«Ölüb-ölüb
dirildim” deyən sənətçi…
Zəka Zeynalov: «Həmişə
çalışacağam bu qalmaqallara sərf etdiyim enerjini sənətimə sərf edim»
Gənc olmasına baxmayaraq, çox istedadlıdır. Hətta yaşıdlarını geridə də qoyub. Amma buna baxmayaraq, özünü gözə soxmağı, yersiz öyünməyi, bir sözlə, ucuz reklamı heç xoşlamır. Hər zaman ustadının-xalq artisti Mübariz Tağıyevin adına layiq olmaq üçün çalışır. Söhbət sənət meydanına «Yeni ulduz» mahnı müsabiqəsinin «şinel»indən çıxan gənc müğənni Zəka Zeynalovdan gedir. Son vaxtlar gündəmi «Ölüb-ölüb dirildim» hiti ilə zəbt edən Zəkanı biz də söhbətə çəkdik. Amma bəri başdan bizimlə bir şərti də oldu: «Qalmaqal, dedi-qodu mənlik deyil, mən əsl sənət barədə danışacağam»… «Şərti şumda kəsdik» ki, necə deyərlər «xırmanda yabalaşmayaq».
- Zəka, bildiyim qədər
böyük səhnəyə «Yeni ulduz»
yarışmasından başlamısan…
- Bəli,
mən bunu hər zaman demişəm və yenə də təkrar
edirəm ki, sənət aləmində qarşımda
«yaşıl işıq» yandıran məhz «Yeni ulduz»
yarışması olub. Və bu yarışma mənim səhnə
taleyimdə böyük rol oynadı. Mən bu yarışmada
estradamızın canlı korifeyi xalq artisti Mübariz
Tağıyev kimi ustad bir sənətkarla
qarşılaşdım. İlk dəfə o mənim ifamı
dinləyəndə «Zəka, sənin gözəl səsin var, oxumalısan», -dedi.
Mən ustadın dilindən bu sözləri
eşidəndə sanki yeri-göyü
mənə verdilər və mən daha
ürəklə oxumağa
başladım. Yarışmada üçüncü
yerə layiq görüldüm
və sənət meydanına atıldım. Mən bu sənətin incəliklərini Mübariz Tağıyevdən öyrəndim.
-
Yaman «Ölüb-ölüb dirildim» -deyib oxuyursan…
- Bu
mahnının musiqisi Xanım İsmayılqızına,
sözləri isə Günay Yaşara aiddir. Mahnı elə
oxuduğum vaxtdan dərhal tutdu. Hər kəs bu mahnıdan
danışır. Tamaşaçıların bu
marağını nəzərə alıb mahnının
ekran versiyasını da ərsəyə
gətirdik.
-
Axırıncı, yox axarıncı olsun. Duet necə oxumaq
niyyətin varmı?
-
Açığı gözəl sənətkarımız
xalq artisti Flora Kərimova və əməkdar artist Firuzə
İbadova ilə duet oxumaq arzusundayam.
- Bu barədə fikrini onlara demisənmi?
- Hələ ürək etməmişəm. Amma ümid
edirəm ki, hər zaman gənclərə dəstək
olan və cavanların sözünü
yerə salmayan Flora xanım mənim də arzumu gerçəkləşdirər. Həmçinin də Firuzə
xanım.
- Repertuarın çox zəngindir. Müasir və retro mahnılarını
eyni arada məharətlə ifa edirsən…
- Mən retro mahnıları
çox sevirəm. Hər zaman gözəl sənətkarlarımızın ifasında o mahnıları
dinləyib feyziyab oluram. Yeri gəlmişkən, mən xalq artisti
Akif İslamzadənin
də səsinin və ifasının vurğunuyam. Eyni zamanda
müasir bəstəkarların
da musiqilərini həvəslə repertuarıma
daxil edirəm. Rəngarəngliyi çox sevirəm.
- Məsələn?
- Nicat Məmmədov, Firuz Əsgərov, Firuz Abbasbəylinin mahnıları ruhuma çox yaxındır.
- Söhbətin əvvəlində
mənimlə şərt
kəsdin ki, «qalmaqal, dedi-qodu» olmayacaq. Bu şou-biznes axı qalmaqallardan xali deyil…
- Bilirəm. Amma mən həmişə
çalışacağam bu
qalmaqallara sərf etdiyim enerjini sənətimə sərf
edim. Qalmaqalla üç gün beş gün
gündəmdə qalmaq
olar, amma sənət meydanında duruş gətirmək olmaz. Ustad sənətkarlarımız heç vaxt qalmaqala getməyiblər, amma bu gün
də adları musiqi tariximizdə yaşayır. Mən belə
sənətçilərdən olmaq istəyirəm.
- Şou-biznes, rastkrutka,
albom, mahnılar, kliplər-bütün bunlar
maddiyyat tələb edir. Belə deyək də,
bu dəstəyi sənə göstərən
varmı?
- Bütün maddi məsrəflərimi hələ
ki, atam ödəyir. Mən hələ ki,
bu sənətə maddi gəlir mənbəyi kimi baxmıram və çalışıram ki,
səhnədə parlayım.
- Ən böyük
arzun nədir?
- Gələcəkdə Azərbaycan musiqisini xarici ölkələrdə
təbliğ və təmsil etmək. Bu gün
Azərbaycan dünyada
tanınır, muğamımız,
aşıq sənətimiz,
ümumiyyətlə musiqimiz əcnəbilərin
ürəyini ovsunlayıb.
YUNESKO səviyyəsində
musiqimiz məşhurdur.
Mən bununla qürur duyuram və arzum budur ki,
mən də sənətimlə beynəlxalq
səhnələrdə oxuyum.
-
Eurovision yarışmasında özünü sınamaq
fikrin yoxdur ki?
-
Eurovision yarışması məsuliyyətli bir yarışmadır və
mənim də arzumdur ki, özümü
bu yarışmada sınayım. Gələcəkdə bu baş verəcək, amma hələ ki, özümü bu yarışmaya hazır bilmirəm.
- Zəka, internetlə aran necədir?
- Əla. İnternet və sosial
şəbəkələr mahnılarımın yayılmasında
və tanınmasında
böyük rol oynayıb. Dostlarım da çoxdur
və onlarla ünsiyyətdən zövq
alıram.
- Xanım dostların çoxdur?
- Dostlarımın çoxu
qızlardır.
- Sevdiyin qız var?
- Hələlik yox.
- Evlənmək barədə
hələ düşünmürsən
ki?
- 21 yaşım var və hər bir gənc kimi
mən də gələcəkdə xoşbəxt
ailə sahibi olmaq arzusundayam. Amma hələ tezdir.
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 14 noyabr.- S.- 14.