“Həmişə qiyamçı ruhlu insan olmuşam”

 

“Milli azlıqlar məsələsinin aktuallaşması ciddi təhdidlərdən xəbər verir”

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanovanın müsahibəsi

 

- Rəbiyyət xanım, büdcə müzakirələrində siz çıxış etməsəniz də, partiya yoldaşlarınız çox tənqidi fikirlər söylədilər. Ancaq nəticə etibarilə heç nə dəyişmədi.

- Ondan başlayaq ki, tənqidlər yox, çoxlu təkliflər oldu. Millət vəkilləri təqdim olunan büdcə layihəsinin müsbət cəhətlərini qeyd etdilər, ötən illərlə müqayisədə dinamikanın olduğunu bir daha təsdiq etdilər və bu uğurun nə qədər önəmli olduğunun hər birimiz şahidi olduq. Bu, belədir. Təkcə böyük mütəxəssislər deyil, eləcə də Azərbaycan vətəndaşları təsdiq edər ki, ildən-ilə büdcəmizin artması bütün həyatımızda öz əksini tapır, göstərir, biz bunun şahidiyik. Tənqidlərin olması isə… Bu, tənqid deyildi. Yəni imkanlar artdıqca təkliflərin, tələblərin də xarakteri dəyişir. Tutalım, bu gün səslənən fikirlər 10 il bundan qabaq səslənə bilməzdi. O zamanın öz tələbləri, çağırışları, vacib olan digər məsələləri var idi. Ancaq məsələnin bu gün belə şəkildə qoyulması bizi sevindirir. Çünki bu gün bütün deputatların məsələyə dərk olunmuş yanaşması var idi və hesab edirdilər ki, dövlətin bütün məsələləri həll etmək imkanı var və bu, bir xatırlatma, yaxşı mənada tələb, seçicilərin istəklərinin səslənməsi idi. O baxımdan müzakirələrin bu cür fəal, aktiv keçməsini mən çox müsbət qiymətləndirirəm. Nəticə də olacaq. Yəni 20 milyarddan artıq bir məbləğ verilib və bu böyük məbləğin xərclənməsi, bunun Azərbaycanın ictimai-siyasi, sosial, mədəni həyatında oynayacaq rolu biz hər birimiz görəcəyik.

- Yəni gələn il müəllimin, həkimin maaşına, pensiyaçının təqaüdünə 10 faizlik artım olacaq? Hətta siz özünüz də bayaq müəllim maaşınızın qaneedici olmadığını dediniz. Ancaq bu gün müəllimlərin böyük əksəriyyəti 120-150 manat arası əməkhaqqı alır, onlar nə etsinlər?

- Gəlin belə danışaq, əgər bugünkü büdcənin imkanı ancaq buna çatırsa, biz əlavə pulu haradan alaq ki, birdən-birə elə mənim müəllim maaşım min manata qaldırılsın? Söhbət ondadır ki, əlimizdə olan məbləğ, imkanlar budur. Əgər çoxlu məbləğ, imkan olsaydı, biz onu kənara qoyub bunu Azərbaycan vətəndaşının rifahı üçün istifadə etmiriksə, o zaman, əlbəttə ki, hansısa bir iddia, tənqid haqlı olardı. Amma bu, belə deyil. Bu büdcə o qədər şəffafdır ki, həmçinin büdcənin müzakirəsi bir daha Azərbaycan vətəndaşına göstərir ki, əlimizdə olan məbləğ budur. Yəni bunu necə bölməliyik ki, hər bir kəsə pay düşsün, dövlətin sabahı, müdafiə qabiliyyəti, ehtiyat fondu üçün də pul qalsın.

- Bir çox hallarda problemlərdən danışılır, bununla iş bitmiş sayılır. Hətta YAP-çı həmkarlarınızdan biri eyni problemdən danışmaqdan yorulduğunu dedi.

- Yox, mən bununla razı deyiləm. Ötən illərin stenoqramına baxsanız, görərsiniz ki, deyilən hansı məsələlər öz təsdiqini tapıb. Deputatların təkliflərinin 99 faizi öz həllini tapıb.

- İpoteka məsələsi həllini tapmayıb, gənclərlə bağlı, müəllim və həkimlərin dövlət qulluqçusu statusu ilə bağlı məsələ havada qalıb. İndiki dövrdə 10-15 manata uşaq saxlamaq olarmı?

- Gəlin belə düşünək ki, deyilən bütün məsələlər öz həllini tapdı. Problemsiz ölkə yoxdur. Büdcənin müzakirəsi də məhz ona yönəlir ki, hər birimiz birlikdə, kollektiv olaraq bu problemin həlli üçün öz töhfəmizi verək. Bu, bir ailəyə bənzəyir ki, pulu necə xərcləyək. Bu gün Azərbaycanda ailə başçısı bütün vətəndaşları fikirləşən, onların sosial problemlərinin həllində maraqlı olan şəxsdir. Ancaq ailə üzvlərinin hamısına bərabər baxmaq olmur, işləməyənlə işləyənə fərq qoymaq lazımdır. Bu gün ölkəmizdə, doğrudan da, çalışan, öz bilik və bacarığı ilə çox imkanlı şəxslərə çevrilən insanlar var, gəlin bunu da deyək. Müəllimlər, alimlər, həkimlərlə əlaqədar isə…Yaxşı müəllim, yaxşı həkim, çox bilikli elm adamı həmişə cəmiyyətdə yüksək qiymətləndirilib. Ancaq belə bir fikir var ki, müəllimlərin hamısı eyni qaydada yüksək maaş almalıdır. Mən bununla razı deyiləm. Müəllimlərin, həkimlərin, alimlərin attestasiyası keçirilməlidir. Müəllimlərin sayı çox olsa da, yaxşı müəllimə ehtiyac var. Mən özüm 40 ildən çoxdur ki, BDU-da dərs deyirəm. Amma deyə bilmərəm ki, BDU-nun məzunlarının hamısı çox gözəl müəllimlər olacaq. Ona görə xüsusi seçimlə yanaşılmalı, yaxşı müəllimə və həkimə yaxşı maaş da verilməlidir. Əks təqdirdə o müəllimlə o birisi arasında bərabərlik işarəsi qoyulursa, bu zaman müəllimlik statusu da dəyərsizləşir.

