İlk dəfə bunu 1989-da hiss etdim.

 

Xalq artisti Faiq Ağayev «Mərkəz»in suallarına cavab verir.

 

-Faiq bəy, hər bir insanın həyatında müəyyən enişli və yoxuşlu dövrlər olur. Peşəkar ifaçılığa gəldiyiniz ilk gündən populyar müğənni kimi daima gündəmdə olmusunuz. Bu illər ərzində sizin də həyatınızda sevincli və kədərli səhifələr olub. Amma 2010-2011 sizin üçün bir az ağır keçdi elə bil…

- Ağır deməzdim. Amma, bəli, bəlkə də məhsuldar keçmədi.

- Sizə qarşı cinayət işlətdilər. Sonra rəhmətlik atanızı itirdiniz. Elə bil sizi qara tilsimə salıblar… Hər halda mən belə şeylərin mövcudluğuna inanmıram.

-Yox, «Qurani-Kərim»də «Fələk» surəsində cadu ilə bağlı məqamlar öz əksini tapıb. Buna inanmamaq olmaz. Bəli, əvvəlcə məlum cinayət hadisəsi oldu, 2011-ci ildə də atamı itirdim. Atamın dünyasını dəyişməsindən sonra müəyyən bir zaman sənətimlə təbii ki, məşğul olmadım. Daha sonra anamın tələbi və təkidi ilə özümü toparlaya bildim. Həmçinin öz inadkarlığım sənəti davam etdirməyə vadar etdi. Həyatdır, hər kəsin yaxşı günləri də olur, çətin günləri də. Əsas məsələ, sınmamaqdır. İnsan mənəvi cəhətdən güclüdürsə, bəd günlərin üzərindən addımlayıb, gücünü itirmədən həyatını, fəaliyyətini davam etdirə bilir. Təbii ki, atamın yerini heç kim tutmaz və bu itkinin təsiri indiyədək qalıb. Amma Allah-Təala məni bu dünyaya müğənni kimi gətirib və mənim də yəqin ki, amalım sənətlə məşğul olmaqdır. Allahın verdiyi bu istedadı, bu bəxşişi boş yerə sərf edə bilmərəm.

- O vaxtı siz Tibb Universitetini atıb İncəsənət Universitetinə keçdiniz. Həmin vaxtlarda həkimlik həm pullu, həm də hörmətli peşə sayılırdı. İstər-istəməz belə baxanda, müğənnilikdən bir neçə mərtəbə qabaq idi. Həmçinin cəmiyyətdə həkimlərin yeri, həm də hörməti fərqli idi. Sizin bu addıma evdə necə reaksiya verdilər?

- Mənim gəncliyimdə ən məşhur 3 fakültə bunlar idi: hüquq, şərqşünaslıq və Tibb Universiteti. Deməli, hazırlıq kurslarına getdim və bu kursları əlaçı kimi bitirdim. Mən orta məktəbi də əlaçı kimi bitirmişəm. Tibb Universitetinə də imtiyazlı tələbə kimi müsabiqədən kənarda qəbul etdilər məni. Lakin 1-ci kursu bitirər-bitirməz sənədlərimi götürüb Mədəniyyət və İncəsənət Universitetinə verdim. Evdəkilər bunu biləndən sonra məni 6 ay danışdırmadılar. Ailəmiz çox patriarxaldır. Məsələn, masaya oturanda, yeməyi birinci atamız dadmalı idi. O masa arxasına oturmayanadək heç kəs masaya yaxınlaşmazdı. Ona görə də, cəzam çox ağır idi. Bütün ailə qonaq otağında yemək yeyirdi, amma məni yarım il tək-tənha mətbəxdə otuzdurdular. Çox güclü təzyiqlər oldu ki, bəlkə yenidən Tibb Universitetinə qayıdım. Böyük qardaşım ailədə vasitəçi rolunu oynayırdı, atamla anamın sözünü mənə çatdırırdı. Çünki onlarla danışmaq belə imkanım yox idi. Yarım ildən keçdi və artıq «Bakı payızı 88»-də iştirak edib, qalib olandan sonra buzlar yavaş-yavaş əriməyə başladı. Ondan sonra valideynlərim mənim ən böyük pərəstişkarlarım və ən qatı tənqidçimə çevrildilər.

Atamın son arzusu – «Duman» mahnısını oxumağım idi. Mən həmin mahnını yazdıranda o, hələ sağ idi. Lakin mahnı ərsəyə gələndə dünyasını dəyişmişdi artıq. Sənətimi həmişə diqqətdə saxlayırdı. Məsələn, konsertlərimə getməyi sevmirdi. Deyirdi ki, “Orada həyəcan keçirirəm. Qorxuram birdən ayağın büdrəyər, birdən hansısa bir yerdə boğazın quruyar”. Amma anam əksinə, salonda ilk əl çalıb, zalı arxasınca aparır…

- Faiq müəllim, bildiyimə görə, orta məktəbdə dəqiq elmlərə, xüsusən də kimya fənninə böyük maraq göstərmisiniz. Ümumiyyətlə, bu həyatda, sənətdə, cəmiyyətdə yol açmağa, cığır salmağa sizə hansı «qanun»ların böyük köməyi olub?

