İlk dəfə bunu 1989-da hiss etdim.
Xalq artisti Faiq Ağayev «Mərkəz»in
suallarına cavab verir.
-Faiq bəy, hər bir insanın həyatında müəyyən
enişli və yoxuşlu dövrlər olur. Peşəkar
ifaçılığa gəldiyiniz ilk gündən populyar
müğənni kimi daima gündəmdə olmusunuz. Bu illər ərzində sizin də həyatınızda
sevincli və kədərli səhifələr olub. Amma
2010-2011 sizin üçün bir az
ağır keçdi elə bil…
- Ağır deməzdim. Amma, bəli, bəlkə
də məhsuldar keçmədi.
- Sizə qarşı cinayət işlətdilər. Sonra rəhmətlik atanızı itirdiniz. Elə
bil sizi qara tilsimə salıblar… Hər halda mən
belə şeylərin mövcudluğuna inanmıram.
-Yox, «Qurani-Kərim»də «Fələk» surəsində
cadu ilə bağlı məqamlar öz əksini tapıb. Buna inanmamaq olmaz. Bəli, əvvəlcə
məlum cinayət hadisəsi oldu, 2011-ci ildə də
atamı itirdim. Atamın
dünyasını dəyişməsindən sonra müəyyən
bir zaman sənətimlə təbii ki, məşğul
olmadım. Daha sonra anamın tələbi
və təkidi ilə özümü toparlaya bildim. Həmçinin öz inadkarlığım sənəti
davam etdirməyə vadar etdi. Həyatdır,
hər kəsin yaxşı günləri də olur, çətin
günləri də. Əsas məsələ,
sınmamaqdır. İnsan mənəvi cəhətdən
güclüdürsə, bəd günlərin üzərindən
addımlayıb, gücünü itirmədən həyatını,
fəaliyyətini davam etdirə bilir. Təbii ki,
atamın yerini heç kim tutmaz və bu
itkinin təsiri indiyədək qalıb. Amma
Allah-Təala məni bu dünyaya müğənni kimi gətirib
və mənim də yəqin ki, amalım sənətlə məşğul
olmaqdır. Allahın verdiyi bu istedadı,
bu bəxşişi boş yerə sərf edə bilmərəm.
- O vaxtı siz Tibb Universitetini atıb İncəsənət
Universitetinə keçdiniz. Həmin vaxtlarda həkimlik
həm pullu, həm də hörmətli peşə
sayılırdı. İstər-istəməz
belə baxanda, müğənnilikdən bir neçə mərtəbə
qabaq idi. Həmçinin cəmiyyətdə
həkimlərin yeri, həm də hörməti fərqli idi.
Sizin bu addıma evdə necə reaksiya verdilər?
- Mənim gəncliyimdə ən məşhur 3
fakültə bunlar idi: hüquq, şərqşünaslıq
və Tibb Universiteti. Deməli, hazırlıq
kurslarına getdim və bu kursları əlaçı kimi
bitirdim. Mən orta məktəbi də əlaçı
kimi bitirmişəm. Tibb Universitetinə də
imtiyazlı tələbə kimi müsabiqədən kənarda
qəbul etdilər məni. Lakin 1-ci kursu
bitirər-bitirməz sənədlərimi götürüb Mədəniyyət
və İncəsənət Universitetinə verdim. Evdəkilər bunu biləndən sonra məni 6 ay
danışdırmadılar. Ailəmiz
çox patriarxaldır. Məsələn,
masaya oturanda, yeməyi birinci atamız dadmalı idi. O
masa arxasına oturmayanadək heç kəs masaya
yaxınlaşmazdı. Ona görə də, cəzam
çox ağır idi. Bütün ailə qonaq
otağında yemək yeyirdi, amma məni yarım il tək-tənha mətbəxdə otuzdurdular.
Çox güclü təzyiqlər oldu ki, bəlkə
yenidən Tibb Universitetinə qayıdım. Böyük qardaşım ailədə vasitəçi
rolunu oynayırdı, atamla anamın sözünü mənə
çatdırırdı. Çünki
onlarla danışmaq belə imkanım yox idi. Yarım ildən keçdi və artıq «Bakı
payızı 88»-də iştirak edib, qalib olandan sonra buzlar
yavaş-yavaş əriməyə başladı. Ondan sonra valideynlərim mənim ən böyük pərəstişkarlarım
və ən qatı tənqidçimə çevrildilər.
Atamın son arzusu – «Duman»
mahnısını oxumağım idi. Mən həmin mahnını yazdıranda
o, hələ sağ idi. Lakin mahnı ərsəyə
gələndə dünyasını dəyişmişdi
artıq. Sənətimi həmişə
diqqətdə saxlayırdı. Məsələn,
konsertlərimə getməyi sevmirdi. Deyirdi
ki, “Orada həyəcan keçirirəm. Qorxuram
birdən ayağın büdrəyər, birdən hansısa
bir yerdə boğazın quruyar”. Amma anam əksinə,
salonda ilk əl çalıb, zalı arxasınca aparır…
- Faiq müəllim, bildiyimə görə, orta məktəbdə
dəqiq elmlərə, xüsusən də kimya fənninə
böyük maraq göstərmisiniz. Ümumiyyətlə,
bu həyatda, sənətdə, cəmiyyətdə yol
açmağa, cığır salmağa sizə hansı
«qanun»ların böyük köməyi olub?
