ATATÜRKÜ ANARKƏN…

 

Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün məzarı önündə düşündüklərim…

 

Ankaraya səfərim çox maraqlı görüşlər, tanışlıqlar və yeniliklərlə dolu bir iz buraxdı həyatıma. Ankara Universitetində keçirilən beynəlxalq elmi simpozium yekunlaşdıqdan sonra Türkiyənin paytaxt şəhərində bir neçə günqalmaq qərarına gəlmişdim. Azacıq vaxt tapan kimi bugünkü Türkiyənin banisi Mustafa Kamal Atatürkün qəbrini ziyarət etmək istədim. Bu işdə mənə TRT Radiosunun azərbaycanlı əməkdaşı Aidə xanım Qənbərova da yardımçı oldu. Yol üstü rastlaşdığımız insanlar isə ziyarətimizə xüsusi önəm verdi. Atatürkün qəbrini ziyarət edərkən gözəl müğənnimiz Azərin xanım və Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavadın doğma nəvəsi Anar Axundzadə ilə qarşılaşdıq.

Əvvəla onu qeyd edim ki, Mustafa Kamal Atatürkün anım qəbri Ankara şəhərinin ən hündür və mənzərəli bir yerində inşa edilib. O nöqtədən bütün Ankara əlinin ovucu kimi yaxın gəlir adama. Bakıdakı Şəhidlər Xiyabanını xatırlatdı bir anlıq…

 

Türk əsgərinin növbə dəyişməsi qürurverici idi

 

Atatürkün məzarı üzərində inşa edilmiş nəhəng kompleksin qarşısında geniş bir meydan var idi. Biz meydana daxil olduğumuzda Türk əsgərləri növbə dəyişikliyi edirdilər. Çox qürurverici bir məqam idi. İri addımlarla yerdəyişmə edən qəhrəman Türk əsgərinə əcnəbi qonaqlar da tamaşa edirdilər.

Meydan boyu irəliləyərək Atatürkün məzarına tərəf gedirdik. Yolboyu müğənni Azərin Atatürk barədə fikirlərini bizimlə paylaşır, dahi Əhməd Cavadın nəvəsi Anarı bizə təqdim edirdi. Anarın babasına çox oxşadığını bildirən Azərin ötən gün Ankarada Əhməd Cavadın 120 illiyi ilə bağlı möhtəşəm bir tədbirin keçirildiyini bildirdizala toplaşan insanların Əhməd Cavadın xatirəsini xüsusi coşqu ilə yad etdiklərini söylədi.

 

Atatürk uca bir zirvədə uyuyurdu

 

Mustafa Kamal Atatürkün məzarı qarşısında dayandıq. Kimisi şəkil çəkdirir, kimisi tavandakı arxitektur bəzəklərə tamaşa edir, mən isə bir anlıq xəyala dalmışdım. Bu gün böyük qardaş deyib bağrımıza basdığımız Türkiyə Cümhuriyyətinin mövcudluğuna görə bu böyük insana borcluyuq. Bu, o insandır ki, qısa müddət ərzində vətəndaşlarını ətrafına toplayıb, Türkiyəni bölmək istəyən xarici qüvvələrə qarşı savaş açdı… Çanaqqalada, Ərzurumda, Samsunda və digər şəhərlərdə qanlı döyüşlərə girdi və nəhayət ki, Türkiyəni yeni əsrə daha güclü, daha qüdrətli bir şəkildə gətirib çıxarmağı bacardı.

Atatürkün məzarını ziyarət etdikdən sonra Türkiyənin qurucusunun ömür yolunu əks etdirən, onun geydiyi paltarlardan tutmuş, çay içdiyi fincana qədər bütün tarixi faktları özüncə cəmləşdirən muzeyə daxil olduq. Muzeydə foto çəkilişinə icazə verməsələr də, bəzən imkan tapıb gördüyüm bəzi məqamları fotoaparatın yaddaşına köçürə bilirdim.

Əvvəlcə, ondan başlayım ki, muzeydə Atatürkün doğuluşundan dünyasını dəyişənə qədər bütün ömür yolu əyani vəsaitlərlə ziyarətçilərə təqdim olunur. Burada Atatürkün təhsil aldığı orta məktəbin foto şəkilləri və maketi, dostları, savaş dönəmi, Türkiyəyə rəhbərlik etdiyi vaxtlarda verdiyi qərarlar, hətta geyindiyi paltarlar, bir sözlə, hər şey və hər şey var. Bu muzeyi gəzdikcə, həqiqətən də, Mustafa Kamal Atatürk şəxsiyyəti qarşısında baş əyməmək olmurdu.

Muzeyi gəzdikcə Türkün böyüklüyünə heyran qalmışdım. Düzdür, Atatürk bütün Türk dünyasının lideridir, amma Azərbaycanın da Atatürk kimi bir babası olub. Təbii ki, söhbət Ulu Öndər Heydər Əliyevdən gedir. Bu iki şəxsiyyət arasında oxşar cəhətlər çox olduğu kimi fərqli cəhətlər də mövcuddur. Bir şeyi xatırlatmaq istərdim: Əgər Mustafa Kamal Atatürk öz dövlətini, öz millətini qan tökməklə, müharibə başlatmaqla qoruyub, ayaq üstə tuta bilibsə, Ulu Öndər Heydər Əliyev əksinə, atəşkəs əldə etməklə Azərbaycanın məhv olmasının qarşısını almış oldu, Azərbaycan xalqına müharibələrin ağrı-acısından nəfəs alıb inkişaf etməyə, ölkə iqtisadiyyatını, ordusunu qaldırmağa şərait yaratdı. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün nəinki regionun, hətta mən deyərdim, bütün dünyanın diqqət mərkəzində olan bir ölkədir.

Sonda hər iki şəxsiyyətin məşhur bir kəlamını xatırlatmağı özümə borc bilirəm: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə öz kədərimizdir” deyən Atatürk bəlkə də onillər keçdikdən sonra Ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyətin Türk dünyasına günəş tək doğacağını təsəvvür etməzdi. Amma Atatürkün ideyaları Heydər Əliyevin timsalında yaşadı və yaşayır, çünkiBiz bir millət, iki dövlətik!”

 

 

Ankara, 15 May 2012-ci il

 

 

Əhməd Şahidov

 

Mərkəz.- 2012.- 16 may.-S.6.