Festival finala
yaxınlaşdı
Jalə Əliyeva: «Gələn il
daha fərqli bir layihə ilə qarşınıza
çıxacağıq»
Elşən Hüseynov: «Nazirlik
olaraq hər zaman bu layihəyə dəstək verməyə
hazırıq»
Gənclər və İdman
Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
– Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika
Teatr Festivalı final mərhələsinə çatıb.
Ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə
mərhələsi Dövlət
Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1 – dək davam edəcək.
Festivalla bağlı daha ətraflı Gənclər və
İdman Nazirliyində mətbuat konfransı keçirildi.
Festivalın
ideya rəhbəri, millət vəkili Jalə Əliyeva
festivalın artıq ikinci ildir ki, təşkil olunduğunu
bildirdi. Xanım millət vəkilinin sözlərinə
görə, festivalın builki mövzusunun yaranmasına Heydər
Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan gəncliyinin bariz
nümunəsi Leyla Əliyevanın 12 iyul 2011-ci ildə elan
etdiyi yeni qlobal gənclər ekoloji kampaniyası – “Ətraf
mühitin müdafiəsi fəaliyyətində beynəlxalq
dialoq” (International Dialogue on Environmental Action – IDEA) zəmin
yaradıb.
Millət
vəkili həmçinin festivala dəstək göstərdiyinə
görə Gənclər və İdman naziri Azad Rəhimova
öz minnətdarlığını bildirdi: «Gənclər və
İdman naziri Azad müəllimə öz dərin minnətdarlığımı
bildirirəm bizə dəstək verdiyinə görə. Eyni
zamanda Azərbaycan – Amerika Alyansı hər zaman okeanın o
tayında gənclərlə bağlı uğurlu layihələrə
dəstək verir və Azərbaycan həqiqətlərini
dünyaya car çəkir. Sağ olsunlar bizə də dəstək
verdilər. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi
bizə öz yardımını əsirgəmədi. Hər
kəsə bu layihəyə dəstəkçi olduğuna
görə dərin təşəkkürlərimi ifadə
edirəm».
Jalə
xanım sonda 3 gün ərzində tamaşalara baxış
keçiriləcəyini və peşəkar münsiflər
heyəti tərəfindən qaliblərin müəyyənləşəcəyini
də bildirdi. Onun sözlərinə görə, I yerin qalibinə
3000 AZN, II yerin qalibinə 2000 AZN, III yerin qalibinə isə
1000 AZN mükafat veriləcək. Bundan başqa müxtəlif
nominasiyalar üzrə də qaliblər müəyyən
olunacaq. Ötən ildə olduğu kimi “Ən yaxşı
ssenarist”, “Ən yaxşı rejissor işi”, “Ən
yaxşı baş rol ifaçısı”, “Ən
yaxşı aktrisa” və s. olacaq.
Jurnalistlərin
«bu festivalın gələn il davamı olacaqmı» sualına
xanım milət vəkilinin cavabı belə oldu: «Bircə
onu deyə bilərəm ki, gələn il daha fərqli bir
layihə ilə qarşınıza çıxacağıq».
Gənclər
və İdman Nazirliyinin sektor müdiri Elşən
Hüseynov festivalın əhəmiyyətindən
danışdı: «Ümidvaram ki, bu festivalda iştirak edən
və qalib olan gənclər Azərbaycan mədəniyyətinə,
incəsənətinə öz töhfələrini verəcəklər.
Biz də nazirlik olaraq hər zaman bu layihəyə dəstək
verməyə hazırıq».
Festivalın
icracı direktoru Ramil Ağasıyev festival çərçivəsində
istər peşəkar, istərsə də həvəskar gənc
teatr kollektivlərində seçim
aparıldığını bildirdi: «8 Bakı, habelə
Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi
festivala ümumilikdə 100-dən atrıq gənc
qatılaraq, 13 maraqlı, aktual mövzulu tamaşalar
hazırlanıb. “Zibil düşüncə”, “13 yaşlı
qızın gündəliyi”, “Ekosid”, “Qoy nəfəs alım”,
”Zibilə düşdük”, “Oksigen balonu” və s.
tamaşalarla 4 gün ərzində
tamaşaçıları, xüsusən də gənc
auditoriyanı teatra səsləyəcək festival zamanı
tanınmış sənət adamlarının
iştirakı ilə ustad-dərslərin yer aldığı
və həyəcanla gözlənilən 3 günlük Art
Kamp keçiriləcək. Bilirsiniz ki, Art Kamplara bütün dünyada çoxlu
pullar xərclənir. Amma Azərbaycanda gənclərə bu
fürsət pulsuz olaraq yaradılacaq».
Xatırladaq
ki, millət vəkili Jalə Əliyevanın ideyası, Gənclər
və İdman Nazirliyi, eləcə də Mədəniyyət
və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş “Gənclərin
II Ümumrespublika Teatr Festivalı”na ssenari qəbulu artıq
başa çatıb. Ssenarilər səhnələşdirilmək
üçün komandalara
paylanılıb. “Bizə idea lazımdır” devizi ilə
keçirilən festivalın əsas məqsədi – gənclərdə
teatra olan marağı artırmaq, istedadlı gəncləri
teatra cəlb etmək və onlara ekologiya ilə bağlı
olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə
yönəltməkdir.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 16 noyabr.- S.- 14.