Məşhur mahnının müəllifi
tapıldı
"Mərkəz" "Bağban, məni
yaralama" mahnısının xalq mahnısı
olmadığını üzə çıxararaq müəllifi
ilə söhbətləşdi
Onunla bir təsadüf nəticəsində
tanış oldum. Muğam Mərkəzində film təqdimatı
zamanı sevilən şair Vahid Əzizlə söhbət
edirdik. Bu zaman bizə nurani bir xanım yaxınlaşıb,
şairlə hal-əhval tutdu. Vahid müəllim,
«Tanış ol, bu şairə Şərafət
Dağıstanlıdır»-deyəndə bu
tanışlığı sadəcə, bir etiket xatirinə qəbul
etdim. Amma «Yaralama» mahnısının söz müəllifi»-xatırlamasını
eşidəndə dərhal təəccübüm sualla ifadə
olundu; Necə? «Bağban məni yaralama» mahnısının
söz müəllifi bu xanımdır? Sözün
düzü, həmişə xalq mahnısı kimi
tanıdığım və çox sevdiyim bu mahnının
(Bir bülbüləm xoş nəfəsli,
Həmdəmimdir, bahar fəsli.
Xoşlamıram dar qəfəsi,
Bağban, məni yaralama,
Bu dağlardan aralama!-)
müəllifi ilə qarşı-qarşıya
dayanmağımdan hətta şaşırdım da… Daha sonra
isə şairənin mənzilində görüşdük.
Şərafət xanım şeirlərindən ibarət
cild-cild kitabları, haqqında yazılmış 40-50 ilin
yazılarının qarşıma töküb, xatirələri
ipə-sapa caladı.
Söhbətləşməzdən öncə, gəlin
onu daha yaxından tanıyaq. Çünki mənim kimi bəlkə
də çoxları bilmir ki, bir çox məşhur
mahnıların söz müəllifi məhz Şərafət
Dağıstanlıdır.
Şərafət Dağıstanlı 1939-cu il aprelin
22-də Dağıstanın Rutul payonu Gilixor kəndində
anadan olub. 6 yaşında anasını Samur çayında
itirən balaca Şərafət Qax rayonunda qohumlarının
himayəsində böyüyüb. 1950-ci ildə qohumları
ilə birlikdə Bakıya köçüb. 1961-ci ildə
Bakı Dövlət Universitetinə daxil olub. «Azərbaycan
qadını» jurnalında, Cəfər Cabbarlı adına Azərbaycan
kinostudiyasında, Dövlət radiosunda, həmçinin bir
sıra qəzet və jurnallarda çalışıb. Şərafət
xanım 60-dan artıq mahnının söz məllifidir;
«Yaralama», «Dağlar», «Gəl axtar məni», «Bu dünyanın»,
«Sənsiz», «Səndən ötrü», «Olmur», «Xəbər al
məni», «Ana Kürüm», «Xatirələr», «Sən vermədinmi»,
«Dağlar qoynunda, qoynunda» və s. Ən maraqlısı budur
ki, bu mahnılar onun özündən xəbərsiz bəstələnib.
Həmin mahnılar bu gün də tanınmış xanəndələr
və el aşıqları tərəfindən sevi-sevə
oxunur.
Bir mahnının tarixçəsi…
Sovet dövründə pambıq yığımı
yarışlarının qızğın vaxtlarında
sosialist əməyi qəhrəmanlarının şərəfinə
çoxlu sayda mahnılar yazılırdı. Həmin
mahnılar bir çox müğənnilər tərəfindən
ifa olunurdu. Belə mahnılardan biri-Sabirabad rayon sosialist əməyi
qəhrəmanı Zəminə Aslanovaya həsr olunmuş «Zəminə»
mahnısı idi ki, bu bəstənin söz müəllifi
Şərafət Dağıstanlı, musiqi müəllifi isə
Elza İbrahimova idi. O dövrün insanlarının
yaxşı yadında olar;
«Qədəminə çiçək düzür,
gül düzür,
Çöllər sənin xatirinə Zəminə!
Göylər narın yağışını
yollara,
Çilər sənin xatirinə, Zəminə!
Çəmənlərdə dəstəsini
bağlayır,
Güllər sənin xatirinə Zəminə!
Şərafət xanım danışır ki, uzun illər
onun sözlərinə yazılmış mahnılar
aşıq və xalq mahnıları kimi təqdim olunub. Bunun
isə günahını müğənnilərdə
görür: «Mən müğənniləri qınayıram,
ona görə ki, onlar mahnıları oxuyanda ən azı
söz müəllifi və bəstəkarların
adlarını elan etməlidirlər. Hələ indiyə qədər
bir müğənnidən eşitmədim ki, desinlər «Yaralama»
mahnısının söz müəllifi Şərafət
Dağıstanlıdır. Bu mahnının Xan
Şuşinskidən tutmuş Mənsum İbrahimova qədər
hər kəs oxuyub. Heç bu mahnının bəstəkarını
da tanıyan yoxdur, ona görə ki, heç yerdə adı
çəkilməyib».
Xan əmiyə «sirr açdım»…
Şairə xanım ustad sənətkar Xan əmi ilə
tanışlığından da söz açdı: «1965-ci
ildə Şuşaya-sanatoriyaya istirahət məkanına
getmişdim. Elə sanatoriyanın həyətində- skamyada
oturub şeir yazırdım, bir də gördüm
böyük xanəndəmiz Xan əmi mənə
yaxınlaşdı. Həmin vaxta qədər mən Xan əmini
qiyabi tanıyırdım. Sən demə, o da sanatoriyada dincəlirmiş.
