Gənclərin II Ümumrespublika Teatr Festivalı”na hazırlıq işləri davam edir

 

Ramil Ağasıyev: «Gözlədiyimizdən də artıq yüksək əhval-ruhiyyənin şahidi olduq»

 

Millət vəkili Jalə Əliyevanın ideyası, Gənclər və İdman Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya  mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na bölgələrdə hazırlıq işləri yüksək səviyyədə davam edir. Bu barədə Layihənin icraçı direktoru Ramil Ağasıyev məlumat verib. Hazırda bölgələrdə komandaların festivala hazırlıq prosesini izləyən R.Ağasıyev gənclərin yüksək hazırlıqlı olmasından məmnun olduğunu bildirib: «Gözlədiyimizdən də artıq yüksək əhval-ruhiyyənin şahidi olduq.

Ayrı-ayrılıqda hər bir komanda festivalda  uğurlu tamaşa nümayiş etdirməkdən ötrü gecə-gündüz əmək sərf edirlər. Hər bir komanda festivalın qalib komandası adını almaq uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər».

Xatırladaq ki,  millət vəkili Jalə Əliyevanın ideyası, Gənclər və İdman Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya  mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na ssenari qəbulu artıq başa çatıb.

Ssenarilər səhnələşdirilmək üçün komandalara  paylanılıb. “Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi – gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Qeyd edək ki, tamaşalar noyabrın 27-30-dək  Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq.  Layihənin icraçı direktoru Ramil Ağasıyev, informasiya dəstəyi Guney.azLent.az xəbər portalları və Araz FM radiosudur.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2012.- 7 noyabr.- S.- 15.