- Belə bir müəyyən, dəqiq düstur yoxdur. Hər şey ağıla bağlıdır. Bəziləri deyir ki, sənətdə olmaq
üçün ən vacib şərt – istedaddır. İnkar etmirəm. Amma istedad
vacib olan amillərdən yalnız 10%-ni təşkil edir məncə.
Ondan daha vacib – çalışqanlıq və
ağıldır. Belə bir stereotip var,
deyirlər ki, incəsənət xadimlərində intellekt bir
o qədər də yüksək olmur. Mən
bu fikirlə daima mübarizə aparmalı olmuşam. Ağıllı olduğumu görüb həmişə
təəccübləniblər və bu da məni çox
qıcıqlandırıb, əsəbiləşdirirdi.
O ki qaldı bayaqkı sualınıza, qismən razıyam
sizinlə. Həkim, prokuror və digər
peşələrin nümayəndələrinə nə qədər
sayqı olubsa, Azərbaycanda sənətkara tamam başqa
cür hörmət ediblər hər zaman. Bir dövlət məmuru mənim yanımda qəşəng
söz söylədi ki, “Bizim kimiləri məmurlar gəlib-gedəcək,
amma tarixdə siz – incəsənət adamları
qalacaqsınız”. Nə qədər rayon
partiya, şəhər partiya komitələrinin birinci katibləri,
icra başçıları, prokurorlar, nazirlər olub. Amma tarixdə Müslüm Maqomayev, Rəşid
Behbudov, Zeynəb Xanlarova qalıb. Sənət
əl çatmazdır, nağıldır, möcüzədir.
- Sənətdə günah yoxdu. Söhbət
fərdi xüsusiyyətdən gedir. Yəni
xələl gətirən insanlar var.
- Razıyam sizinlə.
- Üzr istəyirəm. «Manıs» söhbətini
ortalığa qoyanlar var.
- Əfsus, amma haqlısız.
- Manıs dedizdirən, civi dedizdirən insanlar var.
- İş ordadır ki, bu ifadələr
mətbuata necə, nə vaxt çıxdı – heç xəbərimiz
də olmadı. Niyə mətbuat
imkan verdi? İnanın, o
“terminləri” adi tamaşaçılar, hətta jurnalistlər
belə bilmirdilər. Reytinq, reklam,
kommersiya və sairə məsələlər var, anlayıram.
Amma əgər onlara vaxtında çəpər
qoyulsaydı, efirə buraxılmasaydı, millət də bilməzdi.
İndi də zövq tənəzzülünün
yaşanmasının da şahidi olmazdıq…
- Məsələ burasındadır ki, o cür
düşüncə, psixologiyanın sahibi olan insanlar cəmiyyətə
çıxanda kənardan baxan insanlar üçün normal adam təəssüratı yaratmağa
çalışsalar da süni alınır. Bununla
belə, hər kəs də efirin verdiyini həzm eləməyə
və yeməyə məhkumdur.
- Baxın, bir nəsil bunların
çıxışları üzərində
böyüyür. Bir var böyüyəsən
hansısa keyfiyyətli müğənnilərin,
aktyorların çıxışları ilə. Bir də var ki, gecə yuxusunda nə görübsə
səhər onu oxuyanın çıxışlarına
baxa-baxa böyüyəsən. Vurulan ziyan-zərərin,
miqyasına baxın e….
- Məsələ burasındadır ki, səviyyəli
müğənnilər də «manıs» yolu ilə gedir və
özünə haqq qazandırmağa çalışır
ki, məcburuq.
-Mən həmişə demişəm ki, incəsənət
xadimi kor-koranə kütlə zövqünün dalınca
getməməlidir, əksinə zövq
formalaşdırmalıdır. Tamaşaçı
zövqünü nəzərə alıb, elə bir sənət
əsəri yaratmalıdır ki, o həm qəbul olunsun, həm
də zövq oxşasın. Yəni, bu
gün kütlə, xalq, tamaşaçı hansısa bəsit
bir mahnını ötəri bir maraq göstərir deyənə,
mən çıxıb onu efirdə oxumaq məcburiyyətində
deyiləm. Şəxsən mən belə
etmərəm.
- Mahnını oxumaq üçün necə
seçirsiniz?
- İlk növbədə melodiya. Və əsas amillərdən
biri – mətn. Mahnının mətninə
böyük fikir verirəm. Qane eləmirsə,
başlayırıq şairlərlə onun üzərində
işləməyə. Rəhmətlik
Nüsrət Kəsəmənli və Səlim Həqqi ilə
dəfələrcə mətni düzəltmişik. Vahid Əziz, Baba Vəziroğlu ilə
çalışmışıq.
