“Azərsu”da YAP-ın yaranmasının 20
illik yubileyi münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illik yubileyi münasibətilə “Azərsu” ASC-də tədbir keçirilib.
ASC-nin
mətbuat xidməti və ictimaiyyətlə əlaqələr
şöbəsindən “APA-Economics”ə verilən məlumata
görə, əvvəlcə YAP-ın qurucusu və ilk sədri
Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq
bir dəqiqəlik sükut elan edilib.
Mərasimdə
çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz
Hüseynov YAP-ın yaranma tarixinə nəzər salaraq,
partiyanın ölkənin ictimai-siyasi həyatında misilsiz
xidmətləri olduğunu bildirib. Azərbaycanın
tarixində özünəməxsus yer tutan,
yaradıcısı Heydər Əliyev olan, hazırda prezident
İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın amalı
dövlətçiliyimizin möhkəmləndirilməsi,
xalqın sosial rifah halını yaxşılaşdırmaqdan
ibarət olub: “Ölkənin su təchizatı və
kanalizasiya sektorunda reallaşdırılan iri layihələr
Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi
ilə Kür Sutəmizləyici Qurğular Kompleksi tikilib,
Oğuz-Qəbələ-Bakı su kəmərinin
inşasına qərar verilib, su təchizatı sektoruna
böyük həcmdə xarici investisiyalar cəlb edilib. Bu sahədə
işlərin məntiqi davamı olaraq prezident İlham Əliyevin
rəhbərliyi altında paytaxt və bölgələrdə
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması üzrə layihələr uğurla həyata
keçirilir. Bu gün Bakı şəhəri və
Abşeron yarımadasından başqa, ölkənin 35 şəhəri
və 265 kəndinin su təchizatı yenidən qurulur”.
Tədbirdə
çıxış edən YAP Siyasi Şurasının
üzvü, Yasamal rayon təşkilatının sədr
müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov,
“Azərsu” ASC üzrə ilk ərazi təşkilatının
sədr müavinləri Etibar Məmmədov və Heydər
Abbasov, partiya üzvü Nərgiz İlyasova ölkənin
ictimai-siyasi həyatında partiyanın xidmətlərindən
danışmış, Heydər Əliyev ideyalarının
Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsindən bəhs ediblər.
Tədbirin
sonunda partiya sıralarına qəbul edilən 24 nəfərə
üzvlük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin 2520 nəfər işçisi və ya kollektivin hər 4 üzvündən biri YAP-ın üzvüdür. Bunların 450 nəfəri isə son bir ildə partiya sıralarına qəbul olunublar.
Mərkəz.- 2012.- 6 noyabr.- S.- 11.