«Maddiyyata görə bu sənətdən uzaqlaşanlar çoxdur»

 

Millət vəkili Jalə Əliyevanın ideyası, Gənclər və İdman Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya  mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na ssenari qəbulu artıq başa çatıb. Ssenarilər səhnələşdirilmək üçün komandalara  paylanılıb.

“Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi – gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Qeyd edək ki, tamaşalar noyabrın 27-30-dək  Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Hicran Nəsirova festivalla bağlı təəssüratlarını bizimlə paylaşdı.

-  Gənclərin II Ümumrespublika Teatr Festivalını necə qiymətləndirirsiniz?

- Bu festivalı yalnız alqışlamaq olar. Əvvəllən ona görə ki, cavanları bir araya gətirəcək, digər tərəfdən onları həvəsləndirəcək, istedadları üzə çıxaracaq. Bundan gözəl nə ola bilər ki. Türkiyənin özündə belə festivallar tez-tez keçirilir, çox istərdim ki, Azərbaycanda da belə olsun.

- Çoxları gənclərdən giley-güzar edir ki, sənətə maraqları azalıb, teatra getmirlər və s… Siz bu fikirlərlə razılaşırsınızmı?

- Təbii ki, hər zaman belə olub, belə də olacaq; sənətə maraq göstərənlər və göstərməyənlər var. Mən həmişə oynadağım tamaşalar zamanı zalda gənc nəslin nümayəndələrini görmüşəm. Hətta bəzən elə olub ki, bir tamaşaya iki-üç dəfə gəlib baxıblar. Məsələ burasındadır ki, teatra maraq uşaq yaşlarından formalaşdırılmalıdır. Biz özümüz uşaq olanda orta məktəblərdən gəlib tamaşalara baxardıq. Oxuduğumuz dramaturqların əsərlərini canlı olaraq teatrdan izləyərdik. İndi bu ənənə unudulub.

- Gənc həmkarlarınızın teatra marağı necə əvvəlki səviyyədədirmi?

- İstedadlı gənclər var, bunu danmaq olmaz. Bəyəndiyim gənc istedadlar çoxdur, bununla belə maddiyyata görə bu sənətdən uzaqlaşanlar da var. Hər zaman belə olub, belə də olacaq. Mədəniyyət və İncəsənət Universitetinin  bütün məzunları teatra axışmır ki… Onların yarısı bu sənəti seçirsə böyük uğurdur. Durub demək olmaz ki, gənclər arasında bu sənətə maraq azdır. Bir-iki nəfərin şou arxasınca qaçmasına görə gəncləri qınamaq olmaz.

- Gənclərin II Ümumrespublika Teatr Festivalı sizcə gənclər arasında sənətə olan marağı artıracaqmı?

- Mütləq. Gənclər klassik sənət növü olan teatrı daha çox sevəcək, bu sənətə bağlanacaq. Həm də bu festival yeni-yeni istedadları seçib üzə çıxaracaq. Bəlkə elə bu gənclər hansısa böyük teatrların səhnəsində oynayacaqlar. Odur ki, belə festivalların sayını artırmaq lazımdır. Bu festival öz çərçivəsini daha da böyütməli, beynəlxalq müstəvidə keçirilməlidir ki, gənclik daha da ruhlansın.

Gənc baxıb görəndə ki, ona dəstək verilir, daha da həvəslənir. Bu festival gəncliyi ruhlandırır.

 

 

Cəvahir  Səlimqızı

 

Mərkəz.- 2012.- 8 noyabr.- S.- 14.