öz yeri var. Turanın aparıcılıq tərzi
başqa idi. Turanın da vaxtında proyekt
uğurlu idi və baxılırdı. Turan getdikdən
sonra Mirşahin dedi ki, verilişi İlqar aparsın. Dedim ki,
baş üstə (gülür). Turandan sonra
daha çox reytinq topladım. Yekəxanalıq
çıxmasın, siyahılara baxa bilərsiniz. Bunu özümdən demirəm. Reytinqi
ölçən şirkətin rəqəmlərinə baxa
bilərsiniz.
-
Verilişinizi sevənlərlə bərabər lağ edənlər
də var. Məsələn, “semeçka” deyirlər
(sözümü kəsir).
- “Semeçka” da deyirlər, hərf əlavə edib,
verilişin adını söyüşlə deyənlər də
var. Bəli, bütün bunları deyənlər var.
Ataların gözəl bir sözü var: “İt hürər,
karvan keçər”. Qoy desinlər, onların səviyyəsi
odur. Ola bilər, bəlkə də beynim
çönər və onlara cavab verərəm
(gülür). Bir-iki dəfə belə
hal olub. Yay tətilində istirahətdə
idik. Yan masada biri hazır idi, babat
içmişdi. Mənə baxıb, istehza ilə günəbaxan
dedi. Dedikdən sonra üzüm
çöndü, tərs-tərs baxdım ona. Yaxınlaşıb, əlimi çiyninə qoydum.
Dedim ki, sən çaşdın, ya çaşmadın,
özün de. Gəldilər ki, fikir vermə,
içkilidi (gülür).
- Aparıcısı olduğunuz
verilişdə taksi sürücüləri və müğənni
Günellə bağlı etdiyiniz çıxışlarla
bağlı sizi qınayanlar çox oldu. Sizcə
düzgün etdiniz?
- Düşünürəm ki, hər iki halda düz etmişəm. Bunun peşmançılığını çəkmirəm. Əgər taksi sürücüləri həqiqətən də başa düşsəydilər ki, onları bura niyə yığıblar, belə etməzdilər. Bilirdim ki, həmin verilişin reytinqi aşağı olacaq. Amma problem var idi və mən istəyirdim ki, gəlsinlər, köməkləşərək problemin həlli yolunu tapaq. Tapılırdı da. Onlar isə söhbəti başqa istiqamətə yönləndirmək istəyirdilər. Çağırmışam səni bura, gəl taksindən danış da. Problemini söylə. Sənin nəyinə lazımdır, hakimiyyətdə nələr baş verir. Sən taksi sürücüsüsən. Öz işinlə məşğul ol. Bir dəfə, iki dəfə, axırda səbrimi daşırdılar. Dedim ki, kim öz probleminin həll olunmasını istəyirsə əyləşsin, istəməyənlər gedə bilər. Başladılar ki, ə, durun gedək. Azərbaycanlılarda küyə düşmək dəbdir axı. Zalda oturanların taksi ilə bağlı problemi olmadı. Namiq Həsənov hamısının şikayətini yazdı, onların problemi həll olundu. Gedənlər isə itirdi. İndi bilmirəm vəziyyətləri necədir.
Güneli studiyaya çağırdıq. Qabağımıza şərt qoyaraq bizimlə yekəxana danışdı. Üstəlik təhqiramiz mesaj da yazır. Türkiyədə Kanal D-də Seda Sayan səni nə günə qoydu. Həmin şəxssən də. Heç nə deyə bilmədin. Mikrofonu çırpardın yerə və deyərdin ki, bilirsən nə var, mən getdim, oxumuram. Necə yəni pozuq dildə danışırsan? Deyərdin mənim dilim sənin dilindən daha varlı, daha bərəkətlidir. Deyəydin də, yox, burda biznes maraqları var axı. Onu orda deyə bilməzdi. Bura Azərbaycandır, düşünür ki, burda nə istəsə edə bilər. Mən sənin torpağında kontuziya aldım, hələ də altını çəkirəm. Ayağım da, başım da bərbad gündədir. Buna görə dedim. Problem yoxdur, müharibə başlasın, 5 saatdan sonra yenə Qarabağda olacağam. Bu adam başa düşməlidir ki, kimə necə münasibət göstərmək lazımdır. İnsan harada olmağından asılı olmayaraq öz yerini bilməlidir.
