Moskvada Mirzə Fətəli Axundzadənin
abidəsi ucaldılıb
Moskvada
Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə
Fətəli Axundzadənin abidəsi ucaldılıb.
M.İ.Rudomino
adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat
Kitabxanasının atriumunda Azərbaycanın görkəmli
yazıçısı, filosofu və humanisti Mirzə Fətəli
Axundzadənin abidəsinin açılış mərasimi
olub. Layihə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və
M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat
Kitabxanası ilə birlikdə həyata keçirilib.
Abidənin
müəllifi gənc Azərbaycan heykəltəraşı, V.İ.Surikov
adına Moskva Dövlət İncəsənət İnstitutunun
məzunu, Moskva Rəssamlar İttifaqının üzvü, məşhur
heykəltəraş Aleksandr Rukavişnikovun şagirdi Zaur
Rzayevdir.
Təntənəli mərasimi kitabxananın baş direktoru Yekaterina Geniyeva açıb. O, Moskvada M.F.Axundzadənin abidəsinin qoyulmasını iki xalqın mədəni həyatında əhəmiyyətli hadisə adlandırıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki,
bu gün iki ölkənin mədəniyyət və
qarşılıqlı münasibətlər
tarixində əlamətdar
hadisədir, "belə
ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız
və mədəniyyətlərimiz
arasında dostluğun
təməlini qoymuş
bir insanın abidəsi açılır". O, razılıq
hissi ilə deyib ki, qədirbilən
nəsillər M.F.Axundzadə
kimi görkəmli şəxsiyyətləri unutmurlar.
Səfir
dahi azərbaycanlının
abidəsinin dünyanın
mədəni paytaxtlarından
birində ucaldılmasının
əhəmiyyətini xüsusilə
qeyd edib.
Abidənin müəllifi Zaur Rzayev deyib ki,
dahi M.F.Axundzadənin obrazı üzərində
işləyərkən onun
məsləhətçisi, xalq rəssamı Tahir Salahov olub.
Rusiyanın tanınmış şairi
və Rusiya Federasiyası İctimai Palatasının üzvü
Andrey Dementyev qeyd edib ki,
M.F.Axundzadə Azərbaycanla
Rusiya arasında, Azərbaycanla dünya arasında böyük körpüdür. O, öz yaradıcılığı ilə
Rusiya-Azərbaycan mədəni
əlaqələrini məhz
iki xalqın mənafeyinə uyğun formatda təcəssüm etdirir, buna görə
də qarşılıqlı
mədəni mübadilədə
böyük əlaqələndirici
körpü rolunu oynayıb. O deyib: "Azərbaycan öz görkəmli adamlarının,
yazıçılarının, mədəniyyət və
elm xadimlərinin xatirəsini
son dərəcə əziz
tutur və bu, çox yaxşıdır".
Sonra tədbir
kitabxananın Dəyirmi
salonunda M.F.Axundzadənin
"İnsan zəkası
- ilahi ərməğan..."
adlı seçilmiş
əsərlərinin təqdimatı
ilə davam edib. Azərbaycan Milli
Elmlər Akademiyasının
Fəlsəfə İnstitutunun
direktoru İlham Məmmədzadə, kitabın
tərtibçiləri - tarix
elmləri doktoru, kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin
direktoru İlya Zaytsev və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı,
tarix elmləri doktoru Fərid Ələkbərli rus və Azərbaycan dillərində nəşr
olunmuş seçilmiş
əsərlər üzərində
apardıqları işdən
danışıblar. Qeyd edilib
ki, ilk dəfə olaraq iki dildə
hazırlanmış bu
nadir nəşrin müqəddiməsini
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. Çıxış edən alimlər
və dilçilər
M.F.Axundzadənin şəxsiyyət
və yaradıcılığı
barədə fikir mübadiləsi ediblər.
Sonda Moskva Dövlət Linqvistika Universitetinin tələbələri
M.F.Axundzadənin "Şərq
poeması"ndan parçalar
səsləndiriblər.
Tədbirdə Moskvanın elmi və mədəni elitasının nümayəndələri
iştirak ediblər.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 27 noyabr.- 15.