“Cənnət Səlimovanın
adı mənim üçün vizit kartı olub”
«Cənnət
Səlimovanın adı mənim üçün fəxrlə
istifadə etdiyim vizit kartı olub»
Onu təmtəraqlı cümlələrlə təqdim
etmək fikrindən çox-çox uzağam. Çünki
buna heç ehtiyacı da yoxdur. Hələ Kamera Teatrında
çalışdığı vaxtlarda, daha dəqiq ifadə
etsəm, ilk gənclik illərindən çoxlu sayda fanat
ordusu toplaya bilib. Bu mənada Şövqini şanslı aktyor
saymaq olar. Elə özüm də Kamera Teatrına məhz
Şövqünün şövqlə oynadığı
tamaşalara görə getdiyim vaxtlar az olmayıb. Söhbət
əməkdar artist, prezident mükafatçısı, Gənc
Tamaşaçılar Teatrının aktyoru Şövqi
Hüseynovdan gedir. Görək, mövsümü necə
başa vurub…
Teatr mövsümü bağlamaq ərəfəsindədir.
Bir aktyor olaraq bu mövsümdə istədiyini
reallaşdıra bildinmi?
- Teatrımız cənub bölgəsində
qastrol səfəriylə builki mövsümü başa
vuracaq. Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti-vəziri-xani
Lənkəran» tamaşası ilə. Bir aktyor kimi deyə bilərəm
ki, teatrda məzuniyyət heç vaxt ürəyimcə
olmayıb. Çünki hansısa işləri artıq
görüb qurtarırsan, bəzi işlərin
yarımçıq qalır və s. Bu işləri
yekunlaşdırmaq üçün vaxt çox lazım olur.
Amma istirahət də vacibdir.
- Bu mövsüm ərzində
hansı tamaşa ilə ürəyindən tikan
çıxara bildin?
- Hələ ki, işləyirik, tamaşalar davam edir. Bu günlərdə «Müsyö Jordan dərviş
məstəli şah» əsərini təhvil verdik, orda mən
dərviş rolunda çıxış etdim. Festival çərçivəsində
hazırlanmış bir tamaşa idi. 20 il
öncə mən Kamera Teatrında həmin tamaşada
oynamışdım. Yeni bir iş olmasa da, maraqlı obraz idi. Amma çox istərdim ki, yeni mövsümdə daha
yeni, maraqlı və ürəyimdən tikan çıxaran
tamaşalarda rol alım. Həmişə
istəmişəm rollarımla ürəyimdəki
tikanları çıxarım. Amma bu
tikanlar haçan çıxıb qurtaracaq, bəlli deyil.
- Çox tez populyarlaşan aktyorlardansan, bu şans hər
gəncə nəsib olmur. Bu mənada, bəxtinə
minnətdarsan, yoxsa zəhmətinə?
- Hesab edirəm ki, bizim sənətdə zəhmətdən
öndə dayanan heç nə yoxdur. Zəhmət,
zəhmət, yenə də zəhmət. Başqa
silahımız yoxdur. Böyük istedad sahibi ola bilərsən, amma zəhmət çəkməsən,
o istedad batıb gedə bilər.
- Kamera Teatrı həmişə öz fərqli
dəsti-xətti, yozumu ilə diqqət çəkib. Siz aktyor olaraq həmişə
tamaşaçını cəlb etmək üçün
hansı yozumu əldə əsas tutmusunuz?
- Bu dəqiqə teatra tamaşaçı yalnız
canlı insana görə gəlir. Bildiyiniz kimi,
tamaşaçını teatrdan uzaqlaşdıran çoxlu
proseslər var. Söhbət həm də internet və
başqa bu tip məkanlardan gedir. Amma
bütün bu məkanlarda canlı insan yoxdur. Hansı ki, tamaşaçını canlı insan cəlb
edir.
- Yeri gəlmişkən, teatra
tamaşaçının gəlməməsinin günahı
kimdədir?
- Günahkar aktyor və rejissordur. Əgər
tamaşaçı teartra gəlmirsə, deməli tamaşa zəifdir.
- Bəs dramaturgiya səbəb ola
bilməz?