- ANS bir müddət
erməni hüquq müdafiəçisi Karen Ohancanyanın
Bakıda, aeroportda şillələnməsini reklam edirdi.
Düzgün addım idi bu?
- Şillə o erməniyə zəif dəydi. Ermənini vuran adamın döyüşçü olduğunu bilmirəm, ancaq çox zəif vurdu. Düşünürəm ki, hələ bu da azdır. Düşmənimə qarşı amansız olmalıyam. Vaxtilə düşmən olduqlarını unutduq, dost olduq, sonradan belə problemlər yarandı. İstəmirəm oğluma, oğlumun oğluna gələcəkdə problem yaransın. Üstəlik o düşmənlə mənim şəxsi ədavətim də var. Torpaq problemimiz var. Bizim üçün problem yaradıblar.
- Bizim ziyalılar, hüquq müdafiəçiləri də Ermənistana, Qarabağa gedirlər axı…
- Ziyalılarımızın ora getməyi yaxşıdır, nəinki onların bura gəlməyi. Biz öz torpağımıza gedirik, onların burda nə azarı var?!
- Ermənistanın
Azərbaycana qarşı elan olunmamış müharibəsinin
sonunu nədə görürsünüz?
- Müharibənin sonunu görmək üçün müharibəyə başlamaq lazımdır. İnşallah başlasın, sonu barədə danışarıq.
- Bir müddət
futbol üzrə Çempionlar Liqasının
oyunlarını da şərh etdiniz. Şərhinizlə
yaddaşlarda qaldınız. “Beşiktaş” klubunun
nigeriyalı qapıçısı İker Şorunmu var idi,
niyə ona Moşunmu deyirdiniz?
(müsahibənin bu yerində İlqar
Mikayıloğlu ürəkdən gülməyə
başladı)
- …Elə səhvlər çox olurdu. Emil Topçubaşov efir mühəndisimiz idi. Adları tez-tez deməliydim. Çaşıb soyadını Çopçubaşov dedim. Qaldı ki Moşunmu (gülür).
- Veteran şərhçi
Çingiz İsmayılov sizin şərh etdiyiniz oyunlarda
televizorun səsini sıfıra endirdiyini söyləmişdi…
- Mərhum Valid Sənani də bizi qınayırdı. Heç kimə heç nə demirdim. Oyunu gərək emosiyalarla şərh edəsən. Ürəyini boşaltmalısan. Rövşən Binnətli, Fikrət Adıgözəlli kimi qalstukda, 90 dəqiqə danışsam, alınmazdı məndə.
- “Qalatasaray”ın gənc
qapıçısı vardı, Taffarelin əvəzedicisi. Adı yadınızda qalıb?
- “Qalatasaray”ın o qədər qapıçısı
olub ki, hansını deyirsiniz?
- Cavan uşaq idi, Kərəm… Məzələnirdiniz
onunla…
(Bu anda İlqar Mikayıloğlu illər
öncə Kərəmlə bağlı səsləndirdiyi
fikri ani olaraq və gülə-gülə səsləndirir)
- Ay
gözəl Kərəm. Penaltini
çıxarmışdı da (gülür).
- Azərbaycanın şəxsi heyətinə
Kulisdən nə demək istərdiniz?
- Nə
desəm böyük çıxacaq, elə salamımı
verim, alsınlar bəsimdir.
- Həftə içi beş gün hər səhər alırlar.
- Hə, hərdən alırlar.
Mərkəz.- 2012.- 8 dekabr.- S.-
10-11.