«Nənən
ölsün, sarı gəlin»…
«Sarı
gəlin» mahnısı rəsmi şəkildə Türk
dünyasının himninə çevrilməlidir»
İyunun 12-də Beynəlxalq
Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal
etdiyi “Sarı gəlin” sənədli filminin təqdimatı
keçirilib. Mədəniyyət və Turizm Nazirliyi,
TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil
olunan tədbir zamanı filmin müəllifləri
tamaşaçıların diqqətinə mədəni
irsimizin ən gözəl nümunələrindən olan qədim
mahnını elmi araşdırmalar baxımından təqdim
etdi. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, millət vəkili Gülər Əhmədova, Milli
Konservatoriyanın rektoru Siyavuş Kərimi və digər
tanınmışların iştirakı ilə baş tutan təqdimatda
Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Başqırdıstan, Hakas Respublikası və Qaqauz Yerini
(Moldova) təmsil edən folklor kollektivlərinin
ifasında “Sarı gəlin” mahnısı ifa edilib.
Filmin baş prodüseri Nazim
Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru
Rövşən Nicatdır. Rövşən Nicatın «Mərkəz»ə
müsahibəsini təqdim edirik.
- «Sarı gəlin» filminin ərsəyə
gəlməsi hansı zərurətdən doğdu və layihənin
yaranma ideyası kimdən gəldi?
- Bildiyiniz kimi mənfur qonşularımız
torpaqlarımızın bir hissəsini mənimsədikləri
kimi mədəniyyətimizə, incəsənətimizə də
əl uzadırlar. Bu
mövzuda ən çox mübahisə obyekti kimi bizim “Sarı
gəlin” mahnımız gündəmdədir. Yaradıcı
insanların da mübarizə metodu təbii ki, qələmdir,
kameradır və s. Bizim yaradıcı qrup da bu mübarizəyə
qoşulmağı özünə borc bildi.
Filmin ideyası tədqiqatçı-jurnalist,
mənim yaxın dostum İdris Heydərli tərəfindən
təklif olundu. Təbii ki, film çəkilişi
üçün vəsait tələb olunur. Maddi dəstək
üçün ilk müraciət etdiyimiz insan Nazim Abdullayev
oldu. Sağ olsun, təklifimizi böyük vətənpərvərlik
hissiylə qəbul etdi və bizim çəkilişlərimiz
üçün öz imkanları çərçivəsində
dəstək oldu. Nazim müəllim ümumiyyətlə belə
milli dəyərlərimizə aid olan layihələrə
biganə qalmır, bir prodüser kimi, vətənpərvər
azərbaycanlı kimi həmişə dəstəkləyir.
Biz öz yaradıcı qrupumuz adından ona öz minnətdarlığımızı
bildiririk. Təqdimat mərasimində gördüyünüz
bütün təşkilati işləri də o özü həll
edib.
Məni ən çox
duyğulandıran, fərəhləndirən türk dilli
ölkələrdən dəvət olunmuş musiqiçilər
oldu. Açığını deyim, bəzi məqamlarda hətta
kövrəldim də… Çünki orada səslənən
”Sarı gəlin” bizim dədə-babalarımızın, əcdadlarımızın
ruhunun nəğməsidir. Kökü olmayan, mədəniyyəti
olmayan bir millətdə bu ruh, bu musiqi ola bilməz. ”Sarı gəlin”
mahnısı rəsmi şəkildə Türk
dünyasının himninə çevrilməlidir.
- Bir tamaşaçı olaraq deyə bilərəm
ki, uğurlu bir ekran işinə imza atmısınız. Bəs
rejissor olaraq qənaətinizi bilmək maraqlı olardı;
sizcə, film alındı, istədiyinizə nail oldunuz?
- ”Sarı
gəlin” bildiyiniz kimi tarixi-sənədli bir filmdir. Filmdə əsas mövzu olaraq 10-cu və 20-ci
yüzillikdə Şərqi Anadolu və Qafqazlarda baş verən
tarixi hadisələrin paralellikləri öz əksini
tapır. Burada əsas məqsədlərdən biri də
tarixi faktlara əsaslanaraq erməni kimliyinin bir millət yox,
bir din camaatı olduğunu sübut etmək idi
. Filmdə bir neçə tarixi
mövzular açıqlanır ki, bu mövzuların hər
biri ayrı-ayrılıqda tədqiqat mənbəyidir və
yüzillərlə gizlədilən bu mövzular tariximizə
yenidən baxılmağına təkan verəcək. Bu məsuliyyət artıq tarixçilərimizin
öhdəsinə düşür. Filmin
uğuru da məhz bundadır. O ki qaldı mənim
rejissor işimə.. mən
deyə bilmərəm ki, bu filmdə xaruqələr
yaratmışam. Yox, bu film tam səmimiyyətlə deyirəm
mənim bir rejissor kimi ”Sarı gəlin”
haqqında çəkmək istədiklərimin 30 faizidir. Tam
istədiyimə nail olmaq üçün böyük məbləğdə
vəsait tələb olunurdu. Bilirsiniz ki, ən müasir texnikalar,
quraşdırılmış səhnələr, aktyor
truppası və s. bütün bunlar böyük vəsait tələb
edir. Bizim yaradıcı qrup demək olar ki,
çox cüzi qonorarla bu işə əl qoydular. Çünki əsas məbləğ texniki və
kommunal xərclərin ödənişi üçün nəzərdə
tutulmuşdu. Amma bütün bunlara
baxmayaraq mənim özüm üçün tarixin yeni şərəfli
səhifələri, yeni mövzular açıldı. Mən bu filmdəki imzamla qürur duyuram.