- Olar, həm aktyor oyunu, həm rejissor yozumu, həm də
yaxşı repertuar burada əsas rol oynayır. Bizim
tamaşaçı qıtlığından şikayətlənməyə
haqqımız da yoxdur. Tamaşaçı səhnədə
canlı insanla ünsiyyətdə ola
bilirsə, o, mütləq tamaşaya gələcək. Lap nə qədər gözəl səhnə
dekorasiyaları qursan da, gözəl kostyumlar geyinib, qrimlənsən
də bunlar səni xilas edə bilməyəcək,
özü də indiki zamanda. Mütləq
canlı insan olmalıdır.
- Səncə, bu gün tamaşaçılar klassikaya
daha çox meyil edir, yoxsa müasir dramaturgiyaya?
- Klassikaya meyil həmişə üstünlük təşkil
etməlidir. Həmişə də klassika
öndə gedib. İstənilən
rejissor repertuarında klassik əsərlərin olmasını
arzulayıb. Amma klassik əsəri Mirzə
Cəlilin, Mirzə Fətəli Axundzadənin dövründə
yazıldığı kimi oynamaq müasir
tamaşaçı üçün bir qədər problem
yaradır. Əlbəttə ki,
kökü, problemləri, ağrıları qalmaq şərtilə
əsərə 21-ci əsrin rejissorunun gözü ilə baxılanda
o əsər daha maraqlı nəticə verir. Sən
bilet işi ilə məşğul olan adamlarla söhbət
edəndə onlar həmişə klassik tamaşaların adına daha çox bilet
satıldığını deyirlər, nəinki müasir səhnə
əsərlərinin. Klassik əsər daha
çox tamaşaçı toplayır. Necə
ki, rejissorun düzgün rol bölgüsünü uğurun
50 faizini həll edir, teatrın repertuarında olan məşhur
isimlər, klassik əsərlər də uğurun təminatçısıdır.
- Həmişə klassikayla da kifayətlənmək
olmaz. Bəlkə bu ondan irəli gəlir ki, müasir
dramaturgiyada mükəmməl əsərlər
qıtlığı yaşanır…
- Yəqin ki… Əlbəttə müasir dramaturqlardan
üzdə olanlar var-Əli Əmirli, Kamal Abdulla, İlqar Fəhmi,
Samir Sədaqətoğlu… Klassika əlimizin
altında həmişə var və özü də klassika məktəbdir.
Hər bir aktyor o yoldan keçməlidir. Bununla belə müasir problemlərimizi özündə
əks etdirən, bugünün əsərlərin
çoxluğuna daha çox ehtiyac var. Biz buna görə
dramaturqlardan xahiş edirəm ki, teatrı yaddan
çıxarmasınlar.
- Teatrlarımız super təmir olunub, hər cür
texniki avadanlıqlarla təchiz edilib, amma bunun müqabilində
təmiri qədər də keyfiyyətli repertuarı
görünmür.
Brodvey teatrları var ki, orda dəbdəbə yoxdur, amma
tamaşaçı o teatrlara demək olar ki, təşnədir…
- Ümumiyyətlə, bu gün dünyada psixoloji realizm
dediyimiz teatra yanaşma tərzi bir qədər azalmaq üzrədir.
Bunun da əsas səbəblərindən biri yeni nəslin az zəhmət çəkməsidir. Psixoloji realizm-canlı insan ürəyi ilə məşğul
olmaq böyük gərginlik, zəhmət, yuxusuz gecələr
tələb edir. Sadəcə, şou
yaratmaq, məntiqə varmadan nələrsə etmək-heç
də ağıl, düşüncə, istedad, gərginlik tələb
etmir. Sadəcə, bir az inprovizə
qabiliyyəti, fantaziyası olan adam bu işlərlə məşğul
ola bilər. Dünyanın özündə, elə
Rusiyada elə məşhur teatrlar var ki, orda mən heç
tamaşanı axıra qədər izləməyə səbrim
çatmayıb. Sadəcə, vaxtıma
heyifim gəlib. Bununla bərabər hər halda, keyfiyyətli
tamaşalar da var. Nə bilim bu proses bütün dünyada
gedir, bəlkə də yeniləşmə ilə əlaqədardır.
Hər halda. Bu prosesin mənə
aidiyyəti yoxdur, mən konservativ olaraq teatra bağlı bir
adamam.
