Misralarının ardından boylanan şair

 

Xətri əziz Vahid Əziz, doğum gününüz mübarək!

 

Şair var, şeirlərindən çox özü görünür. Bir misrası belə yadda qalmayıb, amma gecə-gündüz tribunalardan düşmür. Belələrinə kağız oğrusu deyərdim.

Şair də var, özündən çox sözü görünür. O da belələrindəndir, özünü qabağa verənlərdən yox, şeirləri ilə ürəkləri oxşayan, həm də ovsunlayanlardandır. Onu sevməmək sadəcə mümkün deyil. Bu gün doğum günüdür. Mübarək olsun! Şeirləri ilə dünyanı işığa qərq edən, misraları ilə nisgilli könüllərə məlhəm olan, ürəklərdən tikan çıxaran gözəl insan, gözəl şair, gözəl dost Vahid Əzizi deyirəm. Gözəlləri görəndə «yaşını gizlətməyə» çalışan, «şair şorgöz olmur, gözəlbaz olur»-deyib də özünü gözəllərə sevdirən Vahid Əzizi… Lütfən bu xoş sözləri şairin doğum günü şərəfinə söylədiyim tost kimi qəbul etməyin. İçdən gələn, səmimi sözlərimdir…

 

Hərdən istəyirəm bir xata yapam,

Gizlədəm yaşımı gözəl görəndə.

Hərdən axtarıram özümü tapam,

Payız bağlarında xəzəl görəndə…

 

Amma biz Sizi hər zaman şeirlərinizdə tapa bilirik. Özünüz tez-tez görünməyi xoşlamasanız da, misralarınızın ardından boylanırsınız və istəsəniz də, istəməsəniz də bizimlə bərabərsiniz. Elə biri mən,  hər gün evimdə, kitab rəfimi bəzəyən «Alça çiçəyinə bənzəyən ömür» kitabınızın üz qabığındakı fotonuzla salamlaşır, şeirlərinizlə söhbətləşirəm. Çox sevdiyim və tez-tez xatırladığım bu şeirinizi söyləyirəm.

 

- Bilməz idim, daşım belə ağırdı,

Bəxtim belə biçarədir, fağırdır,

Gedəcəyəm, göylər məni, çağırdı

Daha yerdə qalmaq olmur, əzizim!

 

Vahid müəllim, insan bəzən yer üzünün nadanlıqlarından bezib, göy üzünə köç etmək istəyir. Hətta ən sakit, ən səbirli, ən dözümlü Allah bəndəsi belə «boğaza yığılanda» bu dünyaya üsyan etmək, bəzən də hönkürmək istəyir. Elə mən də…

 

Mən hönkürmək istəyəndə -

Suya girmək istəyirəm,

Mən hönkürmək istəyəndə -

Yer süpürmək istəyirəm,

Mən hönkürmək istəyəndə -

Bərk tüpürmək istəyirəm.

 

Amma doğum gününüzdə bu nadanlıqlardan, bu çirkablardan danışıb qanınızı qaraltmaq istəmirəm. İnşallah, bir gün oturub, dostyana dərdləşərik, ürəyimizi boşaldarıq. Axı siz həm də ən səmimi dostsunuz. Həm də mənim ən səmimi müsahibimsiniz. Sevinirəm ki, illər bu səmimiyyətə zərrə də olsun, kölgə salmayıb.

 

Çarə olmaz vaxt belini əyənə,

Bəla gələr gül xətrinə dəyənə,

 Vahid Əziz vəfasızmış” – deyənə

 Sənə qurban bu Əzizdideyəsən

 

Sevən ürəklərin, nisgilli könüllərin, duyan qəlblərin simsarı, həmişə, hər yerdə, hər zaman xətri əziz olan Vahid Əziz, doğum gününüz mübarək! Sevənləriniz əskik olmasın, xətriniz həmişə belə əziz olsun, qələminizin mürəkkəbi heç zaman qurumasın!

 

Beləcə

İllərin üstünə bir il gəldi,

Zirvədə qar üstə qonan qar kimi.

İnsan olmasaydım, çiçəkləyərdim,

Hər bahar fəslində ağaclar kimi.

 

Yaşınızın üstünə yaş gəlməsindən asılı olmayaraq, həmişə belə cavan, şux, şövqlü olasınız!

 

 

Cəvahir  Səlimqızı

 

Mərkəz.- 2012.- 24 noyabr.- S.14.