Milli Məclis TANAP layihəsi ilə bağlı iki sazişi təsdiqləyib

 

Layihə təbii qazın Azərbaycandan Türkiyəyə və oradan da xaricə nəqlini nəzərdə tutur

  

Milli Məclis “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında məsələyə baxıb.

 

Verilən məlumata görə, sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bundan başqa, Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb və qəbul olunub. Beləliklə, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş təsdiqlənib.

Xatırladaq ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin "BOTAŞ" və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. ARDNŞ ona məxsus olan səhmlərin 29%-ni "Şahdəniz" Konsorsiumundakı tərəfdaşlarına - BP, "Statoil" və "Total" şirkətlərinə təklif edib. Artıq məlum olub ki, BP və "Statoil" bu layihədə hərəyə 12%, "Total" şirkəti isə 5% pay əldə etmək niyyətindədir.

              

 

Mərkəz.- 2012.- 21 noyabr.- S.-6.