- Özün də dediyin kimi, bütün dünyada, o
cümlədən də Azərbaycanda kassaya xidmət edən,
yaxud da sənət meyarı olan tamaşalar var. Amma sənə
elə gəlmirmi ki, kassaya işləyən tamaşalar daha
çox kütləviləşib?
- Mən biləni rejissor yozumu, aktyor oyunu daha mükəmməl
olan tamaşa əslində kassaya işləyən tamaşa
sayılmalıdır. Yalnız şou xarakterli
tamaşaları kassaya işləyən tamaşa saymaq olmaz.
- Mən pul gətirən tamaşaları nəzərdə
tuturam…
- Bizdə ən çox biletləri satılan tamaşa
Şekspirin «Otello» tamaşası olub. Bunu
müdiriyyətdən də soruşa bilərsiniz. Amma anladığımız tərzdə buna kassaya
işləyən tamaşa saymaq olmaz. «Kassaya
işləyən tamaşa» ifadəsi var. Mənim nəzərimdə
isə elə ən çox pul gətirən tamaşalar da elə
ən yaxşı tamaşalardır. Əlbəttə
söhbət konsert salonlarından yox, teatrdan gedir. Yenə
də deyirəm, «Otello», «Aydın», «Şeyx Sənan»
ağır tamaşalardır və kassaya yox, sənətə
xidmət edir, amma bununla belə qazanc gətirir, hər dəfə
bu tamaşalarda dolu zala oynayırıq.
- Sənə elə gəlmir ki, vaxtilə ən prestijli
fakültə sayılan aktyor fakültəsini gənclər
bu gün müəyyən məqsədlər
üçün seçirlər… Bu fakültəni
bitirən məzunlar da fərqli sahələrdə
çalışırlar.
- Tamamilə razıyam. Kamera Teatrında
işləyədiyimiz vaxt bizə iki aktyor lazım idi. Cənnət Səlimova Mədəniyyət və
İncəsənət Universitetindən iki aktyor tapıb
teatra gətirə bilmədi. Çünki
heç biri teatra gəlmək istəmədi. Bilmirəm istedadları çatmır, ya nəsə,
amma o fakültədə təhsil alırlar. Bunun da
günahı məncə test sistemindədir. Kiminsə balı çatmır, göndərirlər
ora, yaxud da əsgərlikdən qalmaq məqsədilə «təki
institut olsun» deyib aktyorluğu seçirlər. Bu
mənada həddən ziyadə cılızlaşma prosesi
gedir.
- Aktyorların da çoxu qazanc dalınca, televiziyada
işləməyə can atır, toyda tamadalıq edir… Buna münasibətin necədir?
- Əlbəttə toyda tamadalıq etmək,
şou-proqramda aparıcı olmaq, teatrda hansısa bir ciddi əsərdə
oynamaqdan daha çox gəlir gətirir. Elələrini
qınamıram da. Hər kəsin
seçiminə hörmətlə yanaşıram.
- Sən dolanışıq naminə belə vasitələrdən
istifadə etmisənmi?
- Bunu istəsəm də, bacarmaram. Çünki
sadaladığınız o şeylər xüsusi bir istedad tələb
edir.
- Çoxlu sayda seriallar çəkilir, elə sən
özün də yeni bir serialda rol almısan. Serialların
səviyyəsi səni qane edirmi?
- “ATV” kanalında nümayiş olunan «Pərvanələrin
rəqsi» serialında oynayıram. Qane edir deyəndə ki, milli
serialların çəkilməsi alqışa layiqdir. Səviyyəyə gəlincə, biz bu sahədə
yeniyik və serial çəkmək praktikamız yoxdur. Amma bunun üçün zaman lazımdır.
- Etiraf edirsənmi ki, bu qədər uğur
qazanmağında Cənnət Səlimovanın yetirməsi
olmağının və onun yanında
çalışmağının böyük rolu olub?
- Bunu 100 faiz etiraf edirəm. Cənnət Səlimovanın
yanında çalışmağımı aktyor taleyimdə ən
böyük şans kimi qiymətləndirirəm.
Sənnət Səlimovanın adı mənim
üçün fəxrlə istifadə etdiyim vizit kartı
olub.
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 21 iyun.- S. 14 .