Qahirə Beynəlxalq Kinofestivalının açılışı olub

 

Müsabiqədə azərbaycanlı rejissor Vahid Mustafayevin "Xoca" filmi də iştirak edir

 

Misirdəki çətin ictimai-siyasi vəziyyətə baxmayaraq, nəhayət ki, bu gün Qahirə beynəlxalq kinofestivalının açılışı baş tutub. ANS-in xüsusi müxbiri Natavan Müseyibovanın Qahirədən verdiyi məlumata görə, Misirdə baş tutan hökumət əleyhinə etiraz aksiyaları kinofestivalın təşkilatçılarını festivalın təntənəli açılışını noyabrın 27-dən 28-nə keçirməyə vadar edib.

Qeyd edək ki, müsabiqədə azərbaycanlı rejissor Vahid Mustafayevin “Xoca” filmi də iştirak edir. Bu film noyabrın 30-da iki dəfə saat 10:00-da və 21:30-da nümayiş olunacaq.

Vahid Mustafayevin filmi Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq kinofestivalda müsabiqədən kənar iştirakçı kimi çıxış edib və mətbuatda böyük əks-sədaya səbəb olub.

ANS-in xüsusi müxbiri saytın oxucularına “Xoca” filminin nümayişinin beynəlxalq kinofestivalın tamaşaçılarında və iştirakçılarında doğurduğu təəssüratlar barədə ətraflı məlumat verəcək.

 

 

Mərkəz.- 2012.- 29 noyabr.- S.- 14.