Məndən soruşdu ki, nə yazırsan, qayıtdım ki,
şeir. Bir-iki şeirimə baxdı və çox xoşuna
gəldiyini dedi. Mən həmin vaxtlarda onun ifasında
«Yaralama» mahnısını da eşitmişdim. Amma belə
başa düşdüm ki, Xan əminin bundan xəbəri
yoxdur. Elə orda söhbət açıldı ki, «Yaralama»
mahnısının söz müəllifi mənəm. Xan əmi
çox heyrətləndi və bundan xəbərsiz
olduğuna görə təəssüfləndi. Bu mahnıdan
sonra Xan əmi 1972-ci mənim sözlərimə
yazılmış «Olmur» təsnifini oxumaqla o musiqiyə məşhurluq
qazandırdı».
Şahmalı Kürdoğlu məndən
üzr istədi
Öyrəndik ki, hər iki mahnının bəstəkarı
vaxtilə Ağdam musiqi məktəbinin direktoru vəzifəsində
çalışan Xosrov Fərəcov olub.
Amma Şərafət xanım bir dəfə də
olsun o bəstəkarla üz-üzə gəlməyib. Sadəcə,
həmin adam Şərafət xanımın şeirlərinin
gözəlliyinə heyran olub və musiqi bəstələyib».
«Olmur» təsnifi də uzun illər xalq mahnısı
kimi tanınıb. Hətta bir dəfə Şahmalı
Kürdoğlu bir dəfə bu təsnifi Rusiyada oxuyan zaman
«xalq mahnısı» kimi təqdim edib: «Mən Qorki adına Ədəbiyyat
İnstitutunda tələbə idim, orda bir məclisə dəvət
almışdım. Gördüm Şahmalı Kürdoğlu
«Olmur» təsnifini oxudu və xalq mahnısı kimi təqdim
etdi. Dedim o təsnifin söz müəllifi mənəm, bu necə
xalq mahnısı ola bilər? Özü də
çaşıb qaldı və məndən üzr istədi».
Sonralar bu mahnılar Səxavət Məmmədov, Arif
Babayev, Əbülfət Əliyev, Mənsum İbrahimov, Nəzakət
Teymurova oxuyub. Amma bir dəfə də olsun bu mahının
söz müəllifini axtarıb-aramayıblar: «Bir dəfə
özüm kitabımı götürüb Mənsum
İbrahimovun yanına getdim. Ona deyəndə ki, «Yaralama»
mahnısının söz müəllifi mənəm,
çox təəccübləndi. Mənə belə gözəl
mahnıya görə minnətdarlıq etdi. Amma o biri
müğənnilər heç məni yadlarına da
salmırlar.
Şərafət xanım bir şeydən də gileyləndi.
Dediyinə görə, çox vaxt onun sözləri təhrif
olunmuş formada oxunur ki, bu da musiqinin gözəlliyinə, mənasına
xələl gətirir. Məsələn, «Bir çiçəyəm
al qumaşı, üstəki şeh üzük qaşı!» əvəzinə
müğənnilər belə oxuyur: «
«Bir çiçəyəm al qumaşı, üstəki
tağ üzük qaşı!»
Aşıq Pənahın adına
çıxdığı mahnı…
1975-ci ildə mən Neftçalada zona müxbiri kimi fəaliyyət
göstərirdim. Məni ordan Salyana zəhmətkeşlərlə
çağırdılar, orda mən Aşıq Pənahla
tanış oldum. Orda 8 şeirmi Aşıq Pənaha, «Ana
Kürüm» mahnısının sözləri də həmin
şeirlərin arasındaydı. Üstündən çox
keçməmiş gördüm «Ana görüm»
mahnısı dillər əzbərinə çevrilib,
Aşıq Pənahın mahnısı kimi.
Bax, bu kitabımda şeir yer alıb:
Kür Bakıya axdı,
gəldi,
Sinəmə gül taxdı
gəldi,
Sahilləri yaxdı gəldi,
Ay mənim ana Kürüm!
Qurbanam sana Kürüm!
… Şərafət Dağıstanlının sözlərinə bu gün də mahnılar yazılır.
Əsrin müqaviləsi
sayılan «Bakı-Ceyhan»a həsr olunmuş «Bakı-Ceyhan neft kəməri» mahnısının da söz müəllifi Şərafət Dağıstanlıdır.
… Fürsət varkən,
şərafət xanımın
əziz-xələf kimi
saxladığı lent yazılarında
mərhum sənətkar
Səxavət Məmmədov
və Sədinin ifasında «Yaralama» mahnısını dinləyib
feyzi-yab olduq. Söhbət əsnasında
öyrəndik ki, şairə xanım indiyə qədər zəhmətinin bəhrəsini
dadmayıb, nə fəxri adı var, nə də
mükafatları… Bununla
belə onun bir arzusu var:
«Çoxlu sayda çap olunmamış şeirlərim var ki, onların kitab halında nəşr olunmasını
arzulayıram. Bir də
arzum budur ki, sözlərimə yazılmış mahnılar
ifa olunarkən, adımı çəksinlər.
Bu mənim üçün
dünyaya dəyər».
Cəvahir Səlimqızı
Mərkəz .- 2012.- 28 iyun.- S. 14.