- Belə bir müəyyən, dəqiq düstur yoxdur. Hər şey ağıla bağlıdır. Bəziləri deyir ki, sənətdə olmaq üçün ən vacib şərt – istedaddır. İnkar etmirəm. Amma istedad vacib olan amillərdən yalnız 10%-ni təşkil edir məncə. Ondan daha vacib – çalışqanlıq və ağıldır. Belə bir stereotip var, deyirlər ki, incəsənət xadimlərində intellekt bir o qədər də yüksək olmur. Mən bu fikirlə daima mübarizə aparmalı olmuşam. Ağıllı olduğumu görüb həmişə təəccübləniblər və bu da məni çox qıcıqlandırıb, əsəbiləşdirirdi. O ki qaldı bayaqkı sualınıza, qismən razıyam sizinlə. Həkim, prokuror və digər peşələrin nümayəndələrinə nə qədər sayqı olubsa, Azərbaycanda sənətkara tamam başqa cür hörmət ediblər hər zaman. Bir dövlət məmuru mənim yanımda qəşəng söz söylədi ki, “Bizim kimiləri məmurlar gəlib-gedəcək, amma tarixdə siz – incəsənət adamları qalacaqsınız”. Nə qədər rayon partiya, şəhər partiya komitələrinin birinci katibləri, icra başçıları, prokurorlar, nazirlər olub. Amma tarixdə Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova qalıb. Sənət əl çatmazdır, nağıldır, möcüzədir.

- Sənətdə günah yoxdu. Söhbət fərdi xüsusiyyətdən gedir. Yəni xələl gətirən insanlar var.

- Razıyam sizinlə.

- Üzr istəyirəm. «Manıs» söhbətini ortalığa qoyanlar var.

- Əfsus, amma haqlısız.

- Manıs dedizdirən, civi dedizdirən insanlar var.

- İş ordadır ki, bu ifadələr mətbuata necə, nə vaxt çıxdı – heç xəbərimiz də olmadı. Niyə mətbuat imkan verdi? İnanın, o “terminləri” adi tamaşaçılar, hətta jurnalistlər belə bilmirdilər. Reytinq, reklam, kommersiya və sairə məsələlər var, anlayıram. Amma əgər onlara vaxtında çəpər qoyulsaydı, efirə buraxılmasaydı, millət də bilməzdi. İndi də zövq tənəzzülünün yaşanmasının da şahidi olmazdıq…

- Məsələ burasındadır ki, o cür düşüncə, psixologiyanın sahibi olan insanlar cəmiyyətə çıxanda kənardan baxan insanlar üçün normal adam təəssüratı yaratmağa çalışsalar da süni alınır. Bununla belə, hər kəs də efirin verdiyini həzm eləməyə və yeməyə məhkumdur.

- Baxın, bir nəsil bunların çıxışları üzərində böyüyür. Bir var böyüyəsən hansısa keyfiyyətli müğənnilərin, aktyorların çıxışları ilə. Bir də var ki, gecə yuxusunda nə görübsə səhər onu oxuyanın çıxışlarına baxa-baxa böyüyəsən. Vurulan ziyan-zərərin, miqyasına baxın e….

- Məsələ burasındadır ki, səviyyəli müğənnilər də «manıs» yolu ilə gedir və özünə haqq qazandırmağa çalışır ki, məcburuq.

-Mən həmişə demişəm ki, incəsənət xadimi kor-koranə kütlə zövqünün dalınca getməməlidir, əksinə zövq formalaşdırmalıdır. Tamaşaçı zövqünü nəzərə alıb, elə bir sənət əsəri yaratmalıdır ki, o həm qəbul olunsun, həm də zövq oxşasın. Yəni, bu gün kütlə, xalq, tamaşaçı hansısa bəsit bir mahnını ötəri bir maraq göstərir deyənə, mən çıxıb onu efirdə oxumaq məcburiyyətində deyiləm. Şəxsən mən belə etmərəm.

- Mahnını oxumaq üçün necə seçirsiniz?

- İlk növbədə melodiya. Və əsas amillərdən biri – mətn. Mahnının mətninə böyük fikir verirəm. Qane eləmirsə, başlayırıq şairlərlə onun üzərində işləməyə. Rəhmətlik Nüsrət Kəsəmənli və Səlim Həqqi ilə dəfələrcə mətni düzəltmişik. Vahid Əziz, Baba Vəziroğlu ilə çalışmışıq.

