Moldovada Azərbaycan Mədəniyyəti
Günləri başa çatıb
2012-ci
il noyabr ayının 11-dən 15-dək Moldovada Azərbaycan Mədəniyyət
Günləri keçirilmişdir.
Noyabrın
14-də Moldovada Azərbaycan Mədəniyyət Günləri
çərçivəsində daha bir tədbir Beltsı
şəhərində baş tutub. Burada Azərbaycan Dövlət
Rus Dram Teatrının kollektivi "Müsyö Jordan və Dərviş
Məstəli şah" tamaşası ilə Beltsı şəhərinin
tamaşaçıları qarşısında
çıxış ediblər. M.F.Axundzadənin 200 illik
yubileyi münasibətilə hazırlanan iki hissəli səhnə
əsəri tamaşaçıların böyük
marağına səbəb olub.
Paytaxt
Kişineuda S. Lunkeviç adına Milli Filarmoniyada isə Əfqan
Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət
Azərbaycan caz ifaçılarının konserti olub. Tədbirin
əvvəlində Azərbaycan Milli Konservatoriyasının rektoru,
Xalq artisti Siyavuş Kərimi çıxış edib. O, Azərbaycanda
caz musiqisinin tarixi, inkişaf yolları, bugünkü durumu barədə
geniş məlumat verərək, musiqinin bu növünə
marağın daha da artdığını və istedadlı
ifaçılar nəslinin yetişdiyini bildirib. Artıq ənənəvi
olaraq hər il ölkəmizdə Beynəlxalq Caz
Festivalının keçirildiyini xatırıladan natiq,
tamaşaçıların bu konsertdən zövq
alacağına əmin olduğunu qeyd edib.
Tamaşaçıların böyük marağına və gurultulu alqışlarına səbəb olan konsertdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin Prezidenti Vüqar Novruzov, Türkiyə, Ukrayna, Belarusiya və Yaponiyanın Moldovadakı səfirləri iştirak ediblər.
Noyabrın 14-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kişineudakı "Odeon" Mədəniyyət Mərkəzində Ülviyə Könülün "Vəkil haradadır?" filmi nümayiş olunub.
Bununla da zəngin tədbirlər proqramı ilə yadda qalan Moldovada Azərbaycan Mədəniyyəti Günləri sona çatıb.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 17 noyabr.- S.15.