Azərbaycan-Qazaxıstan mədəniyyət
əlaqələri müzakirə olunub
Cari ilin noyabr ayının 19-da mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda
keçirilən Qazaxıstan Respublikasının Mədəniyyət
Günləri ilə bağlı ölkəmizə səfərə
gəlmiş Qazaxıstanın mədəniyyət və
informasiya naziri Darxan Mınbayın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Qonaqları
salamlayan Ə.Qarayev Azərbaycanda növbəti dəfə
Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsindən
məmnun olduğunu bildirərək, iki ölkə
arasında mədəniyyət və turizm sahəsində əlaqələrin
genişləndiyini, bu istiqamətdə maraqlı layihələrin
həyata keçirildiyini və bunun nəticəsi olaraq
ötən illərə nisbətən bu il Qazaxıstandan Azərbaycana
gələn turistlərin sayının artdığı
vurğulayıb.
Keçmiş
sovet respublikaları arasında iqtisadi inkişaf
baxımından Azərbaycan və Qazaxıstanın ön
sıralarda olduğunu nəzərə çatdıran Nazir,
ölkəmizdə mədəniyyətə göstərilən
dövlət qayğısı, yeni mədəniyyət
ocaqları, muzey və teatrların inşası barədə
məlumat verib, iki ölkə arasında xüsusilə muzey
sahəsində təcrübə mübadiləsi həyata
keçirməyin vacibliyini qeyd edib.
Gələn
il Azərbaycanda II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyini diqqətə
çatdıran Nazir Qazaxıstanın nümayəndə heyətini
bu tədbirə dəvət edib.
Qazaxıstanın
mədəniyyət və informasiya naziri Darxan Mınbay iki
ölkənin xalqları arasında tarixi bağlardan söz
açıb, tarixi irs və adət-ənənələrin,
bugünkü əlaqələrimizin bizi birləşdirdiyini
vurğulayıb. Azərbaycanda son illər beynəlxalq əhəmiyyətli
tədbirlərin həyata keçirildiyini yüksək qiymətləndirən
qonaq, bir dost kimi ölkəmizin uğurlarına hər zaman
sevindiklərini bildirib.
TÜRKSOY-un
fəaliyyətindən də söz açan Darxan Mınbay
qeyd edib ki, türk ölkələri olaraq adət-ənənələrimizi,
mədəniyyətimizi qorumaqla xalqlarımızın mədəni
inkişafına töhfə verməliyik. Qonaq Astananın
2012-ci ildə "Türk Dünyası Mədəniyyət
Paytaxtı" və "MDB ölkələrinin mədəniyyət
paytaxtı" elan edilməsi çərçivəsində
keçirilən tədbirlərdən də
danışıb.
Görüşdə
iki ölkə arasında mədəni əlaqələrin daha
da genişlənməsinin zəruriliyi vurğulanıb, Azərbaycanda
Qazaxıstan Respublikasının Mədəniyyət Günlərinin
də bu mərama xidmət etdiyi bildirilib.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 21 noyabr.- S.-
14.