- Məşhur olmaq necə hissdir? Məşhur olduğunuzu nədə hiss etmisiniz?

- İlk dəfə bunu 1989-da hiss etdim. Başa düşdüm ki, mən artıq marşurtda gəzə bilmirəm. Hamı mənimlə salamlaşmaq, şəkil çəkdirmək, sorğu-suala tutmaq istəyirdi. Keçdim taksiyə… Sonra maşın aldım.

Məşhurluq çiyinlərimə həddindən ziyadə məsuliyyət qoyur. Şəxsi azadlığını çərçivəyə salır. Özümü, hərəkətlərimi daima nəzarətdə saxlamağa sövq edir.

- Amma mənim yadımdadır, lap əvvəllər müsahibənizdə «Oka» xoşladığınızı demişdiniz.

- Hə, amma sonradan onu əlil maşını elədilər. Və mən bəzilərimizin xasiyyətinə bələdəm axı, bilirəm – deyəcəkdilər ki, “Faiq əlil maşınında gəzir”.

Atam rəhmətə gedəndən sonra bir il onun maşınını istifadə etdim. Nissan “Tiida” – xudmani, baha olmayan bir maşın idi. Elə bil onun iyini maşınından alırdım… Bəzi dırnaqarası həmkarlarınız yazdı ki, “Hə, Faiq kasıblayıb, balaca maşın sürür!”. Bu da məşhurluğun bir tərəfidir ki, onu da gözləməlisən.

- Belə bir şey eşitmişdim ki, başınıza gələn insidentdə oğlanı qızın yanında təhqir etdiyinizə görə sizi bıçaqlayıb. Olmuşdu elə bir şey, yoxsa?

- Yalan, cəfəng bir uydurmadır. Mən bu məsələyə qayıtmaq istəmirəm ümumiyyətlə. Üstündən keçə də bilərik. Bağışlamışam onları. Bitdi söhbət.

-Biz öyrəşmişik ki, musiqidə bütün rekordları Faiq Ağayev edir. Amma indi “əjdahalar”, “canavarlar”, “aslanlar” çıxır. Şou-biznes zooparka dönüb.

- Deməyin e, vallah… Kütləvi bir faciə yaşayırıq. Amma bu, həmişə belə olub, indinin “ixtirası” deyil. Dediyiniz o “qəhrəmanlar” çoxalır, amma 5 günlük konsertlər çoxalmır ki, çoxalmır. Azərbaycan telekanallarına baxan tamaşaçının sayı azalıb. Hamı peyk vasitəsilə xarici kanallara baxır bunlara görə…

- Deyirlər ki, toylara 30 minə gedirik.

- Qoy desinlər, siz inanmayın. Mən də deyə bilərəm ki, 100 minə gedirəm. Mənə pul verən toy yiyəsi sabah məni camaatın arasında məzhəkə obyektinə çevirər axı. Ayıbdır, vallah….

- Hərdən mətbuatda müğənnilərin toy qiymətləri barədə məlumatlar dərc olunur. Sizin də qiymətlər barədə yazırlar. Bunlar doğrudurmu?

- Nisbidir. Gah çoxaldırlar, gah da azaldırlar. Fərq etməz. Yeganə vacib meyar – xalqdır. Doğrudan da xalqın gözü tərəzidir. O, özü bilir kimi dinləyir, kimi dinləmir.

-Əgər siz toy etsəydiniz, Faiq Ağayevi çağırıb deyilən məbləği verərdinizmi?

- Ondan da çox verərdim. Çünki Faiq Ağayev – məsuliyyətlidir, peşəkardır, “xalturşik” deyil. Musiqiçilər arasında belə bir anlam var – “toydan toy tutmaq”. Bu məsələdə ticari bir məqam da var ki, sən o qədər yaxşı oxumalısan ki, toydan-toya müştərilərin sayı çoxalsın. Maşallah, özümə qarşı olan tələbatı, etibarı itirmirəm.

- Sizcə insanlar məşhur olduğunuza görə toylarına çağırırlar, yoxsa əla idarə etdiyinizə görə?

- Elələri var ki, yalnız adıma görə məni çağırır. Onlar toy vaxtı gəlib məndən, misalçun, muğam oxumağımı da istəyə bilərlər. Məcbur qalıb, izah edirəm ki, “Əzizim, sən məni çağıranda bilməli idin ki, mən xanəndə yox, müğənniyəm”. Amma belə hadisələr 1-2 dəfə baş verib 16 illik toy təcrübəmdə. Əksər hallarda peşəkarlığıma bel bağlayıb məni ailəsinin bütün toylarına dəvət edirlər. Və ya kiminsə məclisində işimi bəyənib, öz məclislərini etibar ediblər.

 

 

AYDAN

 

Mərkəz.- 2012.- 5 may.- S.15.