- Məşhur olmaq necə hissdir? Məşhur
olduğunuzu nədə hiss etmisiniz?
- İlk dəfə bunu 1989-da hiss etdim. Başa
düşdüm ki, mən artıq marşurtda gəzə
bilmirəm. Hamı mənimlə
salamlaşmaq, şəkil çəkdirmək, sorğu-suala
tutmaq istəyirdi. Keçdim taksiyə… Sonra
maşın aldım.
Məşhurluq çiyinlərimə həddindən
ziyadə məsuliyyət qoyur. Şəxsi azadlığını
çərçivəyə salır. Özümü,
hərəkətlərimi daima nəzarətdə saxlamağa
sövq edir.
- Amma mənim yadımdadır, lap əvvəllər
müsahibənizdə «Oka»nı
xoşladığınızı demişdiniz.
- Hə, amma sonradan onu əlil maşını elədilər.
Və mən bəzilərimizin xasiyyətinə
bələdəm axı, bilirəm – deyəcəkdilər ki,
“Faiq əlil maşınında gəzir”.
Atam rəhmətə gedəndən sonra bir il onun maşınını istifadə etdim.
Nissan “Tiida” – xudmani, baha olmayan bir maşın idi. Elə bil
onun iyini maşınından alırdım… Bəzi
dırnaqarası həmkarlarınız yazdı ki, “Hə,
Faiq kasıblayıb, balaca maşın sürür!”. Bu da məşhurluğun bir tərəfidir
ki, onu da gözləməlisən.
- Belə bir şey eşitmişdim ki,
başınıza gələn insidentdə oğlanı
qızın yanında təhqir etdiyinizə görə sizi
bıçaqlayıb. Olmuşdu elə bir
şey, yoxsa?
- Yalan, cəfəng bir uydurmadır. Mən
bu məsələyə qayıtmaq istəmirəm ümumiyyətlə.
Üstündən keçə də bilərik.
Bağışlamışam onları. Bitdi söhbət.
-Biz öyrəşmişik ki, musiqidə bütün
rekordları Faiq Ağayev edir. Amma indi “əjdahalar”,
“canavarlar”, “aslanlar” çıxır. Şou-biznes
zooparka dönüb.
- Deməyin e, vallah… Kütləvi bir faciə
yaşayırıq. Amma bu, həmişə
belə olub, indinin “ixtirası” deyil. Dediyiniz
o “qəhrəmanlar” çoxalır, amma 5 günlük konsertlər
çoxalmır ki, çoxalmır. Azərbaycan
telekanallarına baxan tamaşaçının sayı
azalıb. Hamı peyk vasitəsilə xarici kanallara
baxır bunlara görə…
- Deyirlər ki, toylara 30 minə gedirik.
- Qoy desinlər, siz inanmayın. Mən də
deyə bilərəm ki, 100 minə gedirəm. Mənə
pul verən toy yiyəsi sabah məni
camaatın arasında məzhəkə obyektinə çevirər
axı. Ayıbdır, vallah….
- Hərdən mətbuatda müğənnilərin toy
qiymətləri barədə məlumatlar dərc olunur. Sizin də qiymətlər barədə yazırlar.
Bunlar doğrudurmu?
- Nisbidir. Gah çoxaldırlar, gah da azaldırlar.
Fərq etməz. Yeganə
vacib meyar – xalqdır. Doğrudan da
xalqın gözü tərəzidir. O, özü bilir
kimi dinləyir, kimi dinləmir.
-Əgər siz toy etsəydiniz, Faiq
Ağayevi çağırıb deyilən məbləği
verərdinizmi?
- Ondan da çox verərdim. Çünki Faiq Ağayev
– məsuliyyətlidir, peşəkardır, “xalturşik” deyil.
Musiqiçilər arasında belə bir anlam var
– “toydan toy tutmaq”. Bu məsələdə
ticari bir məqam da var ki, sən o qədər yaxşı
oxumalısan ki, toydan-toya müştərilərin sayı
çoxalsın. Maşallah, özümə
qarşı olan tələbatı, etibarı itirmirəm.
- Sizcə insanlar məşhur olduğunuza görə
toylarına çağırırlar, yoxsa əla idarə
etdiyinizə görə?
- Elələri var ki, yalnız adıma görə məni
çağırır. Onlar toy vaxtı gəlib
məndən, misalçun, muğam oxumağımı da istəyə
bilərlər. Məcbur qalıb, izah edirəm
ki, “Əzizim, sən məni çağıranda bilməli
idin ki, mən xanəndə yox, müğənniyəm”.
Amma belə hadisələr 1-2 dəfə
baş verib 16 illik toy təcrübəmdə. Əksər hallarda peşəkarlığıma bel
bağlayıb məni ailəsinin bütün toylarına dəvət
edirlər. Və ya kiminsə məclisində
işimi bəyənib, öz məclislərini etibar ediblər.
AYDAN
Mərkəz.- 2012.- 5 may.-S.15.