- Bilirik ki, həyatınızın yeni dönəmi ilə bağlı danışmağı xoşlamırsınız…

- Bu, mənim öz işimdir, öz daxili həyatımdır. Mən çox istərdim ki, bu gün jurnalistlər insanların iç dünyasına, daxili aləminə nüfuz etməyə çalışmasınlar. Qapını döyməmiş içəri girən qonaq necə olar?

- Hər halda xoşbəxtlik, ailə səadəti arzulayırıq.

- Çox sağ olun.

- Bu mərhələdə sizin müəyyən proseslərdən məsafə saxlamağınızı, ehtiyatlı yanaşmanızı müşahidə etdik. Hər hansı qadağa-filan yoxdur?

- Qətiyyən. Ehtiyatlı yanaşma mənlik deyil. Rəbiyyət Aslanova həmişə qiyamçı ruhlu insan olub və hadisələrə də münasibətində hansısa bir ehtiyatlılıq və qadağalardan söhbət gedə bilməz. Çünki əks tərəf demokratik ruhlu bir insandır. Ona görə də bir-birimizin fikrinə çox hörmətlə yanaşırıq.

- Rusiyada Azərbaycanla bağlı baş verənlərə, Putinin yaratdığı iddia olunan “Milyarderlər ittifaqı”na siz də biganə deyilsiniz, yəqin. Bu barədə nə deyə bilərsiniz?

- Mən bu məsələnin mahiyyətini bilmədiyimdən danışmağa çətinlik çəkirəm. Çünki birdən-birə gözlənilməz bir hal ortaya çıxdı. Uzunmüddətli bir proses olsaydı, o halda nəsə demək olardı. Mən bu təşkilatın hansı məqsədlə, niyə yaradıldığını, onun fəaliyyət prinsiplərinin nədən ibarət olduğunu bilmirəm.

- Azərbaycanın şimal bölgəsində baş verənlər, “Sadval” kartının işə salınması barədə nə demək olar?

- Mən şimal bölgəsində baş verən hadisələrin bununla əlaqəsinin olduğuna inanmıram. Çünki “Sadval”ın fəaliyyəti bizə çoxdan məlumdur. Bu təşkilatda bölücülük məsələsi həmişə olub və mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanda o multikulturalizmin təntənəsinin bariz şahidi olduğumuz bir zamanda belə məsələlər gündəmə gəlir. Ancaq milli azlıqlar məsələsi Azərbaycan üçün o qədər vacib və önəmli məsələdir ki, bununla əlaqədar Azərbaycanda heç vaxt problem yaşanılmayacaq. Son zamanlar beynəlxalq təşkilatların böyük əksəriyyətində ayrı-ayrı ölkələrdə milli azlıqlar məsələsi müzakirə obyekti olur. Bu həm də ərazi bütövlüyü, dövlətin suverenliyi məsələsinə qarşı yönəlmiş bir təhdidlərdir. O baxımdan son zamanlar bu məsələnin aktuallaşması ciddi təhdidlərdən xəbər verir.

- İnsan hüquqları komitəsinin sədri kimi son vaxtlar qanunların sərtləşdirilməsi tendensiyasını nə ilə izah edərdiniz?

- Cəmiyyət qanunların aliliyini qəbul etməli, hansı cəmiyyətdə yaşayıram prinsipini özü üçün müəyyən etməlidir: cəzasızlıq mühitindəmi, yoxsa qanunun şah olduğu bir cəmiyyətdə. Ancaq bəzən bizdə bir fikir yaranır ki, müəyyən məqamda qanunu adlayıb keçmək də olar. Əgər söhbət razılaşdırılmamış aksiyalardan gedirsə, bu, razılaşdırılmalıdır. Bir anlığa təsəvvür edin ki, biz heç bir qanunları qəbul etmir, istədiyimiz addımı atırıq, başqasının hüquqlarını tapdayırıq, onda nəticədə xaotik bir cəmiyyət yaranacaq. Xaotik cəmiyyətin yaranmaması üçün biz bilməliyik ki, mənim azadlığım harada başlayır, harada bitir.

- Bəs Bakı merinin azadlığı haraya qədərdir?

- Bakı merinin azadlığı öz səlahiyyətləri çərçivəsindədir. Ona verilmiş səlahiyyətlərdən kənara çıxa bilməz. YAP göstərilən ünvanda aksiyasını keçirirsə, niyə müxalifət bundan imtina edir? Biz heç vaxt Azadlıq meydanında mitinq keçirtməmişik. Görürsünüz, Bakıda nə qədər abadlıq, quruculuq işləri gedir? Hətta mən bu gün evdən buraya saat yarıma gəlmişəm.

- Çox qəddarsınız, Rəbiyyət xanım, baxmayaraq ki, gülərüzsünüz…

- Qəddar deyiləm, həqiqəti deyirəm.

 

 

Mərkəz.-2012.- 20 noyabr.- S.- 4.