- Çəkilişlər harda aparıldı və film
neçə müddətə hazır oldu?
Çəkiliş prosesi zamanı
qarşılaşdığınız maraqlı məqamlardan
danışın….
- Çəkilişlər 2010-cu ildən etibarən
Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiya ərazilərində
aparıldı. Saydığım ölkələr
çox dəyərli tarixçi alimlərindən müsahibələr
aldıq, qıpçaqların yerləşdiyi ərazilər
lentə alındı. Çəkilişlərə
fasilələrlə 1 ilə yaxın vaxt sərf etdik.
Ümumilikdə film demək olar ki, 1 il 8
aya hazırlandı. Mənimçün ən
maraqlı məqamlar Türkiyə ərazisində oldu. Ərzurumda,
Karsdakı çəkilişlər, Penək qalası, Allahu əkbər
dağı, Qırxlar məzarlığı… bütün bu
adları internet səhifələrindən, tarix
kitablarından oxuyub sonra o yerləri öz gözlərimlə
görməkdən duyğulu heç nə ola
bilməz məncə.
- Bu gün çəkilən filmlərin nümayiş
problemi var. Çünki əksər kinoteatrların fəaliyyəti
donub, televiziyalar öz məhsullarını nümayiş
etdirir. Yeni filmləri də yalnız
prezentasiyalar zamanı görmək fürsəti olur. Bəs «Sarı gəlin»i
tamaşaçılarına harda təqdim olunacaq, bu barədə
düşünmüsünüzmü?
- Çox aktual mövzuya toxundunuz. Bu
problemin əsas səbəbi odur ki, biz kommersiya dövründə
yaşayırıq və bu gün istehsal olunan filmlərin əksəriyyəti
də bu səbəbdən dediyiniz problemlərlə üzləşir.
Kinoteatrlarımızın demək olar ki,
hamısı özəlləşib, bəziləri
sökülüb yerində özəl binalar, restoranlar,
şadlıq evləri tikilib. Televiziya
kanalları isə bəzən filmin kanalda yayımlanması
üçün prodüserin tələb etdiyi qonorarı verməkdən
imtina edirlər. Ümumiyyətlə bizdə
bu sistem arxa planda qalıb. Yəqin ki, əlahəzrət
zaman özü bu problemi həll edəcək…. Nə vaxtsa…
-«Sarı gəlin»in beynəlxalq müstəvidə
nümayişi-festivallara, kino müsabiqələrinə
göndərilməsi nəzərdə tutulubmu?
- Bu sualı baş prodüserimiz Nazim müəllimə
versəydiniz daha məqsədəuyğun olardı. Çünki filmin sahibi odur. Amma
inşallah eşitdiyimə görə payızda nəsə nəzərdə
tutulub.
- Bir rejissor olaraq qarşıda daha hansı
yaradıcılıq planlarınız var?
- Yaradıcılıq planlarım çoxdur. Mən
AzTV-dən başqa ”PREMIER CINEMA”
prodakşınla da əməkdaşıq edirəm. Sentyabr ayından serial çəkilişlərim
başlayacaq. Televiziya kanalları
üçün bir neçə layihəm var və bir də
2 bədii filmin, bir tarixi mövzuda serialın ssenariləri
üzərində işləyirəm. Allah
nəsib etsə. Söhbətin sonunda mən qəzetiniz
vasitəsiylə bu layihəyə dəstək olan
bütün təşkilatlara, Mədəniyyət və
turizm nazirliyinə, mənə ”Təşəkkür
Bəlgəsi” təqdim edən “Turksoy” şirkətinə,
”ANKAF”-a, bizə texniki dəstək olan “Premier CINEMA” şirkətinə
və bu layihədə əməyi olan Nazim müəllimə,
İdris Heydərliyə, operator Şahmar Qərəmanova,
montaj rejissoru İlqar Turala, səs rejissoru Hafiz İbrahimliyə,
filmin direktoru Vüqar Heybətova, ümumiyyətlə
bütün yaradıcı qrupa öz dərin minnətdarlığımı
bildirirəm.
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 14 iyun.- S.14.