Azərbaycan mədəniyyəti Romanı fəth etdi

 

İtaliyada “Azərbaycan- Odlar Yurdu “İpək yolu” üzərində” sərgisi açıldı

 

 Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın müsahibəsini təqdim edirik

 

İtaliyanın paytaxtı Romada 2011-ci ilin oktyabr ayından başlayaraq müxtəlif mədəniyyətlər və dinlərarası dialoqun təbliğ edilməsi məqsədilə “İpək yolu” üzərində olan ölkələrə həsr olunmuş mədəniyyət və innovasiyalar biennalesi keçirilir. Biennale İtaliyanın Mədəniyyət və Xarici İşlər Nazirlikləri və Roma Şəhər Meriyası tərəfindən təşkil olunub. Tədbirlərin davamı olaraq fevralın 13-də Roma Sivilizasiyası Muzeyində “İpək yolu” beynəlxalq sərgi festivalı çərçivəsində “Azərbaycan-Odlar Yurdu “İpək yolu” üzərində” adlı sərgi açılıb. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən sərgidə ölkəmizin zəngin tarixi, mədəniyyəti təqdim olunur.

Qeyd edək ki, Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertegin Salamzadə, tarix elmləri doktoru Fərid Ələkbərov daxildir. Daha ətraflı qəzetimizə nümayəndə heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva müsahibə verib.

- Sərgi barədə məlumat verərdiniz, açılış mərasimində kimlər iştirak etdi?

- Açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın təşkilatçısı olan Roma Şəhər Meriyası nəzdindəki “Zetemaqrupunun prezidenti Françesko Markolini, Roma şəhər merinin diplomatik müşaviri FilippoLa Rosa, Roma şəhərinin tarixi, arxeoloji və mədəni abidələr üzrə idarəsi rəisinin müavini xanım Renata Piççinini, Roma Sivilizasiyası Muzeyinin direktoru xanım Lukresiya Unqaro çıxış ediblər. Nazir Əbülfəs Qarayev mərasimdəki çıxışında Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin tarixi köklərindən söz açdı. Azərbaycanda elmə, mədəniyyətə dövlət qayğısından, mədəniyyətlərarası dialoqun inkişafında ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun rolundan danışıb. Azərbaycanın İpək yolu üzərində yerləşən ən vacibstrateji məkan kimi hər zaman diqqət mərkəzində olduğunu vurğulayan nazir bu sərginin deyilənlərə əyani sübut olduğunu, sərgilənən hər bir eksponatın Odlar Yurdu məkanının zəngin tarixi və mədəni keçmişindən bəhs etdiyini nəzərə çatdırıb. Əbülfəs Qarayev qədim Roma sivilizasiyası və qədim Azərbaycan mədəniyyəti ilə paralellər apararaq seyrçilərin ekspozisiya boyu buna şahid olacaqlarını söylədi və hamını sərgiyə baxmağa dəvət etdi.

Açılış mərasimindən sonra nazir Ə.Qarayev İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibələr verdi.

Roma Sivilizasiyası Muzeyindəki açılış mərasimində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Romada akkreditə olunan bir çox diplomatik korpusların nümayəndələri, Roma şəhər muzeylərinin rəhbərləri və əməkdaşları, İtaliyanın başqa şəhərlərində yaşayan, Şərq, özəlliklə də Azərbaycanın tarixi və mədəniyyətinin tədqiqi ilə məşğul olan şərqşünas alimlər iştirak edirdi.

- İtalyanlar Azərbaycan mədəniyyəti barədə nə dərəcədə bilgili idi?

- Tədbirdə çıxış edən İtaliyalı alimlər və muzey təmsilçiləri Azərbaycan tarixinin qədim dövrlərə gedib çıxdığından ölkəmizin həm tarixi, həm mədəni, həm də turizm baxımından nəinki Avropa, bütün dünya üçün maraqlı olduğundan danışdılar. Sərgi öncəsi ekspozisiya ilə tanış olan alimmuzey mütəxəssisləri “Azərbaycan: “İpək yolu” üzərində Odlar Yurdu” sərgisinin çox yüksək texniki səviyyəsindən, mövzu etibarilə geniş əhatəsindən söz açdılar.

İtaliya nümayəndələri Azərbaycan tarixi və mədəniyyətinin ölkə ictimaiyyətinə təqdim edilməsi məqsədilə son zamanlar Azərbaycan tərəfinin həyata keçirdiyi mədəni tədbirləri xüsusi qeyd edərək, bu qəbildən olan təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyinə inam ifadə etdilər.

- Növbəti tədbir mədəniyyətlərarası dialoqun təbliği məqsədini daşıyırdı?

