Nizami Gəncəvi dünyəvi şairdir

 

"Nizami Gəncəvi Azərbaycanın dahi şairi kimi dünyanın bir sıra böyük ölkələrinin səfirləri tərəfindən etiraf edilib".

“Mərkəz” Kəpəz TV-yə istinadən xəbər verir ki, zaman-zaman həmişə çalışılıb ki, Nizami Gəncəvinin dünya ölkələrində Azərbaycana deyil, başqa xalqa mənsub olduğu nümayiş etdirilsin. Ancaq iftixar hissi ilə demək olar ki, bu gün dünya dahi Nizamini azərbaycanlı kimi tanıyır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi yüksək səviyyədə qeyd olunduqdan sonra onun xatirəsini əbədiləşdirmək məqsədi ilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq Türkiyədə Nizami Gəncəvinin “Xəmsə”sinin orijinal əlyazmaları ilə bağlı sərgi keçirildiburada Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Süleyman Dəmirəl də iştirak etdi.

Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə: “Tədbirdə Süleyman Dəmirəl “Nizami Gəncəvi mükafatı” ilə təltif edilib. Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayədarlar Şurasının Ağsaqqallar Şurasının sədri seçildi. “Xəmsə”nin əlyazmalar sərgisində 23 ölkənin səfiri iştirak etdi. Əsas nailiyyət ondan ibarətdir ki, burada Nizami Gəncəvi Azərbaycanın dahi şairi kimi dünyanın bir sıra böyük ölkələrinin səfirləri tərəfindən etiraf edilib”.

Müsahibim onu da bildirdi ki, Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgi keçirmək üçün dünyanın bir çox dövlətlərindən dəvətlər var.

Nizami Gəncəvinin əlyazmalarından ibarət sərginin keçirilməsi üçün artıq Yunanıstandan dəvət gəlib. Böyük Britaniyadan da dəvət var ki, Londonda Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgi keçirilsin. Eyni zamanda Fransa dövlətindən də dəvət gəlib”.

Nizami Gəncəvinin 870 illik yubileyində yaradılan “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayədarlar Şurası”nın üzvləri günü-gündən artır. Dünyanın tanınan şəxsiyyətləri adı çəkilən şuraya üzv olmağa razıdırlar.

“Amerikanın sabiq prezidenti Bill Klinton da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himəyadarlar Şurasına üzv üçün artıq razılığını bildirib. Hətta Süleyman Dəmirəl tərəfindən bildirilib ki, Amerika Birləşmiş Ştatının sabiq prezidenti böyük Buş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himəyadarlar Şurasına üzv üçün razılıq verib”.

Sevinməyə dəyər ki, həm də Nizami Gəncəvi artıq dünyada dünyəvi şair kimi tanınır. Bu isə dahi şairin poeziyasının işığının dünyaya saçması və Nizami Gəncəvi böyüklüyünün təzahürüdür.

 

 

 

Ayşə Osmanova.

 

Mərkəz.- 2012.- 14dekabr.- S.- 14.