“Heç bir şou və əyləncə teatrın yerini verə bilməz”

 

Gənclər və İdman Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya  mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na ssenari qəbulu artıq başa çatıb.

Ssenarilər səhnələşdirilmək üçün komandalara  paylanılıb. “Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi-gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Qeyd edək ki, tamaşalar noyabrın 27-30-dək  Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat əlaqələndiricisi, tanınmış şair Ədalət Əsgəroğlu Gənclərin II Ümumrespublika Teatr Festivalını mədəniyyət hadisəsi kimi qiymətləndirdi…

 

- Gənclərin II Ümumrespublika Teatr Festivalını necə qiymətləndirirsiniz?

- Gözəl, təqdirəlayiq bir hadisə kimi dəyərləndirirəm bu festivalı.

Gənclərin II Ümumrespublika Teatr Festivalı hər kəs tərəfindən bəyənilən və qiymətləndirilən bir festivaldır. Bir layihə ki, ətrafına gəncləri toplayıb, gözəl bir missiyaya xidmət edir, bu layihəni yalnız alqışlamaq lazımdır. Bəziləri gənclərə nagüman yanaşır, onları qınayır, amma bu yanaşma düzgün deyil. Mən gənclərə inanıram. Gənclərin sabahına nikbin baxıram. Və ona da inanıram ki, bu festival gənclərin teatra olan marağını artıracaq və ruhlandıracaq.

- Teatrın hazırkı durumu barədə də deyərdiniz; qaneedicidirmi?

- Yox qane etmir, bunun da öz səbəbləri var. Məsələn, süni şouların baş alıb getməsi, əyləncələrə olan marağın artması və s. Amma heç bir şou və əyləncə teatrın yerini verə bilməz.  Teatr bir güzgüdür, hər kəs bu güzgüdə özünü görə bilir. Mən teatrı cəmiyyətin güzgüsü hesab edirəm. Amma bir məsələ də var ki, insanlar teatrda yeni abi-hava arzusundadır. Yenilik istəyirlər, bu yeniliyi görmədikcə şoulara, əyləncələrə meyl edirələr. Buna görə də yeni əsərlər yazılmalı və səhnələşdirilməlidir. Əslində dramuturqlar yazır. Sadəcə onlara diqqət göstərmək lazımdır. Bir də təbliğat lazımdır. Etiraf edək ki, bu gün gəncliyi maraqlandırmaq, onları teatra gətirmək üçün təbliğat işi zəifdir. Bu mənada Gənclərin II Ümumrespublika Teatr Festivalını xüsusilə qeyd etmək lazımdır. Bu festival ən böyük təbliğat vasitəsidir. Təşkilatçılara, bu festivalın ideya rəhbərinə mən xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Sağ olsunlar ki, bu qədər işlərin çoxluğunda cavanları yaddan çıxarmırlar.

- Yekun olaraq, Gənclərin II Ümumrespublika Teatr Festivalından gözləntiləriniz nədir?

- Çox şeylər gözləyirəm. Qeyd etdiyim kimi gənclərə ümidim böyükdür. Yeni nəslə teatrı sevdirmək üçün bu festival önəmli yer tutacaq. Buna görə də gəncləri ruhlandırmaq lazımdır.

Bir arzum da var; bu festival hər il keçirilsin.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2012.- 20 noyabr.- S.14.