Niyazi və Fikrət Əmirovun yubileyləri qeyd olunub

 

XX əsr Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınan nümayəndələri Niyazi və Fikrət Əmirovun yubileyləri Macarıstanın paytaxtı Budapeşt şəhərində qeyd olunub.

 

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə Budapeştin məşhur "Dunay" simfonik orkestri ölkəmizin tanınmış incəsənət ustaları ilə birlikdə maestro Niyazinin 100, Fikrət Əmirovun 90 illik yubileyləri münasibəti ilə böyük konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək XX əsr Azərbaycan musiqi mədəniyyətinin keçdiyi zəngin inkişaf yolu, ünlü sənətkarlar Niyazi və Fikrət Əmirovun Azərbaycan və dünya musiqi sənətinə verdikləri böyük töhfələr barəsində danışıb.

Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında orkestr Niyazinin "Rast" simfonik muğamını, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", "Kürdovşarı" simfonik muğamlarını və "Nəsimi" baletindən süitanı ifa edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Azərbaycanın xalq artisti Azər Zeynalov və əməkdar artist Gülnaz İsmayılova yubilyarların əsərlərindən vokal partiyaları ifa ediblər. Fikrət Əmirovun "Sevil" operasından Sevilin və Balaşın ariyaları və dueti, Niyazinin "Arzu" romansı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Budapeştin mərkəzindəki "Duna Palota" sarayında keçirilən yubiley konsertində Macarıstan incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, musiqi həvəskarları iştirak ediblər.

 

 

Cəvahir Səlimqızı.

 

Mərkəz.- 2012.- 20 noyabr.- S.15.