İstiqlal şairinin
80 illik yubileyi təntənə
ilə qeyd edildi
Oktyabrın
30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə görkəmli istiqlal şairi və ictimai xadim, filologiya
elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan
olmasının 80 illiyinə həsr edilmiş təntənəli
yubiley mərasimi keçirilmişdir.
Mərasimdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Xəlil Rza Ulutürkün ədəbi irsinin zənginliyi,
ictimai fəaliyyəti, onun yaradıcılığında vətənpərvərlik
mövzusunun xüsusi yer tutduğu haqqında məlumat
vermişdir. O, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Xəlil Rza Ulutürkün 80 illik
yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamının
şairin yaradıcılığına dövlət tərəfindən
verilən böyük qiymət olduğunu bildirmiş, ölkədə
müvafiq tədbirlərin keçirildiyini diqqətə
çatdırmışdır.
Vurğulanmışdır
ki, ümummilli lider Heydər Əliyev azadlıq şairi Xəlil
Rza Ulutürkün yaradıcılığını daim
yüksək qiymətləndirmiş, onu “İstiqlal” ordeni ilə
təltif etmişdir.
Hazırda
Xəlil Rza Ulutürkün adına mədəniyyət
ocaqları, küçə və məktəblərin
olduğunu qeyd edən nazir böyük şairə olan xalq
sevgisinin daim yaşayacağını diqqətə
çatdırmışdır.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
Yazıçısı Anar, Xalq Şairi Zəlimxan Yaqub, Milli
Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı,
filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Xalq
Şairi Nəriman Həsənzadə ölməz poeziya
ustası Xəlil Rza Ulutürkün Azərbaycan ədəbiyyatının
inkişafına verdiyi töhfələrdən, istiqlal
şairinin ictimai fəaliyyətindən söhbət
açmış, onunla bağlı xatirələrini söyləmişlər.
Qeyd olunmuşdur ki, şairin zəngin ictimai-siyasi mövzulu
yaradıcılığı xalqımızın bədii-poetik
fikir salnaməsinin parlaq səhifələrini təşkil
edir.
Xəlil
Rza Ulutürkün ömür-gün yoldaşı, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun fəxri doktoru Firəngiz Ulutürk şairin 80
illik yubileyinin keçirilməsi ilə bağlı
imzaladığı Sərəncama görə Azərbaycan
Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirmişdir. O, Xəlil Rza Ulutürkün vəfatından
sonra 45 kitabının nəşr olunduğunu diqqətə
çatdırmış, bu istiqamətdə işlərin
bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Bir
çox yüksək rütbəli dövlət nümayəndələrinin,
tanınmış elm və mədəniyyət xadimlərinin
iştirak etdikləri tədbirdə Xəlil Rza
Ulutürkün şeirləri səsləndirilmiş, sözlərinə
yazılmış mahnılar ifa olunmuş, görkəmli
poeziya ustasının ictimai fəaliyyətinə dair
videosüjet nümayiş etdirilmişdir.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 1 noyabr.- S.- 15.