 

- Bəli, Roma Biennalesinin mövzusunun mədəniyyətlər və dinlərarası dialoqun təbliğinin təşkil etdiyini nəzərə alsaq, Azərbaycanın bu mənada qazandığı nailiyyətlər göz qabağındadır və ölkəmiz bu sərgi festivalında təmsil olunmağa tam hüquq qazanıb. Ölkəmizin İslam dünyası və Qərb sivilizasiyası, həmçinin Şərqlə Qərb, Şimal və Cənub arasında körpü rolunu oynaması, mədəniyyətlərin dialoqu və harmoniyası, tolerantlığın xalqımızın nümunəvi xüsusiyyəti olması Azərbaycanın mədəniyyət diplomatiyasının, həmçinin xarici siyasətinin əsas təşviqat vasitələrindən biri kimi təbliğ olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsi ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edildi. Tədbirdə 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın nümayəndə iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir keçirilməsi qərara alındı və əlaqələndirici qurum kimi Mədəniyyət və Turizm Nazirliyi müəyyən edildi. Bununla mədəniyyətlərarası dialoqun təbliğinin daimi əsasda həyata keçirilməsinin təməli qoyuldu.

- Xatırladaq ki, tarixi “İpək Yolunun bərpası istiqamətində atılan ən mühüm addımlardan biri 1998-ci il sentyabrın 7-də Bakıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə beynəlxalq konfransın keçirilməsi olub

- Bəli, 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndəsinin iştirak etdiyi konfransın mühüm nəticələrindən biri Avropa İttifaqının TRASECA proqramı əsasında beynəlxalq sənədlərin, 13 dövlət və hökumət başçıları tərəfindən imzalanmış «Bakı Bəyannaməsi»nin qəbul edilməsi oldu. 2002-ci il iyunun 1-də Azərbaycan və İtaliya hökumətləri arasında mədəniyyət, elmtexnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Roma Biennalesi çərçivəsində gerçəkləşən sərgi bütün bunların məntiqi davamıdır.

- “Azərbaycan: “İpək yolu” üzərində Odlar Yurdu” sərgisində nümayiş etdirilən və ölkəmizin qədim tarixini əks etdirən tətbiqi sənət nümunələri, xalçalar, bəzək əşyaları və s. iştirakçılarda necə təəssürat oyatdı?

- Sərgi böyük maraq doğurdu. Tamaşaçılar canlı Azərbaycan musiqi motivlərinin müşayiəti ilə Şimal və Cənub, Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycan dünyasına daxil oldular. Təsvir olunan tarix ekspozisiyada, demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə edən bir neçə epizodla təqdim olunur. Müəyyən adlar altında təqdim olunan hər bir epizod tamaşaçılara İpək yolunun üzərində yerləşən Azərbaycanın altı məşhur qədim şəhərinin tarixi və mədəniyyəti ilə tanış olmağa imkan verir: Azərbaycan – qədim odlar yurdu;

 

 Qobustandünya mədəni irs abidəsi;

 

 Qobustan qayaüstü təsvirləri (petroqliflər, qravürlər) arxeoloji abidələr;

 

Mədəni şəhərlərin inkişafı – Bakı, Qəbələ, Şamaxı, Şəki, Ordubad və Bərdə xalq tətbiqi sənətinin nadir nümunələri timsalında.

Qeyd edim ki, sərgidə Azərbaycanın daş sənəti plastikası, xalça sənəti, ipəkçilik, misgərlik, keramika, silah sənəti nümayiş olunur.

VI-XIV əsrlər karvansaraları İpək yolu üzərində yerləşən gecələmə məntəqələri kimi təqdim edilir. Pavilyonun girişində tamaşaçını Azərbaycanın mədəniyyəti, mədəni irsiturizmi haqqında fotolar və videoroliklərdə ümumi informasiya şəklində təqdim olunur.

Ekspozisiyanin mərkəzində üzərində İpək yolu şəhər-mərkəzlərinin, eləcə də Dünya Mədəni İrs abidəsi kimi Qobustanın diametri iki metr olan qlobusun içində video-informasiya ilə dolu monitor yerləşdirilib.

 

Ekspozisiya bütöv bir tarixi əhatə edən bədii əsər səciyyəsi daşıyır və açılışdan başlayaraq son dəqiqələrə qədər Azərbaycanın tanınmış cazmeni Emil Əfrasiyabın canlı ifası ilə müşayiət olunurdu.

“Azərbaycan: “İpək yolu” üzərində Odlar Yurdu” sərgisi öz işini fevralın 14-də Roma Sivilizasiyası Muzeyində təşkil olunan elmi konfransla davam etdirdi. Konfransda İtaliyanın müxtəlif şəhərlərindən dəvət olunmuş İslam mədəniyyətini, Şərq dünyasını, Azərbaycan mədəniyyətini, xalçaçılığını tədqiq edən alimlər iştirak edirdi.

 

 Cəvahir Səlimqızı

 

Mərkəz.- 2012.- 18 fevral.- S. 11.