20 ölkənin
gəncləri Bakıya
ayaq açdı
VIII “START” Gənclərin
Beynəlxalq Film Festivalı
keçirilir
VIII
“START” Gənclərin
Beynəlxalq Film Festivalı
ilə əlaqədar
mətbuat konfransı
keçirildi. Tədbirdə
kinorejissor Elxan Cəfərov, ekspert jurnalist və publisist İlhamiyyə Rza, “START” tələbə
filmləri festivalının
direktoru Fehruz Şamıyev, media nümayəndələri
və başqaları
iştirak ediblər.
Qeyd edək ki,
festival 28, 29, 30 noyabr tarixlərində Gənclər və İdman Nazirliyi, Mədəniyyət
və Turizm Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin
təşkilatçılığı ilə reallaşacaq.
Mətbuat konfransında çıxış
edən VIII “START” Gənclərin
Beynəlxalq Film Festivalının
prezidenti Fehruz Şamıyev bildirdi ki, ilbəil
əhatə dairəsini
genişləndirən festival bu il bir
çox yeniliklərlə
yadda qalacaq. “Qafqazın ən böyük qısametrajlı film yarışması
olan “STAR”-a bu il Azərbaycan, Türkiyə,
Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250-dən çox
film göndərilib. Seçim
komissiyası festivalın
müsabiqə proqramına
animasiya, bədii və sənədli film növlərini əhatə
edən 87
film daxil edib”.
Onun sözlərinə görə,
festivalda daha bir yenilik “Yerli”
və “Beynəlxalq” yarışma proqramlarının
olmasıdır.
“Bununla yerli müəlliflərə şans
verilir. Onlar filmlərinin səviyyəsini nəzərə
alıb işlərini
festivalın “Yerli” müsabiqə proqramına
göndəriblər”.
F.Şamıyev qeyd edib ki, müsabiqəyə təqdim olunan yerli və əcnəbi
ekran əsərləri
Avropanın tanınmış
festivallarında mükafat
almış kinematoqrafçılar
və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək. Festivalda iki – “Yerli” və “Beynəlxalq” müsabiqə
proqramı olduğundan
jüri üzvləri də bu proqrama əsasən
seçilib. “Yerli”müsabiqədə
filmlər 3 nəfərdən
ibarət yerli münsiflər heyəti: kinorejissor Elxan Cəfərov, İlqar Safat və “New Baku
Post” qəzetinin təsisçisi,
jurnalist Tural Əliyev tərəfindən
qiymətləndiriləcək. “Beynəlxalq” müsabiqədə
isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçəcək. Yeniliklərimizdən
biri də məhz bu jürinin
seçilməsidir. Bu, festivalın
tarixində bir ilk olacaq. Belə ki, VIII “START” Gənclərin Beynəlxalq
Film Festivalı Azərbaycanın
ilk qadın kinorejissoru
Qəmər Salamzadəyə
ithaf olunduğundan beynəlxalq müsabiqənin münsiflər
heyətinin üzvləri
də yaradıcı,
sənətdə öz
sözlərini demiş xanımlardan ibarət olacaq. Onlar Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının sədri
Şəfiqə Məmmədova,
iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist, PR mütəxəssis
İlhamiyyə Rza,
rusiyalı prodüser
Yelena Yatsura, polşalı
rejissor Culiya Kolbergerdir.
Müəlliflərin ekran əsərləri
“Ən yaxşı
bədii film”, “Ən yaxşı sənədli
film”, “Ən yaxşı
cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film- Qran Pri” uğrunda
yarışacaq.
Festivalın beynəlxalq jüri
heyətinin üzvü
ekspert jurnalist, publisist, PR mütəxəssis İlhamiyyə
Rza münsiflər heyətinin xüsusi incəliklə və maraqlı seçildiyinə
diqqət çəkdi.
“Kino festivalın münsiflər
heyətində jurnalist
də, aktyor da, prodüser də olmalıdır. Fikrimcə, filmi ictimai və həlli baxımından qiymətləndirmək üçün ona hərtərəfli baxış
mütləqdir. Festivalın
işinə uğurlar
arzulayıram. Ümid
edirəm ki, sondakı nəticələr
bizim hamımızın
gözləntilərini doğruldacaq”.
Kinorejissor İlqar Safat festivalın kino çəkməyə yeni
başlayan rejissorlar üçün xüsusi
əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
“Biz vaxtilə belə
festivallardan məhrum idik. Sevinirəm ki, indi bu
səpkili festivallar
var. Belə festivallar gənclərə əlaqələrin
qurulmasına, xarici kino prosesləri ilə tanış olmağa şərait yaradır”.
“Mən çox sevinirəm ki, festivalda məhz gənclərin işləri
nümayiş olunacaq.
Bu o deməkdir ki, gənclərin
kinoya , festivala həvəsi var və bu həvəs
ildən ilə artır”, -deyə Elxan Cəfərov bildirib.
Məlumat üçün bildirək
ki, “START” Gənclərin
Beynəlxalq Film Festivalı
ilk dəfə olaraq
2004-cü ildə “Cinema” Gənc
Kinematoqrafçılar Mərkəzi
tərəfindən təsis
edilib. Azərbaycanın
ilk peşəkar rejissoru
Səməd Mərdanovun
adını daşıyan
festival növbəti illərdə
digər ölkələrin
tələbələrini də
özünə cəlb
etməklə əhatə
dairəsini daha da genişləndirdi. Çünki “START”-ın
təşkilatçı və
təsisçilərinin məqsədi
regionda (Yaxın Şərq, MDB) ən mötəbər tələbə
film festivalının məhz
Azərbaycanda keçirilməsinə
nail olmaq idi. Beləliklə, artıq
2005-ci ildən festival beynəlxalq
xarakter daşımağa
başlayıb. 2011-ci ildən
“START” həm də gənc kinematoqrafçıların
da festivalı olub. Hazırda kinoforumda tələbələrlə
yanaşı
yaşı 35-ə qədər
olan gənc rejissorlar da həvəslə iştirak
edir.
Bu ildən isə festivalın saytı
filmfestival.az adı altında
fəaliyyət göstərir.
İki dildə istifadəçilərin öhdəsinə
verilən sayt festival haqda informasiyanın tez yayılmasına, daha çox tələbə və gəncin festivalda iştirakına şərait
yaradır.
Minimum güzəşt və maksimum istedad devizi ilə bu il səkkizinci
dəfə
baş tutacaq festivalın məqsədi kino sahəsində tələbələrin
əsərlərinin baxışını
və müzakirəsini
keçirmək, aralarında
ən istedadlılarını
müəyyən etmək,
gənc müəlliflərə
dövlət qayğısını
və diqqəti artırmaq, onları həvəsləndirmək və
bu sahədə dünya praktikasında baş verən proseslərlə tanış
etməkdir. Bununla yanaşı hər il Azərbaycanda gənc kinematoqrafiyanı və onun problemlərini
diqqət mərkəzinə
gətirən festival əsasən
azərbaycanlı tələbələrin
kinoda gələcək
istiqamətlərini dəqiqləşdirməsinə
imkan verir. “START” həm də yerli tələbə rejissorların əcnəbi
həmkarları ilə
əlaqələr qurmasında
start nöqtəsidir.
Cəvahir Səlimqızı
Mərkəz.- 2012.- 28 noyabr.- S.-
14.